Bu gün Azərbaycanın teatr və kino sahəsində tanınan məşhur aktyorlarından biri, Azərbaycan SSR xalq artisti Möhsün Sənaninin doğum günüdür. Yaşasaydı Xalq artisti 124-cü yaş gününü qeyd edəcəkdi.
Lim10.az xatırladır ki, Möhsün Sadıq oğlu Cəfərov (Sənani) 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olub. Hələ 5 yaşında olarkən valideynlərini itirən Möhsüm Sənani nənəsinin himayəsində böyüyüb. 1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə qoyub. Onu mədrəsəyə qoymaqda məqsəd Möhsünü mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan görmək idi.
Lakin Möhsün mədrəsəni oxumayıb. 1908-ci ildə nənəsi vəfat etdikdən sonra onu xalası molla Zinyət öz himayəsinə alıb. Molla Zinyət respublikanın Xalq artisti Əli Qurbanovun anasıdır.
Nənəsinin əksinə, xalası Molla Zinyət Möhsünün oxumasını çox istəyirdi və onun təhsilinə şəxsən nəzarət edirdi. Ancaq Zinyət xanımın da vəziyyəti yaxşı deyildi. Onun özünün ailə üzvləri də çox idi. Buna baxmayaraq, Zinyət Möhsünü də, onun bacısını da doğma övladı kimi saxlayır. Azyaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğundan xəcalət çəkir. Odur ki, 1909-cu ildən işləməli olur. O, "Şeytanbazar"da hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşır.
Səhnə həvəsi Sənanidə yeniyetmə yaşlarından baş qaldırır. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxırdı. Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edir. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirir. 1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxır. Böyük həyəcan keçirsə də, onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayır.
Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəklərdə birpərdəli povestlərdə özünü sınamağa başlayır. Möhsünün ilk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin müqtədir komik aktyoru Mirzəxan Quliyev olub. Beləliklə, Mirzəxan Quliyev və Möhsünə tamaşa edən Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi Tiflis aktyorları, onun istedadına ümid edirlər. Bu ümid Möhsünün səhnəyə olan eşqini daha da artırır. Möhsünün bu sənətinə paxıllıq edən və onun həvəsini söndürmək istəyənlər atası Molla Sadığın dostları idi. Bununla belə, Möhsünü sevənlər çox idi. İşsiz qalmış Möhsünü yaxın bir gürcü dostunun atası "Vano dayı" tramvay parkında qulluğa düzəldir. O, burada aldığı maaşla özünü, bacısını təmin etməklə yanaşı, xalasının da vəziyyətini yüngülləşdirirdi.
Dövrünün ziyalı və tanınmış adamları Tiflisdə yaradılmış bu teatr dərnək və cəmiyyətlərinə yardım olaraq tez-tez müşavirələr keçirərdilər. Belə müşavirələr Mustafa Mərdanovun atası Hacı Həşim Mərdanovun bəzzaz dükanında olurdu.
Gürcüstanın mütərəqqi fikirli xadimləri və maarifpərvər azərbaycanlı ziyalılar bu teatra və aktyorlara bina xərclərini ödəmək və tamaşaları təşkil etmək işində səmərəli yardım göstərirdilər. Nəriman Nərimanov, Əli Tağızadə, Əşrəf Yüzbaşıyev, Həsənbəy Zərdabi, Üzeyir Hacıbəyli və Mərdanov qardaşları teatr sənətinin tərəfdarları və təbliğatçıları olub.
1915-ci ildə M.Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış "Kaveyi-Ahəngər" tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir. Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq, bütün peşələrdən əl çəkir, ancaq aktyorluqla məşğul olur. Bu dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərirdi. Bunlardan Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov və b. adını çəkə bilərik. Möhsün Sənani onların arasında ən gənc aktyor idi.
Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın mal alan"), Qoçu Əsgər ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılıb. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır, 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan "Səbuhi", "O olmasın, bu olsun", "Sehrli xalat" və s. filmləri qeyd etmək kifayətdir.
50 il ərzində bir gün də olsun səhnədən ayrılmayan Möhsün Sənani qədirbilən xalqımızın sevilən və məşhur sənətkarıdır. Onun zəngin səhnə təcrübəsini, yaradıcılıq xüsusiyyətlərini öyrənmək bizim gənc aktyor və kino sənətkarlarımız üçün maraqlı olduğu qədər də səmərəlidir.
Kino sahəsində isə "Bəxtiyar" (film, 1942), "Bir məhəllədən iki nəfər" (film, 1957), "Bismillah" (film, 1925), "Bizim küçə" (film, 1961), "Dağlarda döyüş" (film, 1967), "Fətəli xan" (film, 1947) və digər filmlərdə rol alıb. Möhsün Sənani Rusiya istehsalı olan "Ulduz" filmində ( rejissor: Aleksandr İvanov, Lenfilm, 1949) də çəkilib.
Onun qızı, Gülər Möhsünqızı Bakı Dövlət Universitetində rus dili müəlliməsi kimi çalışıb. O, müsahibələrindən birində bildirib ki, Mövsüm Sənani ömrünün son günlərində görmə qabiliyyətini itirib. Sərbəst çölə çıxa, hərəkət edə bilmirdi. Səhhəti dəyişməyə, təzyiqi qalxmağa başlayan aktyoru yüksək təzyiqlə xəstəxanaya yerləşdiriblər. Həkim onun ürəyinin parçalandığını deyib. Aktyor 11 fevral, 1981-ci ildə Bakıda vəfat edib.
Qeyd edək ki, M.Sənani aktyor Əli Qurbanovun xalası oğlu, film səsləndirən, aktrisa Ofeliya Sənaninin qayınatasıdır.