Qiymətlər nəyə görə yalnız bahalaşır?
Bəzi hallarda real inflyasiya göstəricisi maksimum həddi 5-6 dəfə üstələyir
Bu gün bütün Azərbaycan vətəndaşlarını maraqlandıran ən vacib sual məhz budur - qiymətlər nədən yalnız bahalaşır, heç ucuzlaşmır?
Məsələyə obyektiv yanaşma sərgiləmək üçün bir vacib məqamı vurğulamaq yerinə düşərdi. Dünya iqtisadiyyatının inkişafı ilə yanaşı inflyasiyanın da irəliləməsi iqtisadi qanunauyğunluğa çevrilib - yəni dünya iqtisadiyyatı inkişaf etdikcə qiymətlər bahalaşır. 60 il əvvəl dünya bazarında neftin qiyməti 6-9 dollar arasında dəyişirdi, bu gün neftin qiyməti 40 dollara yaxınlaşsa, dünya iqtisadiyyatını böhran bürümüş olar. Yəni qiymətlərin artım tendensiyası iqtisadiyyatın inkişafı ilə birlikdə irəliləyir. İqtisadi nəzəriyyəyə görə inflyasyanın illik göstəricisinin maksimum həddi 3 faizdirsə, bu nörmal inkişaf trendlərundən xəbər verir. Bu həddən yüksək olan hər bir vahid faiz dərəcəsi problemlərdən xəbər verir.
Azərbaycanda isə rəsmi rəqəmlərə görə son illər inflyasiyanın illik göstəricisi 10 faizdən çox olub. Bəzi hallarda real inflyasiya göstəricisi maksimum (3 faiz) həddi 5-6 dəfə üstələyib. Məhz vətəndaşlarımızı da maraqlandıran məsələ budur ki, nə üçün qiymətlər bu qədər sürətlə bahalaşır. Hətta, bazar iqtisadiyyatı modelini bu faktor vətəndaşlarımızın gözündən salmaqdadır. Yaşlı nəsil düşünür ki, sovetlər dönəmində qiyməti dövlət qoyurdu, bu qiymətləri bahalaşdırmaq isə cinayət əməli sayılırdı, indi də o mexanizmi tətbiq etmək lazımdır. Lakin bazar iqtisadiyyatının əsas prinsipi azad qiymət və amansız rəqabətdir. Bazar iqtisadiyyatının tətbiq edildiyi ölkələrdə hökumətlər rəqabət məcəlləsini sahibkarları haqsız rəqabətdən qorumaq üçün qəbul edir.
Məsələn, Amerikanın rəqabət məcəlləsinə görə, bazar tələbi olmadan məhsulu maya dəyərindən ucuz qiymətə satmaq qadağandır. Çünki böyük kapital sahibləri bir müddət istehsal etdiyi məhsulu maya dəyərindən aşağı satıb, rəqiblərini müflisləşdirə və bazar seqmentini tam ələ keçirməklə inhisarçıya çevrilib, qiymətləri bahalaşdıra bilər. Yəni hökumət hər vəchlə sahibkarların inhisarçılığa gedən yolunu kəsir ki, rəqabət mühiti daim iqtisadiyyatda hökmüran olsun.
Bazar iqtisadiyyatı modelində rəqabət üç əsas göstəricini stimullaşdırır. Birincisi rəqabət mühitində sahibkarlar rəqib qarşısında üstünlük əldə etmək üçün daha cox məhsul satmağa və daha çox gəlir əldə etməyə çalışır. Bu halda bazarda təbii olaraq mal-məhsul bolluğu yaranır. Bolluq isə təklifin artmasına, bununla yanaşı qiymətin ucuzlaşmasına səbəb olur.
Göründüyü kimi, rəqabət bolluğu şərtləndirməklə qiymətlərin ucuzlaşmasına, bazarda ədalətli qiymətin formalaşmasına şərait yaradır.
Rəqabətli iqtisadiyyatda sahibkar daim rəqibinə rəğmən bazarda təşəbbüsü ələ almağa, onun qarşısında üstünlük qazanmağa fürsət axtarır. Ona görə də məhsulun maya dəyərində ucuzlaşma qeydə alınan kimi sahibkar qiyməti azaldır, bununla daha çox müştəri əldə etməyə çalışır. Azərbaycanda isə hökumət məhsulu vergidən azad edir, maya dəyərini azaldır, buna baxmayaraq qiymət ucuzlaşmır.
Digər tərəfdən, bayramlar ərəfəsində məhsul satışı artır, sözsüz ki, bununla bərabər sahibkarın mənfəəti də artır. Rəqabətli iqtisadiyyatda fəaliyyət göstərən sahibkar həmin artan mənfəətin bir hissəsini müştərilərə güzəştə gedərək qiymətləri ucuzlaşdırır. Bu heç də sahibkarın müştıriyə "məhəbbətindən" irəli gəlmir, sahibkar rəqibi qarşısında uduzmaqdan qorxduğu üçün bu addımı atır.
Rəqabətin tənzimlədiyi üçüncü göstərici isə keyfiyyətdir. Sahibkar yenə eyni məqsədlə məhsulun qiymətini sabit saxlamaqla keyfiyyətini artırmaq üçün texnologiya axtarışında olur. Uzun axtarışlardan sonra sahibkar bu sahənin elm adamlarına müraciət edir, onlardan intellek - səmərəliləşdirici layihələr alır. Həmin layihələrlə sahibkar keyfiyyəti artırır, xərclərini isə azaldır. Diqqət edirsinizsə, rəqabət bütün bazarları, o cümlədən də nou-xau (intellekt) bazarını hərəkətə gətirir. Bir tərəfdən sahibkar bazarda keyfiyyəti yüksəldib, qiyməti azaldıb, rəqib üzərində üstünlük qazanır, digır tərəfdən isə bundan müştərilər qazanır - ucuz və keyfiyyətli məhsul və ya xidmət təklif edir.
Bəli, əziz oxucular, Azərbaycan cəmiyyətinin əsas iqtisadi bəlası məhz rəqabəti əvəzləyən, onu sıradan çıxaran inhisarçılıqdır. İnhisarçı sahibkarın bazarda rəqibi olmur. Bu səbəbdən də inhisarçılar qiyməti ucuzlaşdırmaq və keyfiyyəti artırmaq barədə düşünmür, onların belə bir hədəfi olmur. İnhisarçı qiyməti artırmaq və keyfiyyəti azaltmaqla daha çox mənfəət əldə etməyi özünə məqsəd seçir. Ona görə də bazarlarımız baha və keyfiyyətsiz məhsul və xidmətlərlə doludur.
Bayram günlərində isə inhisarçı eyni düşüncə ilə dövriyyəsi artdığı üçün daha çox qazanmaq amacı ilə qiymətləri artırır. Ona görə də bütün dünyada bayramlar ərəfəsində qiymətlər ucuzlaşdığı halda, Azərbaycanda tam tərsini müşahidə edirik - qiymətlər bahalaşır.
Azərbaycan iqtisadiyyatında inhisarları üç qrupa bölmək olar: dövlət inhisarçılığı, oliqarxiya (məmur inhisarçılığı) və klan inhisarçılığı.
Məsələn, normal bazar iqtisadiyyatında sahibkar daha çox məhsul satmağa can atmalıdır, amma "Azərsu" ASC, "Azəriqaz" İB və digər dövlətə məxsus inhisarçı şirkətlər əhaliyə müraciət edir ki, onların satdığı məhsullara qənaət etsinlər. Əslində rəqabətli iqtisadiyyatın sahibkarları əsla belə bir bəyanat barədə düşünməz, əksinə, daha çox məhsul satmaq üçün reklamlara milyonlar xərcləyirlər.
Son zamanlar oliqarxiya inhisarçılığını iqtisadiyyatımızda klan inhisarçılığı əvəz etməkdədir. Ancaq bunun cəmiyyət üçün o qədər də əhəmiyyəti yoxdur, çünki bütün inhisarçının iqtisadi təbiəti və mahiyyəti eynidir.
Sonda onu qeyd edim ki, ölkə iqtisadiyyatında nə vaxta qədər inhisarçılıq hökmüran mövqedə olacaqsa, o vaxta qədər ölkəmizdə ucuz və keyfiyyətli mal və xidmət tapmaq mümkün olmayacaq. İnhisarçılığı amansız rəqabət əvəzləməlidir. Sözlə bunu ifadə etmək çox asandır, amma bu işi reallaşdırmaq olduqca çətindir. İlk addım bu istiqamətdə siyasi iradənin göstərilməsi olmalıdır.
Diqqət edirsinizsə, az çox hansı sahədə rəqabət varsa, orda irəliləyiş var, keyfiyyət və ucuzluq var. Məsələn, taksi və bir sıra məişət xidmətlərində rəqabət olduğuna görə həm keyfiyyət artır, həm də qiymətlər nisbətən ucuzlaşır.
Akif Nəsirli