Anons edildi: “Ət bahalaşa bilər”
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb.
Görüşdə quru meyvə və emal olunmuş zəfəran məhsullarının xarici bazarlara çıxışının dəstəklənməsi, daxili bazarın qorunması məqsədilə heyvan və ət məhsullarının idxal şərtlərinin sərtləşdirilməsi və yerli ət kəsimi məntəqələrində qida təhlükəsizliyi tələblərinə nəzarətin gücləndirilməsi, ət emalı məhsullarının Rusiya bazarlarına çıxışının genişləndirilməsi, süd emalı müəssisələrində xammal çatışmazlığı, idxaldan asılılığın azaldılması, ixracla bağlı gömrük prosedurlarının sadələşdirilməsi, qida və içki istehsalında müasir texnologiya və innovasiyaların tətbiqinin genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Maraqlıdır, ət məhsullarının idxal şərtlərinin sərtləşdirilməsi istiqamətində tədbirlərin görülməsi yerli bazarda ət və ət məhsullarının bahalaşmasına gətirib çıxara bilər? Xüsusilə, ixracın artırılması və idxalın azadılması yerli ət bazarına necə təsir göstərəcək?
Məsələ ilə bağlı fikirlərini “Cebheinfo.az”-a açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli qeyd edib ki, bu istiqamətdə addım atmamışdan əvvəl yerli tələbatı təmin edəcək zəruri tədbirlər görülməlidir:
“Bildirim ki, ət və ət məhsullarının idxalında məhdudiyyətlərin tətbiq olunmasından əvvəl ölkə daxilində ət məhsullarının kifayət qədər istehsalına nail olmaq lazımdır. Bu gün ət və ət məhsullarına olan tələbatın yarıdan çoxu idxal hesabına ödənilir. Əgər idxal şərtlərinin sərtləşdirilməsi baş verərsə, xaricdən gətirilən ət məhsullarının qiyməti bahalaşacaq. Həmin məhsulları əvəz edəcək yerli məhsul olmadığına görə, yerli ət məhsullarının qiyməti də ona uyğun bahalaşacaq.
İdxalın sərtləşdirilməsi istiqamətində tədbirlərin görülməsi üçün ilkin olaraq hazırlıq işləri görülməlidir. Dünya təcrübəsində bu, tətbiq edilir. Yəni daxili bazarı qorumaqdan ötrü idxalın məhdudlaşdırılması bir mexanizm olaraq tətbiq edilir. Amma həmin ölkələrdə əmin olurlar ki, ölkədə hər hansı məhsul üzrə yerli tələbatı ödəyəcək məhsul var.
Ən azı 80-90 faiz yerli tələbatın ödənilməsi şəraitində bu cür tədbirlərin görülməsi mümkündür. Bu, həm yerli bazarda xarici məhsulların azalması prosesinə şərait yaradır, həm də qiymətlərin bahalaşmasının qarşısını alır. Hazırda ət və ət məhsullarının idxal şərtlərinin sərtləşdirilməsi ölkədə ət məhsullarının qiymətinin bahalaşmasına səbəb ola bilər”.
Xarici ölkələrə ət məhsullarının ixracının mümkünlüyünə gəlincə, Akif Nəsirli bu sahədə də yerli tələbatın təmin olunmasının zəruriliyini vurğulayıb:
“Əgər yerli tələbat nəzərə alınmadan, xarici ölkələrə məhsul ixrapc olunacaqsa, bu, yerli tələbatın ödəmə qabiliyyətini aşağı salacaq və ölkədə məhsul qıtlığı yaradacaq. Yenidən idxalın stimullaşdırımasına ehtiyac yaranacaq. İstər idxal qaydalarının sərtləşdirilməsi, istərsə də ixracın artırılması üçün yerli istehsalın genişlənməsinə nail olmalıyıq.
Kənd təsərrüfatının qarşısında duran ən əsas məsələ ölkə əhalisini kənd təsərrüfatı məhsulları ilə tam təmin etməkdir. Yalnız bu istiqamətdə nailiyyətlərin olduğu təqdirdə, eyni zamanda artıq məhsul qalacaqsa, ixracın artırılması haqqında düşünmək olar. Hansı məhsul tələbatdan artıq istehsal olunursa, o zaman onu ixrac etmək mümkündür.
Məsələn, yumurta üzrə yerli tələbat tam təmin olunub. Nəticədə həm ölkə daxilində qiymət normaldır, həm də xarici ölkələrə ixrac edilir. Ət və ət məhsulları üzrə də yerli tələbatı tam təmin etməliyik. Bundan sonra ixraca başlamaq olar”.
Yunis Andullayev