Qırğızıstan - Tacikistan sərhədində atışma olub
Tacikistan sakinləri ilə qırğız sərhədçiləri arasında atışma baş verib.
Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
Məlumata görə, Qırğızıstanın sərhəd naryadı dövlət sərhəd xəttindən 250-300 metr aralıda Qırğızıstan ərazisində mal-qara otaran Tacikistan vətəndaşlarını - çobanları müşahidə edib. Tacikistan vətəndaşları sərhədçilərin Qırğızıstan ərazisini tərk etmək tələblərinə məhəl qoymayıb, üstəlik, hərbçilərə daş atmağa başlayıblar. Çobanlardan biri isə Qırğızıstan sərhədçisinə tərəf iki-üç atəş açıb. Vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün Qırğız Respublikasının sərhədçiləri havaya xəbərdarlıq atəşi açıb, bundan sonra çobanlar Tacikistan ərazisinə qaçıblar.
İlkin məlumata görə, insident zamanı Tacikistan vətəndaşlarından biri ayağından yaralanıb.
Yaxın vaxtlarda tərəflərin sərhəd nümayəndələrinin görüşü baş tutacaq. Hazırda Qırğızıstan-Tacikistan hissəsində vəziyyət sabit kimi səciyyələndirilir.
Qeyd edək ki, Qırğızıstanla Tacikistan arasında dövlət sərhədinin uzunluğu təqribən 980 kilometrdir. Onun delimitasiyası üzrə danışıqlar 2002-ci ilin dekabrından bəri davam edir. Bu məsələnin həll olunmaması iki respublikanın yerli sakinləri və hərbi qulluqçuları arasında, o cümlədən odlu silahdan istifadə ilə dəfələrlə münaqişələrə səbəb olub. Bu münaqişələrdən sonuncusu 2022-ci ilin payızında baş verib və toqquşmalar zamanı 60-dan çox insan həlak olub.
Mənbə: TASS