Teylor Sviftin 20 min azarkeşin toplanacağı konsertinə hücum planı: 18 yaşlı iraqlı saxlanıldı

Məşhur müğənni Teylor Sviftin Avstriya paytaxtında baş tutacaq konsertinə hücum planı ilə bağlı aparılan araşdırma çərçivəsində 18 yaşlı İraq vətəndaşı Vyanada saxlanılıb.

Lim10.az-ın CNN-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, İraq vətəndaşı əsas şübhəli ilə - Şimali Makedoniya kökləri olan 19 yaşlı avstriyalı ilə eyni çevrədən olub.

İŞİD-ə sədaqət andı içən əsas şübhəli isə Vyananın "Ernst Happel" stadionu qarşısında toplaşacağı gözlənilən təqribən 20 min "Swiftie" azarkeşinə qarşı ölümcül hücum təşkil etməyi planlaşdırırmış.

Qeyd edək ki, ABŞ-li pop ulduzun 8-9-10 avqust tarixlərində Vyanada planlaşdırdığı konsertlər təhlükəsizlik səbəbi ilə ləğv edilib.

Xatırladaq ki, iddia edilən sui-qəsdlə bağlı 15 və 17 yaşlı daha iki avstriyalı gənc avqustun 7-də saxlanılmışdı. Daha sonra 15 yaşlı gənc sərbəst buraxılıb və şahid qismində nəzərdən keçirilir.

Məlumata görə, iraqlı şübhəli gənc avqustun 6-da İŞİD-ə sədaqət andı içib, lakin onun planlaşdırılan hücumla əlaqəsinin olub-olmadığı araşdırılır.