Naxçıvanda Xəzri əsir

Səxavət Əlisoy


Fırtınaya çevrilmə ehtimalı lap çox...

2010-cu ildə AXCP-Müsavat Seçki Blokunun 2 saylı Şərur Seçki Dairəsindən Azəraycan Milli Məclisinə deputatlığa namizəd oldum. AMEA-nın indiki prezidenti, akademik İsa Həbibbəyli də o dairədən namizəd idi.
Seçkiyə 2 gün qalmış bir neçə məntəqədən möhürlənmiş yekun protokol əlimizə keçdi və bu sənədi ATƏT-in Bakı ofisi daxil beynəlxalq seçki institutlarına göndərdim.
Hər şey də bundan sonra başladı.
Etiraf edirəm, seçicilərlə görüşlərim zamanı şəxsimə qarşı elementar sayğısızlıq belə hiss etmədim.
Təsəvvür edin ki, Ramiz Mehdiyev və Vasif Talıbovun, Əli Həsənov və Əhməd Əhmədovun, kəsəsi, ondan çox yüksək ranqlı vəzifəlinin doğulduğu kəndlər 2 saylı Şərur Seçki Dairəsinin ərazisində idi...
Belə bir durumda müxalifət olaraq seçkidə iştirak etməyin nə demək olduğunu az da olsa siyasətdən başı çıxanlar yaxşı anlar.
Geniş yazmıram, seçkidən sonra, Şərurun polis rəisi Məmməd Hüseynov və İbadullah bölməsinin rəisi Əhməd Təhməzov kimlərinsə göstərişi ilə xüsusi "əməliyyat" keçirdilər.
Polislər evimizi mühasirəyə aldı, hər iki rəis 7 nəfər ailə üzvümü vəhşicəsinə döydü, sonra qonşu kənddən gətirdikləri buldozerlə evimizin bir divarını dağıtdı.
Kiçik qardaşımı məhkəmənin hökmü olmadan bir həftə polis bölməsində saxlayıb fiziki işgəncə verdilər.
Bakıda müraciət etmədiyim bir dövlət qurumu qalmadı.
Milli Təhlükəsizlik və Daxili İşlər nazirliyinə bəlkə də 5 dəfə müraciət etdim.
Ombudsmanla, ABŞ və Qərb ölkələrinin səfirləri ilə görüşdüm.
Bəzi nazirlərin kabinetinə gedib hadisənin şəkillərini stolun üstünə qoydular.
Hamısının cavabı təxminən belə idi: Naxçıvanın işinə qarışa bilmərik!
102-yə nə qədər zəng etdim.
Hər dəfə Naxçıvandan şikayət qəbul olunmur, cavabı alırdım
10 deputatla görüşdüm, təkcə Ümid Partiyasının Sədri İqbal Ağazadə (sağ olsun) kişilik nümayiş etdirib parlamentin tribunasından bu vəhşiliyi dilə gətirdi.
ABŞ-ın Bakıdakı səfirinin siyasi müşaviri bu olayla ilgili Naxçıvana getdi.
ATƏT-in Bakı ofisinin o vaxtkı Sədri Səfir Ali Bilge Çankorel Naxçıvana getdi, Vasif Talıbovla görüşdü. Sonra bizim kənddəki evə baş çəkdi.
O vaxt Bakıdan gedən hüquq müdafiəçilərini kənddəki evimizə buraxmırdılar. Polis postu qoyulmuşdu evin yaxınlığına.
Kənddəki polis agentləri evə tərəf istiqamət götürən maşınları daşa basırdı.
Günahımız nə idi?
Ailə üzvlərim vəhşicəsinə döyüldü, evimiz dağıdıldı.
Nəyə görə?
Tək səbəb Parlament seçkilərində müxalifət olaraq iştirak etməyim idi.
Deputatlığa namizəd kimi Naxçıvan TV-də çıxış edib seçicilərin şikayətlərini - gömrük daxil digər dövlət qurumlarındakı anormallıqları Ali Məclisin sədrinə çatdırmağım idi.
Əgər ATƏT-in Bakı ofisini Sədri və ABŞ səfirliyinin nümayəndəsi Bakıdan Naxçıvana getməsəydi, "Yeni Müsavat" və "Azadlıq" qəzetləri başda olmaqla KİV-lər bu cinayəti tirajlamasaydı, nəticə ailəmiz üçün daha acınacaqlı olacaqdı.
ABŞ Dövlət Departamenti 2011-ci ildə Azərbaycanda seçkilərə və İnsan Haqlarına dair hesabatında bizim ailənin başına gələnlərə 3 abzas ayırıb.
Bu bir rəsmi sənəddir.
Müraciət etdiyim Avropa İnstitutları bu sənədin məhkəməyə təqdim olunmasını cinayəti törədənlərin cəzalandırılması üçün yetərli saydığını qeyd edir.
Gözləyirik! Və ədalət bərqərar olanadək mübarizə davam edəcək.
Nədən 12 il sonra bir daha tirajladım bu hadisəni?
1. Naxçıvanın idarəetmə sistemində mütləq və mütləq islahatlar aparılmalı.
Mövcud sistemlə dünyanın ən müqəddəs adamı belə o məmləkətə ədalət gətirə bilməz.
2. Dövlət Naxçıvanlıları polis kabusundan, polisə "işverənlik" edənlərin cəngindən qurtarmalıdır
3. Dövlət kimsəyə sərhədsiz imtiyaz verməməlidir.
4. Dövlət vətəndaşını qorumağa mükəlləfdir!!!

Və sonda Naxçıvan kəlməsinə allergiyası olanlaradır sözüm.
Tam məsuliyyətlə yazıram, Azərbaycanın heç bir bölgəsində vətəndaş Naxçıvandakı qədər ağır psixoloji şərtlər altında yaşamır.
Bir misalla bitirirəm sözümü:
Mənim doğulduğum Püsyan kəndindən 200-dən artıq ailə yalnız İstanbulda İkitelli adlanan məkana köç edib.
200 ailə ortalama 800 Azərbaycan vətəndaşı deməkdir.
200 ailə də Bakının Binə qəsəbəsinə köçüb.
Bu o deməkdir ki, kənddə yüzlərlə evin qapısına qıfıl asılıb. Elementar şərait olsa, kimsə isti yuvasını tərk etməz...