Ötən gün İrəvan məhkəməsində Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın korrupsiya qalmaqalı ilə bağlı cinayət işi yekunlaşıb. Gözlənilənin əksinə olaraq, hakim keçmiş siyasətçinin bəraət alması barədə qərar çıxarıb. İttihamçı tərəf cinayət işi ilə bağlı məsələni sübuta yetirə bilməyib. Bu qərar isə prokurorluq orqanlarını narazı salıb və yenidən şikayət etmək üçün əsas verib. Əslində hakimin belə qərar verməsi bir sıra mətləblərdən xəbər verir. İlk olaraq əminliklə söyləmək olar ki, hakimiyyətdə olduğu illərdə quldurluq və korrupsiya əməlləri ilə ad çıxarmış Sarqsyan hələ də ədliyyə orqanlarında müəyyən gücə malikdir və hakimlərin qərarlarına təsir imkanı var. Bunu hətta bir sıra erməni KİV-ləri də etiraf edirlər. Belə tendensiyanın yaranması isə Paşinyan hökumətinin zəifliyindən, altı il ərzində aparılan islahatların iflasa uğramasından xəbər verir.
Elə məhkəmənin qarşısında jurnalistlərə açıqlama verən sabiq erməni prezidenti də fikirləri ilə cəmiyyəti zəhərləməyə, sülh prosesini baltalamağa hazır olduğunu bildirib. Məsələn, Paşinyanın delimitasiya prosesinin sülhün əsas qarantı olduğu barədə fikri təkzib edən Serj belə bir qarantiyanın olmadığını bildirib. Bununla da çirkin niyyətini ortaya qoyan siyasi eyni zamanda iki ölkə arasında birbaşa danışıqlardan narazı qaldığını, hər vəchlə vasitəçiyə ehtiyac olduğunu qeyd etməkdən belə çəkinməyib.
Sarqsyanın açıqlamalarından məlum olur ki, Baqratın dəstəsini və hərəkatını hər cür dəstəkləyir, başıpozuq hərəkatın uğur qazanacağına inanır. "Yeni hakimiyyət vəziyyəti düzəldə bilər və düzgün istiqamətə yönəldə bilər", - deyə fikrini ifadə edən Serj müvəqqəti hökumətdən, yeni hakimiyyətdən dəm vurub. Əslində bəzi məlumatlara görə, sabiq prezident Arman Tatoyanın və ya özünün baş nazir olması üçün hərəkata dəstək verəcəyini bildirib. Keşiş və əlaltılarının vəziyyəti isə günü-gündən acınacaqlı hal alır. Dünən XİN və DİN qarşısında keçirilən aksiyalarda artıq təxribata əl atılıb. Hələ ötən həftədən aksiyanın təxribata, qarşıdurmalara, toqquşmalara gedəcəyi məlum idi. Artıq ilk cücərtilər özünü göstərməyə başlayıb. Ərəb və bir sıra xarici media orqanları isə dünən keçirilən itaətsizlik aksiyalarında cəmi bir neçə min nəfərin iştirak etdiyini yazır. Günü-gündən sönməyə doğru gedən hərəkata bel bağlamaq Sarqsyan üçün sonun başlanğıcı sayıla bilər. Erməni keşiş isə İrəvanda yenə də uğursuz olduqdan sonra bu dəfə istiqaməti Gümrüyə doğru götürüb. Yenidən regionlarda tərəfdar toplayaraq, paytaxta doğru hərəkət edəcəyi istisna edilmir.
Yuxarıda da qeyd etdiyimiz kimi, Serjin məhkəmə tərəfindən bəraət alması, Paşinyanın altı illik islahat proqramının iflasa uğradığını sübut edir. Bunun üçün müəyyən faktlara müraciət etmək yerinə düşər:
Məsələn, hakimiyyətə gəldiyi dövrdə baş nazir qeyd etmişdi ki, korrupsioner və rüşvətxor məmurların hamısını dəmir barmaqlıqlar arxasına salacaq. Bu günün mənzərəsinə baxdıqda isə sadəcə keçmiş təhsil naziri Armen Aşotyanın həbsdə olduğunu görürük. Keçmiş məmur, rəhbər işçi və oliqarxların heç biri həbs edilməyib. Ordudan özünə qarşı təhlükə hiss etdiyi bir neçə iri ranqlı məmuru və sabiq müdafiə nazirini həbsə atmaq isə hakimiyyətini sığortalamaq, hərbi çevrilişin qarşısını almaq üçün edilib. Qeyd etmək yerinə düşər ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryandan başqa, heç bir keçmiş oliqarx-məmurun əmlakı və bank hesabları müsadirə edilməyib. Bir çoxları "günahsız" olduğunu rüşvət vasitəsilə məhkəmələr yolu ilə "sübuta yetirib". Ölkəni tərk edənlər, Avropadan Paşinyana salam göndərənlər, Ermənistandakı qanunsuz biznesindən gəlir əldə etməyə davam edənlər də kifayət qədərdir. Hakimiyyət Rusiya, ABŞ və Avropa ölkələrində cah-calal içində yaşayan bu şəxslərin heç birinin ekstradisiyasına nail ola bilməyib.
Maraqlı faktdır ki, bəzi oliqarxlar Nikol və onun ətrafını satın alaraq, aktivlərini qoruma yolunu seçdilər.
İslahatların fiaskoya uğradığı sahələrdən biri də Ermənistan ordusudur. Gah NATO, gah Fransa, gah da digər Avropa ölkələri ilə, Birləşmiş Ştatlarla aparılan müntəzəm görüşlər əslində görüntüdən başqa bir şey deyil. Erməni mətbuatında erməni əsgərinin acınacaqlı vəziyyətdə olması barədə kifayət qədər material var və tez-tez də dərc edilir. İş o həddə çatıb ki, Müdafiə Nazirliyi valideynlərə əsgərlikdə olan övladlarına yemək göndərməklə bağlı müraciət də edib. Altı il ərzində isə heç bir islahat sona çatdırılmayıb. Qeyri-döyüş şəraitində ölümlərin sayı hər gün artır və son 1.5 il ərzində rekord səviyyəyə çatıb.
Polis islahatı dalana dirənib və struktur tamamilə ölkə rəhbərliyi üçün əlavə müdafiə elementinə çevrilib. Minlərlə üstü açılmamış iş, islahatların olmaması və kadr çatışmazlığı, adam oğurluğu və döyülmə ilə bağlı qalmaqallar, tüğyan edən narkotik alveri və fahişəlik. Bütün bunlar bu gün Ermənistandakı güc strukturlarında baş verən hadisələrdir.
Korrupsiyanın kökü kəsilməyib, üstəlik, o, çiçəklənir və yeni şaxələr verir. Sadəcə bəzi klanların başqaları ilə, bəzi məmurların digərləri ilə əvəzlənməsi baş verib. Korrupsiya qalmaqalları demək olar ki, hər ay baş verir və Nikolun yaxın çevrəsindən olan məmurlar və onların ailə üzvləri bu qalmaqalların iştirakçısına çevrilirlər. Nazirliklərdə korrupsiya böyük ölçülərə çatır. Qalmaqallarla nazirlər dəyişir, iş dayanır, hökumətin ayırdığı pullar müəyyən şirkətlər vasitəsilə yoxa çıxır. Araşdırmalar zamanı isə elə bu şirkətlərin yeni məmur-oliqarxlara məxsus olduğu üzə çıxır.
Diplomatik sferadakı islahatlar da istənilən nəticəni vermir. Yarıtmaz diplomatlar sayəsində Ermənistan regiondakı potensial müttəfiqlərindən heç biri ilə əlaqə yarada və ölkənin çiçəklənməsi üçün meqalayihələrə qoşula bilmir. Rusiya ilə münasibətlər get-gedə gərginləşir. İranla münasibətlər hələlik yaxşı görünsə də, Qərbə inteqrasiyanın bir gün bu məsələdə də çat verəcəyi gün kimi aydındır. Elə bu səbəblərdən də parlament və hökumətə olan etimad günü-gündən azalır. Bir sıra sorğu nəticələrinə görə isə xalqın bu strukturlara olan inamı 10-15 faiz ətrafında dəyişir. Erməni cəmiyyəti onlarla hissəyə bölünüb, ən azı bir dövlət institutu və ya mənəvi mərkəz ətrafında konsolidasiya yoxdur. Dövlət mediası sırf "Vətəndaş müqaviləsi" Partiyasının gündəmini təbliğ etməklə və hər hansı müxalifət ideologiyasını və gündəmini təqib etməklə məşğuldur. Ölkədə ən yüksək vəzifələr yalnız partiyaya və onun lideri Paşinyana sədaqət prinsipi ilə tutulur. Hökumətin, nazirliklərin və yüksək vəzifəli məmurların peşəkarlığı tənqidlərə tab gətirmir.
Bütün bunlar tam əminliklə deməyə əsas verir ki, Paşinyanın altı illik islahatının nəticələri bu gün Serj Sarqsyan kimi quldur və korrupsioner məmura bəraət hökmü qazandırır. Hadisələrin bu məcrada davam etməsi isə erməni cəmiyyəti üçün faciəvi nəticələnə bilər. Çox güman ki, hakim partiyanın son dövrlər tez-tez qapalı iclas keçirməsi məhz bu məsələlərə həsr edilib və yaxın vaxtlarda islahatlar dalğası yenidən başlaya bilər. Əgər bu dəfə də Paşinyan səhvlərini təkrar etsə, hakimiyyətdəki ömrünün çox qısa olacağını ehtimal etmək olar.
"Report" İnformasiya Agentliyi