İsrail HƏMAS-dan ilk mərhələdə 20-35 girovu azad etməsini gözləyir

İsrail hökuməti HƏMAS-dan atəşkəs sazişinin birinci mərhələsi çərçivəsində Qəzza zolağında girov saxlanılan 20-35 nəfərin azad olunmasını tələb etmək niyyətindədir.

Bu barədə "The Jerusalem Post" qəzeti məlumat verib.

Bildirilib ki, bu rəqəmi İsrailin müdafiə naziri Yoav Qalant Knessetdə (ölkə parlamenti) səsləndirib.

Nəşr qeyd edir ki, HƏMAS-ın əlində olan 115 girovdan 76 nəfərin sağ qaldığı hesab edilir. Azad edilənlərin ilk - humanitar qrupuna qadınlar, uşaqlar, yaşlı insanlar, həmçinin yaralı və xəstələr daxil olmalıdır.

Sağ qalan bütün digər girovlar sazişin ikinci mərhələsində təhvil verilməlidir, lakin İsrail və HƏMAS daimi atəşkəs şərtlərini razılaşdırana qədər bu mərhələ həyata keçirilməyəcək.

Bu məsələ üzrə məsləhətləşmələr birinci mərhələdən 16 gün sonra başlamalıdır. Konsultasiyanın ilkin olaraq nəzərdə tutulmuş altı həftəlik müddətdən daha uzun çəkə biləcəyi ehtimal olunur.

Xatırladaq ki, avqustun 9-da Misir, Qətər və ABŞ liderləri birgə bəyanat yayımlayaraq, İsrail və HƏMAS-ı avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar. Vasitəçilər, həmçinin ABŞ Prezidenti Co Baydenin irəli sürdüyü və BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi ilə dəstəklənən prinsiplərə əsaslanan yekun saziş layihəsini təqdim etməyə hazır olduqlarını bildiriblər.