Avropa İttifaqı Stiven Siqala qarşı sanksiyalar tətbiq edə bilər

Avropa İttifaqı məşhur aktyor və rejissor, Rusiya Xarici İşlər Nazirliyinin Moskva-Vaşinqton humanitar əlaqələri və ümumi mədəni irs üzrə xüsusi nümayəndəsi Stiven Siqala qarşı sanksiyalar tətbiq edə bilər.

Bu barədə Brüsselin “EUobserver” portalı məlumat verib.

Portalın mənbəsinin sözlərinə görə, əgər onun hərəkətlərinin Ukraynaya zərər vura biləcəyinə dair əsaslı hüquqi faktlar aşkarlanarsa, Siqal qara siyahıya düşə bilər.

Qeyd edək ki, ötən il Stiven Siqal Samarada keçirilən mətbuat konfransında Ukrayna müharibəsindəki hadisələrdən bəhs edən sənədli film üzərində işləməsindən bəhs edib.

Rusiya kökləri olan Siqal 2016-cı ildə Rusiya vətəndaşlığını qəbul edib, 2018-ci ildə isə Rusiya Xarici İşlər Nazirliyinin Moskva və Vaşinqton arasında humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi olub. O özünü “milyon faiz rusiyalı” adlandırır.

Mənbə: Gazeta.ru