İran mediası yenidən Azərbaycanı "işğalçı" adlandırdı
Seyid Əli Qaemməqami
İran hökumətinə bağlı “Tahlil Bazaar” saytı Azərbaycana qarşı kinli mövqe tutan və onu işğalçı adlandıran "siyasi şərhçi"nin fikirlərini dərc edib.
İranlı ekspert Seyid Əli Qaemməqami iddia edir ki, Türkiyə-Naxçıvan yolu vaxtı ilə Rza şah tərəfindən Atatürkə verilib.
O, deyib: “Cənubi Qafqaz məsələləri üzrə ekspertlərin də bildirdiyi kimi, İranın Avropaya çıxışını təmin edən 3 yolun biri Azərbaycan ərazisindən, digəri isə Türkiyə ərazisindən keçir. Ermənistandan yalnız bir yol keçirdi ki, onu da Azərbaycan 2020-ci ildə Ermənistana "hücum eədərək" öz nəzarətinə götürüb. Azərbaycan İran yük maşınlarının keçməsinə çoxlu çətinliklər yaradıb, o cümlədən, 130 dollar xərac almaq da bu problemlərdən biridir və hələ də problem həll olunmamış qalır. Azərbaycan uzun müddətdir İranın Avropaya quru yolunu bağlamaq əzmindədir ki, belə olduğu halda İran öz iqtisadi üstünlüklərini və Asiya-Avropa tranzit koridorunu itirəcək.
Eksperlərin fikrincə, bunların kökü Türkiyə ilə Naxçıvan arasındakı yolun keçdiyi ərazi vaxtilə İranın olub və İran şahı Rza Şahın İran ərazisini Atatürkə verməsindən başlayır.
Zəngəzurun Azərbaycana birləşdirilməsi ilə Türkiyə "Bakı hökuməti" ilə qonşu olacaq və İstanbuldan Monqolustana qədər ərazini əhatə edən uzun illərdən bəri arzuladıqları "Panturanist" dəhlizi yaranacaq".
Ekspert habelə cəfəng iddialar səsləndirir: “Əgər Ermənistan Türkiyə və Azərbaycanın işğal etmək istədiyi Sünik bölgəsini (Qərbi Zəngəzur) öz əlində saxlamaq istəyirsə, rəsmi olaraq İrandan istəməlidir ki, İran ora hərbi qüvvələrini göndərsin. Belə olduqda, Azərbaycan və Türkiyənin irəliləməməsi üçün Rusiya, Ermənistan və İran üçtərəfli anlaşma imzalamalıdırlar".