Bakıda Xəzər İnşaat Həftəsi başlayıb



Oktyabrın 19-dan 21-dək keçirilən Xəzər İnşaat Həftəsi II Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 27-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgilərini bir araya gətirir.

Tədbir Bakı Ekspo Mərkəzinin 2 zalında və foyesində təşkil olunub.

Sərginin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin II Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına ünvanlandığı məktub oxunub.

“Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov bildirib ki, bu il sərginin ekspozisiyalarında ötən illə müqayisədə 10 faiz artım nümayiş edilir.

Sərgi çərçivəsində oktyabrın 19-da KOBİA ilə birgə Qarabağda biznes və investisiya imkanları mövzusuna həsr edilən panel müzakirəsi keçiriləcək. Həmin gün Qarabağ Dirçəliş Fondunun təşkilati dəstəyi ilə “Qarabağda Urbisid” fotosərgisinin nümayişi baş tutacaq.

Şəhər ərazilərində böhranların aradan qaldırılması və bərpa üzrə fəaliyyət - Ağalı kəndi və işğaldan azad edilmiş digər yaşayış məntəqələrinin yenidən qurulması haqqında qisametrajlı sənədli film təqdim olunacaq.

Üç gün ərzində keçiriləcək sərgilərin iştirakçıları mal və xidmətlərin geniş çeşidini nümayiş etdirəcəklər.

Sərgilərin təşkilatçıları “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri və onların tərəfdaşları “Caspian Event Management”, “ICA Eurasia” və digərləridir. (AZƏRTAC)