"Ən böyük arzum Şuşada uşaqlığımın, məktəb illərimin keçdiyi o cığırları, küçələri gəzməkdir".
Bunu Lim10.az-a açıqlamasında bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Yeganə Qalib qızı Nəsibova deyib.
O qeyd edib ki, Şuşadan çıxandan sonra uzun illər çətinliklərlə rastlaşıblar:
"Bu illər ərzində Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən yataqxanada köçkünlük həyatı yaşamışıq. Müharibə doğmalarımızı, sevdiklərimizi, illərimizi bizdən aldı. Təki bundan sonra övladlarımız müharibə görməsin, güllə səsi eşitməsinlər.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınıb. Bu mərhələdə daha 15 ailə (57 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 105 ailənin (406 nəfərin) daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova