Qeyri-neft-qaz məhsulları üzrə ixrac niyə azalır ?

Pərviz Heydərov yazır...

Son vaxtlar, dəqiq desəm ötən ildən etibarən ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi azalır. Bu niyə baş verir sualına, cavab olaraq yazmışdım ki, səbəb təkcə, neft-qaz sektoruna aid məhsulların ixracının deyil, qeyri-neft-qaz məhsullarının da ixracının və dəyərinin azalmasında axtarılmalıdır.

Statistikaya görə ölkə iqtisadiyyatı durmadan artır və bu, ən çox qeyri-neft-qaz sektoru hesabına baş verir. Misal üçün, cari ilin yanvar-iyul aylarında ölkədə 70 milyard 544 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4.5% çox ÜDM istehsal olunub ki, neft-qaz sektorunda əlavə dəyər 1.2%, qeyri-neft-qazda isə 6.7% artıb.

Əlbəttə, xariclə ticarətin azalması fonunda iqtisadi artım baş verə bilər. Lakin müəyyən müddət ərzində... Xariclə alış-verişin davamlı olaraq azalması fonunda iqtisadi artım istər-istəməz dalana dirənməlidir. Çünki iqtisadi aktivliyi təmin edən və gücləndirən xarici ticarətdir. Xariclə ticarətdə artım olmasa iqtisadiyyatın genişlənməsi davamlı olaraq baş verə bilməz.

Bəs, qeyri-neft-qaz sektoru üzrə ixracımız niyə azalır? Neft-qaz sektoru üzrə azalmanın səbəbləri aydındır: dünya bazarlarında qiymətlər əlverişli deyil, hasilat enir və s. Ümumiyyətlə, söhbət sırf neftdən gedərsə, hasilatın ölkədə davamlı olaraq enişi dünyada qiymətlər hətta indikindən yuxarı təşkil etsə də belə vəziyyəti kompensasiya edən deyil.

Bəs, qeyri-neft-qaz məhsulları?!

Ölkəmizdə istehsal olunan qeyri-neft-qaz sektoru məhsulları ümumi ixracda onsuz da cüzi paya sahibdir. Hələ ki demək olar, heç bir ciddi əhəmiyyətli kütləvi istehlak tələbatına malik sənaye məhsulu istehsal etmirik. Əsas kənd təsərrüfatı məhsullarıdır, meyvə-tərəvəzdir və s. Məsələ ondadır ki, bunların da ixracı azalıb və azalmaqda da davam edir. Niyə?!

Cari ilin yanvar-iyul ayları ərzində ölkəmizdən 383 milyon 863 min dollar dəyərində 368 min 549 ton meyvə-tərəvəz ixrac edilib ki, Dövlət Gömrük Komitəsinin hesablamalarına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 4% və ya 16.3 milyon dollar, həcmi isə 7.2% və ya 28.4 min ton az təşkil edib.

2023-ci ilin ilk 7 ayında isə Azərbaycan 400 milyon 118 min dollar dəyərində 396.9 min ton meyvə-tərəvəz ixrac edilmişdi.

Səbəb nədir? Təbii ki, Ukrayna-Rusiya müharibəsi... Ümumiyyətlə, ölkəmizdən qeyri-neft-qaz məhsullarının ixracının azalmasına zəmin yaradan məhz qeyd olunan müharibənin yaratdığı fəsadların, konkret desəm eyni bazardan asılı olmağımızın nəticəsidir. Odur ki, bu, nə vaxtsa özünü təzahür etdirməli idi, etdirir də.

Söhbət, Rusiya bazarından gedir.

Əlbəttə sözüm, iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrinə aid deyil. Azərbaycanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsinin 2/3-si Rusiyanın payına düşür ki, iki ölkə arasında ticarət dövriyyəsi 2023-cü ildə rekord səviyyəyə - 4.5 milyard dollara çataraq bu il daha çox təşkil etməlidir.

Yeri gəlmişkən, cari ilin ilk 5 aynın yekunlarına əsasən, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı hesablaşmalarda milli valyutalarımızın payı 73%-i keçib, ötən il isə 57.8% təşkil edib.

Ölkəmizin iqtisadiyyatının inkişafında Rusiyanın böyük önəmi var və bu, ənənəvi xarakter daşıyır. Qeyd etmək istədiyim sadəcə odur ki, biz, qeyri neft-qaz sektoru üzrə şaxələnmiş bazar imkanlarına sahib deyilik. Xüsusən də kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz üzrə. Bu isə çox ciddi mənfi haldır.

Sözügedən sektorun inkişafı bir nömrəli prioritet seçilən ölkədə ixrac bazarlarının sayının çox olması və bu sahədə alternativlik, nail olunması ən vacib məsələlərdən sayılmalıdır.

Ümumiyyətlə, iqtisadi artımda ən dayanıqlı hərəkətverici qüvvə bəlli olduğu kimi xırda istehsalçılar, fərdi təsərrüfatlardır. Bizdə isə qeyd etdiyim kontingentdə olanlar Rusiyanı ən əlverişli və alternativsiz bazar sayıblar həmişə. Qeyri neft-qaz sektorunun inkişafı prioritet seçildikdən sonra da vəziyyət eyni olaraq qalır.

Son iki ildir sözügedən bazarsa öz səmərəlilik səviyyəsini itirib və qeyd olunan bazar adi meyvə-tərəvəz satışı üçün də əvvəlkitək effektiv sayılmır.

Sözün qısası, hazırda vəziyyət elədir ki, ölkəmizdən kənd təsərrüfatı məhsulları və meyvə-tərəvəz ixracı sahəsində mövcud tənəzzülün qarşısının alınacağı və bu prosesin səngiyəcəyi, tezliklə əks tendensiyanın start götürəcəyi gözlənilmir.

Odur ki, hökumət bu məsələni nəzarətə götürsə yaxşıdır.

Neft-qaz sektoru məhsullarının ixracda payı yüksək olduğundan, onun azalması fonunda qeyri neft-qaz sektoruna daxil məhsulların ixracı gərək azalmasın, artsın. Yeri gəlmişkən, hələ artım olardısa belə, onun sürəti neftdən və qazdan əldə etdiklərimizi tezliklə əvəz deyildi.

Ona görə də alternativ bazar imkanlarının olmasının nə dərəcədə vacib olduğu bir daha üzə çıxır. Qeyri-neft-qaz sektoru üzrə bəlli bir artım tempi, sürəti və imkanı vardır.