“The Guardian”: “Azərbaycan COP29 sammiti ilə sülhə çağırış edəcək”
Azərbaycanda keçiriləcək builki COP29 ekoloji konfransının təşkilatçıları ümid edirlər ki, ekoloji problemlər üzrə əməkdaşlıq qlobal gərginliyi azaltmağa kömək edəcək.
Bu barədə Britaniyanın nüfuzlu “The Guardian” nəşrində dərc edilən məqalədə bildirlib.
Qeyd olunub ki, builki COP29 BMT-nin iqlim sammiti təşkilatçılar tərəfindən tərtib edilmiş planlara uyğun olaraq, iqlim dəyişikliyi nəticəsində yarana biləcək gələcək münaqişələrin qarşısının alınmasına və mövcud gərginliyi azaltmaq üçün ekoloji məsələlər üzrə beynəlxalq əməkdaşlıqdan istifadəyə diqqət yetirən ilk “Sülh COP-u” olacaq.
“Azərbaycanın ev sahibliyi edəcəyi COP29 zamanı dünya ölkələrindən Yay və Qış Olimpiya Oyunlarında olduğu kimi bütün hərbi əməliyyatların dayandırmaq və barışığa riayət etmək tələb oluna bilər.
Belə ki, tədbir iki böyük müharibənin - Ukrayna və Qəzza zolağındakı münaqişənin tüğyan etdiyi və geosiyasi gərginliyi daha da artırdığı bir vaxtda keçiriləcək. 196 hökuməti bir araya gətirəcəyi gözlənilən iqlim sammitdə qlobal istiləşmə ilə bağlı təcili həll zərurətini hiss edən ölkələr arasında ümumi dil tapılarsa, bu, sülhün mühərrikinə çevrilə bilər”, - məqalədə vurğulanıb.
Diqqətə çatdırılıb ki, bu yaxınlara qədər Azərbaycan qonşu Ermənistanla 30 ilə yaxındır davam edən münaqişə şəraitində olub. Hazırda isə ölkələr arasında normallaşma prosesi gedir. Bununla belə, bəzi mübahisələr hələ də davam edir.
Bildirilir ki, keçən ilin dekabrında Dubayda keçirilən COP28 iqlim sammitində Ermənistan Azərbaycanın bu il iqlim konfransına ev sahibliyi etmək kampaniyasını dəstəkləyib ki, bu da iki uzunmüddətli antaqonist tərəf arasında ilk beynəlxalq dəstək jesti olub.