Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdən biri də Cövdət Hacıyevdir.
Lim10.az xatırladır ki, Əhməd-Cövdət İsmayıl oğlu Hacıyev 18 iyun 1917-ci ildə Şəki şəhərində anadan olub. O, orta təhsilini başa vurduqdan sonra, 1935-38-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1938-41-ci illərdə isə Moskva Konservatoriyasında oxuyub.
İkinci Dünya müharibəsi başlayanda Cövdət tələbə olmasına baxmayaraq, müharibəyə yollanıb. Cəbhədən qayıtdıqdan sonra təhsilini davam etdirib. 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirib. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. 1957-69-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışıb.
Azərbaycanda simfoniyanın banilərindən biri olan C.Hacıyev yaratdığı əsərlərdə öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirib. Qara Qarayevlə birgə bəstələdiyi "Vətən" operası, kamera-instrumental və fortepiano əsərləri də C.Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilk böyük əsəri olan birhissəli "Simfoniya"nı, iki simfonik poemasını, "Azərbaycan süitası"nı, simli kvartet və sair əsərlərini bəstələyib. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı "Vətən" operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb.
Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülüb, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı - "Şöhrət" ordeni ilə təltif olunub.
Cövdət Hacıyev ümumilikdə səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə edib. Cövdət Hacıyev, həmçinin, simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifidir.
Cövdət Hacıyevin "Zirvələrə" adlanan altıncı və "Şəhidlər" adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. "Şəhidlər" simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub. Cövdət Hacıyevin "Onu zaman seçib" adlı səkkizinci simfoniyası ulu öndər Heydər Əliyevə həsr olunub.
Bəstəkar Cövdət Hacıyev 2002-ci il yanvarın 18-də, ömrünün 85-ci ilində vəfat edib.
Qeyd edək ki, o, rəqqasə Əminə Dilbazinin həyat yoldaşı olub.