Sürücülər TRACECA dəhlizi ölkələrinə vizasız səfər edə biləcəklər
Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin (TRACECA) iştirakçı ölkələrinin hökumətləri arasında peşəkar sürücülər üçün vizasız gediş-gəliş haqqında saziş imzalana bilər.
Sənəd normativ aktların layihələrinin dövlət və yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilənədək müzakirəsi məqsədilə yaradılan “Açıq normativ hüquqi akt” portalında dərc olunub.
Sənədə əsasən, peşəkar sürücülər müqavilədə iştirak edən ölkələrin ərazilərindən daxil olmaq, 15 gün müddətinə qısamüddətli qalmaq və ya tranzit keçmək hüququ əldə edəcəklər. Lakin səfər peşəkar fəaliyyətlə bağlı olmasa, sürücülərin ölkədə qalmalarına icazə verilməyəcək.
Qeyd olunur ki, sürücü müqavilədə iştirak edən ölkələrdən birinin vətəndaşı olmalı və ya onun ərazisində daimi yaşamalıdır, onun nəqliyyat vasitəsi isə bu ölkələrin birində qeydiyyatda olmalıdır. Sərhədi keçərkən sürücü peşə fəaliyyətini təsdiq edən sənəd təqdim edəcək. Fors-major hallar baş verərsə, sürücü qalma müddətini uzada biləcək.
Müqavilənin Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, İran və Ermənistan tərəfindən imzalanması planlaşdırılır.
Bu, yol kommunikasiyasının inkişafına töhfə verəcək və peşəkar sürücülər üçün viza prosedurlarını sadələşdirəcək.