Mağaza piştaxtalarında satılan üç yerli və beş idxal olmaqla, ümumilikdə, səkkiz dondurma məhsulunda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, uyğunsuzluq aşkar edilmiş məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı yeddi müəssisə barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilib və icra üçün sahibkarlara təqdim olunub.
Eyni zamanda dondurma məhsullarının satışdan kənarlaşdırılması və istehsalçı müəssisələrə geri qaytarılması ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə rəsmi qaydada xəbərdarlıq olunub.
Hər ay monitorinqlər aparılıb, məhsulların adları qeyd edilsə də, bəzi mağazalarda həmin məhsulların satışına rast gəlinir. Hətta bakteriya aşkarlandığı elan olunan dondurmalara endirimlər də tətbiq olunur.
Maraqlıdır ki, məhsullar piştaxtalara gələnədək niyə yoxlanılmır? Burada kim günahkardır, yoxlamanı həyata keçirən qurum, istehsalçı, yoxsa mağaza sahibləri?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya bildirib ki, yoxlamalar effektsizdir:
"Bu bakteriya müəyyən olunana qədər minlərlə insan bu dondurmaları alır və bakteriyaların nə zərəri varsa, insanların bədənində o proses gedir. Çox təəssüf ki, qabaqlayıcı mexanizm yoxdur. AQTA yalnız müəssisəni reyestrə daxil edir, ondan sonra planlı yoxlamalar olur. Bu yoxlamalar da çox effektsizdir. Yoxlama aparmaq üçün gərək Ədliyyə Nazirliyinə xəbər versinlər, Ədliyyə Nazirliyi də qarşı tərəfə yoxlama barədə məlumat verir. Onlar da müəyyən müddət özlərini yığışdırırlar. Dörd gündən sonra yoxlama aparırlar. Yəni bu yalançı, effektsiz yoxlamaya son qoyulmalıdır".
O qeyd edib ki, ciddi müəssisələrin özlərinin laboratoriyaları olur:
"O müəssisələrdə bütün mallar yoxlanılır və sonra satışa çıxarılır. Lakin Azərbaycanda 20-dən çox dondurma istehsalçısı və çoxsaylı idxalçılar var. Xüsusən xaricdən gələn dondurmalar ola bilsin ki, daşınmada və ya istehsal yerində çirklənir. Onlara nəzarət yox dərəcəsindədir. AQTA çox iş görməlidir, əsasnaməsində dəyişikliklər olmalıdır".