Vətəndaşla təcili yardım sürücüsü arasında qalmaqal: “Səs siqnalı qoşmağa icazə verilmir” - AÇIQLAMA + VİDEO
Sosial şəbəkələrdən birində təcili tibbi yardım maşınında körpəsini xəstəxanaya aparan vətəndaş və sürücü arasındakı dialoq etirazlara səbəb olub. Videogörüntüdən belə aydın olur ki, körpə övladının qan itirdiyini iddia edən valideyn təcili tibbi yardım sürücüsündən səs siqnalından istifadə etməsini tələb edib. Tıxacda qalan sürücü isə vətəndaşa “müdiriyyət bizə icazə vermir. Get, şikayət elə” cavabını verib.
TƏBİB-in Mətbuat Xidməti məsələ ilə bağlı Bizim.Media-nın sorğusunu cavablayıb.
Qurumdan bildirilib ki, görüntülərdə əks olunan məqamlar araşdırıldıqdan sonra xüsusi işıq və səs siqnallarından istifadəyə zərurət olub-olmadığı müəyyən oluna bilər:
“Görüntülərdə xəstəyə, sürücüyə, avtomobil vasitəsinə dair məlumatların əks olunmaması dəqiqləşdirməni çətinləşdirir. Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək. Məlum olduğu kimi, təcili tibbi yardım ambulansları, sanitar avtomobillər operativ, üstün keçid hüququ olan nəqliyyat vasitələri hesab olunur.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərti ilə xüsusi tapşırıqları yerinə yetirərkən (təxirəsalınmaz çağırışı icra edərkən, ağır xəstələri təxliyə edərkən) xüsusi işıq və səs siqnallarından istifadə edə bilərlər.
Sanitar avtomobillərdə xüsusi işıq və səs siqnallarından sadəcə təyinatından kənar hallarda istifadə qanunun tələbinə uyğun olaraq məhdudlaşdırılır.
Xüsusilə qeyd edilməlidir ki, TƏBİB tərəfindən təcili tibbi yardım ambulanslarında işıq və səs siqnallarından təyinatına uyğun olaraq istifadə, eləcə də digər yol iştirakçılarına işıq və səs siqnallarından istifadə edən ambulansların rahat hərəkəti üçün şərait yaratmaları tövsiyə olunur”.