Xaricdən ucuz qiymətə idxall edilən ət niyə bahalaşır?!
Cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 37 min 139 baş diri qoyun gətirilib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu sayda qoyunların idxalına 2 milyon 959,19 min ABŞ dolları vəsait xərclənib. Bu dövrdə idxal olunan qoyunun bir başının orta gömrük dəyəri 79,7 ABŞ dolları (135,5 manat) olub.
Hesabat dövründə ən çox qoyun Gürcüstandan gətirilib. Belə ki, Gürcüstandan 28 min 959 baş qoyun alınıb. Buna xərclənən vəsait 2 milyon 152,05 min ABŞ dolları olub. Bir baş qoyunun orta gömrük dəyəri 74,3 ABŞ dolları (126,3 manat) olub.
İkinci yerdə Rusiya dayanır. Bu dövrdə Rusiyadan 7 min 680 baş miqdarında 775 min ABŞ dolları dəyərində diri qoyun idxal edilib. İdxal olunan qoyunun bir başı üçün orta qiyməti 100,9 ABŞ dolları (171,5 manat) təşkil edib.
Bu ilin birinci yarısında Qazaxıstandan Azərbaycana 500 baş qoyun gətirilib. Bu sayda qoyunların alışına 32,13 min ABŞ dolları xərclənib. Qazaxıstandan alınan qoyunun bir başı üçün orta gömrük dəyəri isə 64,3 ABŞ dolları (109,3 manat) olub.
Bəs, bu qədər idxalın müqabilində ət niyə bahalaşır?
Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. News365.az–a açıqlamasında o bildirib ki, Azərbaycan ətə olan ehtiyacını daxili imkanlar hesabına ödəyə bilmir:
“Ona görə də xaricdən hazır ət və diri heyvan idxal edilir. Ən çox da Gürcüstandan xırda buynuzlu davarlar gətirilir. Ancaq qonşu ölkədə epidemoloji vəziyyət yaz aylarında qeyri-sabit idi. Ona görə də 2 aya qədər bu ölkədən heyvanların gətirilməsinə qadağa qoyuldu. Məhz bu qadağa Azərbaycan bazarına öz mənfi təsirini göstərdi. Ətin qiyməti xeyli bahalaşdı.
Müsahibimiz gömrükdə bəyan edilən qiymətlərə də toxunub:
“Göründüyü kimi gömrükdə bir davarın ortalama qiyməti 130 manatdır. Amma həmin heyvanlar bazara çıxana qədər əlavə xərclər yaranır. Elə gömrüyün özündə də əlavə xərclər olur. Bu hesaba da heyvan idxal edən şirkətlər bazara yerli qiymətlərlə çıxırlar. Əgər istəyiriksə ətin qiyməti düşsün, bunun üçün bolluq yaratmalıyıq. Bolluq yaratmaq üçün də fermerlərə dəstək olmalıdır. Yeni örüş sahələri yaradılmalıdır. Təbii örüşlər olmadıqca heyvandarlıq inkişaf etməyəcək”.
News365.az