İran və Rusiya XİN rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Tehranda səfərdə olan Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri ilə Qafqaz regionundakı son prosesləri müzakirə edib.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Baqeri mühüm regional və beynəlxalq məsələlərdə iki ölkənin mövqelərinin uyğunluğunu qeyd edərək Qafqaz regionunu hər iki ölkə üçün milli maraq və təhlükəsizlik sahəsi kimi qeyd edib və bu sahədə ikitərəfli əməkdaşlığın zəruriliyini vurğulayıb.

İranın xarici işlər naziri vəzifəsinin icraçısı qeyd edib ki, Qafqaz regionunda baş verən hazırkı proseslərin, xüsusilə xarici müdaxilələrin artmasının əhəmiyyəti və həssaslığı İran və Rusiya rəsmiləri arasında strateji koordinasiya və davamlı məsləhətləşmələri zəruri edir.

Bu baxımdan o, regional məsələlərin həlli, regional əməkdaşlığın və yaxınlaşmanın genişləndirilməsi, Qafqaz regionunda ölkələrin təhlükəsizliyi, sabitliyi və kollektiv maraqlarının təmin edilməsi üçün 3+3 strukturu kimi regional mexanizmlərdən maksimum istifadənin vacibliyini vurğulayıb.

Mənbə: TASS