Şəffaflıq olmayan ölkə qaranlıqdır

Rövşən Ağayev

Dövlət idarəetməsində şəffaflıqla bağlı davamlı yazılarıma ictimai reaksiya çox zəifdir.
Mənim təsəvvürümdə şəffaflıq olmayan ölkə qaranlıq ölkədir - hətta neft pulları bu ölkənin ən ucqar küçələrini belə çil-çırağa bürüsə belə.
Niyə bizim toplumda, xüsusən onun aparıcı institutları olan media və vətəndaş cəmiyyətində hökumətin qeyri-şəffaf davranışına passiv və seyrçi münasibət var? Axı bizim övladımızın oxuduğu universitetin, orta məktəbin, körpələrimizin getdiyi bağçaların büdcəsi, eləcə də yaşadığımız rayonun təhsil, səhiyyə, sosial müdafiə büdcəsi, hətta bizi idarə edən məmurların məvacibi, büdcədən maaş alan polislərin, hərbçilərin əmək haqqı məbləği, ölkə boyu ərsəyə gətirilən infrastruktur layihələrinin dəyəri barədə tam məlumatsızıq. Belə mühitdə insanın özünü zülmətdə hiss etməsi lazım.
İlk və ən çox eşidəcəyim cavabı təxmin edirəm: hökumət media və vətəndaş cəmiyyətində hər kəsi bir formada susdurub. Şübhəsiz ki, mühüm səbəblərdən biri budur.
Amma bir önəmli səbəb də var: şəffaflıq cəmiyyət üçün tələbat deyil. Toplum bunu əhəmiyyətsiz sayır, onun üçün real faydası olacaq faktorların sırasında görmür. Halbulki şəffaflıq büdcə oğurluğunun qarşısını almaq, qanunsuz yolla dövlət vəsaitləri hesabına kiçik bir qrupun nəhəng sərvət sahibinə çevrilməyin qarşısını almağın əsas mexanizmlərindən biridir. Büdcə talanı, qanunsuz sərvət yığımı olmasa, ədalətli gəlir və sərvət bölgüsü hesabına insanlar daha yüksək rifah içərisində yaşaya, daha sağlam həyat sürə, övladlarımızın təhsilinə və inkişafına ehtiyac duyulan qədər vəsait tapıla bilər.
Şəffaflıq cəmiyyətin tələbatına çevrilməlidir. Gördüyümüz hər nə varsa sorğulamalıyıq.
Şəffaflıqla yanaşı sosial-iqtisadi, ekeoloji problemlərimizin də səbəblərini sorğulamağı öyrənməliyik. Məsələn, kənd və rayonlarımız məişət tullantıları içərisində boğulur, palçıq yollarda eşələnmək insanların ömrünü kəsir, işsizlik və yoxsulluq insanlara psixoloji sarsıntı və depressiya yaşadır.
Bu problemlərin də həllini tələb etməyi tələbatımıza çevirməliyik. İnsanların davranışını, yaşamaq üçün motivasiyasını onların ehtiyacları müəyyən və təyin edir. Bu mənada tələbat ierarxiyasında yalnız maddi ehtiyacların sıralandığı toplumla ictimai və mənəvi tələbatlarını önə çıxaran toplumların davranışları arasında fövqəladə fərqləri görməmək mümkün deyil. Bu gün Qərblə Şərqin mədəni və iqtisadi inkişafı arasında yaranmış uçurumun köklü səbəbləri sırasında bu amilin də mühüm rolu var.