Rus milyarderləri bu il nə qədər itirib?
Ən varlı rusların ümumi sərvəti 2022-ci ilin əvvəlindən 94 milyard dollar azalıb. Belə məlumatları dünyanın 500 ən varlı adamının sərvətini izləyən Bloomberg Milyarderlər İndeksində dəyişiklikləri tədqiq edən TASS agentliyi təqdim edir.
Bir ay əvvəl bu itkilər cəmi 54 milyard olub. Mütləq ifadədə ən çox itirən Aleksey Mordaşov (9,8 milyard itirib, indi onun sərvəti 19,1 milyard qiymətləndirilir), Gennadi Timçenko (mənfi 9,7 milyard, indi - 12,8 milyard) və Vladimir Lisin (mənfi 9,1 milyard, indi - 18,9 milyard) olub. Faiz baxımından, Viktor Vekselberg itkilərə görə lider oldu - onun sərvəti 60%-dən çox azalaraq, 11,2 milyarda düşüb.
Rusiya və Ukrayna arasında danışıqlarda tez-tez vasitəçi kimi adı çəkilən Roman Abramoviç sərvətinin demək olar ki, yarısını itirib - 8,3 milyard dollar azalıb və hazırda onun sərvəti 9,7 milyard qiymətləndirilir.
Hazırda Bloomberg Milyarderlər İndeksinə 27 rusiyalı daxildir.
Rusiyanın Ukraynaya təcavüzündən sonra, Qərbin fikrincə, Kremllə əlaqəsi olan bir çox iri iş adamları sanksiyalara məruz qalıb. Onların ABŞ, Böyük Britaniya və Avropa İttifaqındakı aktivləri dondurulub.