DİN anlayışı deyir ki...

Siracəddin Hacı


- Din sözü “d-y-n” (“deyn”) kökündəndir, borc deməkdir, ölçü, hesab, nizam, qanun, hökm, hüquq mənaları da var, Mədinə sözü də eyni kökdəndir, hüquqların qorunduğu yer anlamını daşıyır;
- Borc varsa, borcu verən də, alan da var;
- Borcu verən Allahdır, yaradılan hər şey varlığını ONA borcludur, O, əl-Qəni olan Allahdır, mütləq zəngindir, başqasına möhtac olmayandır, Özünə və hər kəsə/şeyə yetəndir;
- Borcu alan da insandır, borc almasının səbəbi budur: insan oğlu möhtacdır (35/15), ehtiyaclı varlıqdır;
- İnsanın seçim imkanı, iradəsi var, O, iki yoldan birini seçə bilər: a) borcu, borclu olduğunu inkar edər, ödəməz; b) borcu, borclu olduğunu qəbul edər, ödəyər;
- İnsanın şəhadət kəlməsini söyləməsi borc sənədini imzalaması, öhdəlik götürməsidir, o, Allaha söz verir ki, borcluyam, borcumu yerinə yetirəcəyəm;
- Borcun şərtlərini müəyyən edən Allahdır, dinin sahibi Odur, ilahi vəhylər – Qurani-Kərim borcla bağlı bütün şərtləri əhatə edən sənəddir;
- Allaha borcluluq şüuru insanı mömin – güvənilir insan edər;
- Hər nəfəs bir borcdur, insan borcu, borcun sahibini, borclu olduğunu qəbul etsə, Allaha təslim olsa, Onun buyurduğu kimi yaşasa, borcunu ödəmiş sayılar;
- Borcun şərtləri olur – Qurani-Kərim bu şərtləri açıqlayır;
- Borcun ödəmə biçimi olur – Qurani-Kərim bunları bir-bir göstərmişdir;
- Borcun miqdarı olur – Qurani-Kərim buna da yer vermişdir;
- Borcun ödənmə zamanı, yeri olur – bu dünyadır, ölümdən öncədir;
- Borcun hesabının soruşulacağı vaxt olur – o, din, borc, hesab günüdür, axirətdir;
- Hesabı soruşan olur, bu haqq ancaq Allaha aiddir;
- Borc Allahla insan arasındadır, vasitəçi yoxdur;
- Borc ödənsə, nə olacaq – Qurani-Kərimdən öyrənirik;
- Borc ödənməsə, nə olacaq – Qurani-Kərim bu suala da cavab vermişdir;
- Borclunun vəzifələri var – Qurani Kərim bunları bir-bir saymışdır;
- Ödəmədə əskik varsa, tövbə kreditindən istifadə edə bilərsən;
- Borcla bağlı bütün məsələləri əhatə edən vəhylərin – borcların yazıldığı sənədin adı İslamdır, Allaha təslim olmaqdır, Onun buyurduğu kimi yaşamaqdır, borcun ödənmə şəkli yalnız İslamla mümkündür;
- Borcluluq şüuru insana məsuliyyət yükləyir, onu çalışdırır, hədəf göstərir, zaman şüuru verir, anlam qazandırır;
- Din Allahın varlığı idarə etdiyi sistemin adıdır;
- İnsan deyə bilər ki, niyə Allahın din adlı nizamını – yaşam biçimini seçməliyəm? Qurani-Kərim suala belə cavab verir: göylərdə və yerdə olan hər şey Ona təslim olmuşdur – insan bu ilahi nizama qoşulsa, kainatla uyum halında olsa, ahəngə qovuşar, insanın fitrətinə uyğun həyat biçimi budur, ey insan, ilahi nizamla savaşma ki, hüzurlu olasan, ilahi nizama uyumda hüzur, barış, dəyər, üsyanda savaş, didişmə, anlamsızlıq var;
- Allah bu ilahi nizamın adını İslam (barış, təslimiyyət, qurtuluş), ona tabe olana da müslim adını qoymuşdur – Allaha borclu olduğunu bilən, borcunu ödəyən, Ona təslim olan insan, Ona təslim olan Allahla, özü ilə, varlıqla barış içində olar, barış içində olan qurtular, anlam, dəyər qazanar, xeyri, ədaləti, azadlığı, mərhəməti çoxaldar;
CÜMƏMİZ MÜBARƏK OLSUN, ALLAH BİZİ ONA TƏSLİM OLANLARDAN, BORCUNU ÖDƏYƏNLƏRDƏN ETSİN, GÖZƏL İNSANLAR!