MİNMİŞƏM FİKİR ATINA...

Qurban TƏBİƏTOĞLU

Minmişəm fikir atına...
Aparır bu kəhər məni!
O qədər yoldaş olmuşuq,
Tanıyır bu yəhər məni!

Suallar kəsib yanımı,
Cavablar sorur qanımı.
Biryolluq almır canımı,
Çürüdür bu qəhər məni!

Nadanlar keçibdir başa,
Qurular od vurur yaşa.
Az qalıb Allah da çaşa,
Ağrıdır bu təhər məni!

Qəlbimə talan qatılıb,
Acısı kalan qatılıb...!
Doğruya yalan qatılıb,
Öldürür bu zəhər məni!

Qarışqa darışıb qəndə,
Yazıq Qurban azır çəndə.
Yığışıb gedəcəm kəndə,
Bezdirir bu şəhər məni!