Britaniyanın baş naziri tətilini ləğv etdi

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkə daxilində baş verən iğtişaşlar səbəbindən gələn həftəyə nəzərdə tutulan tətilini ləğv edib.

Lim10.az "European Pravda"ya istinadən xəbər verir ki, baş nazirin ailəsi ilə yay tətili üçün materik Avropaya səfər edəcəyi gözlənilirdi.

Hazırda ölkədə yeni iğtişaşların baş verəcəyi ehtimalı böyükdür. Zorakılığın baş verməsinin qarşısını almaq üçün potensial qaynar nöqtələrə 6000 polis əməkdaşı göndərilib.

İğtişaşlar başlayandan bəri 741 nəfər həbs edilib və 302 nəfər ittiham olunub. Sürətli məhkəmələr vasitəsilə onlarla insan artıq cəzasını alıb.

Xatırladaq ki, iğtişaşlar dalğası Liverpul yaxınlığındakı Sautportda rəqs sinfinə bıçaqlı hücumdan sonra başlayıb. Hadisə nəticədə üç qız həlak olub, daha 10-a yaxın uşaq və böyük yaralanıb.

Mühacirlər əleyhinə iğtişaş yeniyetmə təcavüzkarın bu yaxınlarda ölkəyə gələn miqrant olması barədə şayiələrin yayılmasından sonra daha geniş vüsət alıb.