Bu gün mərhum Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlinin doğum günüdür.
Nailə Ağabala qızı Mirməmmədli 1961-ci ildə Bakı şəhərində, "Sovetski" məhəlləsində anadan olub.
1968-79-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil alıb.
1985-ci ildə Tusi adına Pedaqoji Universitetdə musiqişünas, dirijor, xormeyster, vokal, aranjiman, orkestrovka ixtisasları üzrə təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə başa vurub.
1994-97-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında musiqişünaslıq və Tofiq Quliyevin sinfində bəstəkarlıq ixtisasları üzrə təhsil alıb, Tofiq Quliyevin ilk və son tələbəsi olub.
Nailə Mirməmmədli bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı olub. İki oğlu, bir qızı olan Nailə Mirməmmədli 2002-ci ildə dənizdə boğulma səbəbindən 16 yaşlı oğlunu itirib. Bu hadisədən sonra Hikmət Məmmədli infarkt keçirib.
2007-ci ildə, Nailə xanımın doğum günündən bir gün əvvəl, mayın 22-də, dostlarından birinin ad günündə olan Hikmət Mirmmədli növbəti dəfə infarkt keçirib və Nailə xanımın qolları üstə dünyasını dəyişib.
Nailə Mirməmmədli 2021-ci il yanvarın 4-də ürək çatışmazlığından dünyasını dəyişib. O, "Qurd qapısı" məzarlığında dəfn olunub.
Bəstəkar Tofiq Quliyevin ilk və son tələbəsi Nailə Mirməmmədlinin doğum günüdür
Əzizə İsmayılova