İran Zəngəzurda 3-cü dövlətin də əleyhinə imiş, yəni Rusiyanın...

Sədrəddin Soltan: “Doğrudan da İran İslam Respublikasının dünyada ən yaxın dostu və tərəfdaşı ruslar yox, ingilislərdir"

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi “Zəngəzur dəhlizi” adlandırılan layihəni saxta adlandırıb, - bu barədə Mehr agentliyi xəbər verir.

O, bəzi ölkələrin “Böyük Turan” yaratmaq ideyasını dəlilik adlandırıb.

“Zəngəzur dəhlizi mahiyyət etibarı ilə saxta dəhlizdir və görünür, bu dəhliz bəhanəsi ilə İranın bölgədəki hərbi və siyasi gücünü zəiflətməyə çalışan əllər var. Bu cür illüziyalara qapılanlara xəbərdarlıq edirik ki, bu cür qərarların nəticələri onlar üçün ağır və baha başa gələcək”, - Əzizi bildirib.

O, İslam Respublikasının bu məsələyə “qırmızı xətt” kimi baxdığını və onu həyata keçirmək cəhdlərinə sərt cavab verəcəyini bildirib.

Bundan əvvəl isə İranın Ermənistandakı səfiri Mehdi Sobhani gələcək Azərbaycan-Ermənistan-Naxçıvan yoluna nəzarət etmək üçün xarici özəl şirkətlərin cəlb edilməsi imkanlarını şərh edərkən bildirmişdi ki, Tehran üçüncü dövlətlərin nümayəndələrinin Sünikdə (Zəngəzur dəhlizində-red.) yola nəzarət etməsinin əleyhinədir.

Belə çıxır ki, İran Zəngəzur dəhlizində 3-cü ölkələrin nəzarətinin əleyhinədir, dedikdə, həm də Rusiyanı nəsərdə tuturmuş?

Sualımızı cavablandıran siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, Ermənistan rəsmilərinin çıxışı Tehranın rahatsızlığının əsl mətləbinin üzə çıxmasına bir vəsilə olur: "Belə çıxır ki, Rusiya məlum bəyanatda Zəngəzur dəphlizinə nəzarətdən imtina edir, bunun özəl xidmətlə əvəzlənməsinə razılıq verir. Ona görə də İran rəsmiləri Moskvanı onları “dostluq tələsinə” salmaqda suçlayırlar".

Qeyd edək ki, İran siyasilərı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu məsələyə dair “Allah xətrinə gedin, danışın", kimi mesaıjını bu yolun açılmasna Rusiya tərəfindən razılıq verilməsi kimi qəbul edirlər.

Politoloq sözünə davam edərək deyib ki, belə bir şəraitdə İran Zəngəzur yoluna nəinki nəzarət və ondan istifadə etmək imkanından məhrum ediləcək, onun bu dəhlizə baxmasına belə icazə verilməyəcək. İran Ermənistanla əlaqənin kəsiləcəyindən daha çox, yola Qərbin nəzarət edəcəyindən narahatdır. Xarici təhlükəsizlik agentliyi fəaliyyətə başlayacağı halda İranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı “qırmızı xəttini” necə müdafiə edəcəyi sual doğurur. Bu səbəbdən də “Azərbaycan Ermənistan ərazisini işğal edəcək”, “Azərbaycanın Ermənistan ərazisində gözü var”, “Zəngəzuru Azərbaycan ələ keçirəcək” kimi İranın Azərbaycana qarşı apardığı təbliğat fiaskoya dücar olur. Yola nəzarət üçün xarici agentlik gəlsə, İranın irəli sürdüyü “qırmızı xətt” savaşını İrəvan Moskva ilə aparmalı olacaq. Ona görə də növbəti mərhələdə İran-Rusiya qarşıdurmasının şahidi ola bilərik. Kreml öz mərəzinə uyğun olaraq Tehranı öz marağına qurban verməyə hazırlaşır. İran isə buna dözməməyə iddialı görünür.

Bir neçə il əvvəl İran parlamentinin deputatı bildirmişdi ki, onların tarixi düşməni Rusiyadır: “Ruslar həmişə bizi satıb, İranın ənənəvi dostu ruslar deyil, ingilislərdir...”. Doğrudan da İran İslam Respublikasının dünyada ən yaxın dostu və tərəfdaşı ruslar yox, ingilislərdir.

Dəniz NƏSİRLİ