Koloniyaları Fransaya qarşı: Siyasi hərəkatlardan anti-Azərbaycan isterikaya layiqli cavab

Fransanın Azərbaycana qarşı isterikasına nəhayət ki, layiqli cavab verilib. Azərbaycanda Fransa vətəndaşlarının "təqib edilməsi", hətta "həbs olunmaları" barədə Emmanuel Makron hakimiyyətinin cəfəng iddialarına beynəlxalq təşkilatlar və bu ölkənin müstəmləkə siyasətinə qarşı çıxan qurumlar bəyanat yayıblar.

Qeyd edək ki, rəsmi Parisin həmin bəyanatında Fransa vətəndaşlarına Azərbaycana səfərdən çəkinmək tövsiyə edilib. Rəsmi Bakı bu iddianı anti-Azərbaycan isterikasının bir hissəsi adlandırıb və buna sərt reaksiya verib.

İndi isə Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına cavab verib. Bildirilib ki, Fransanın baş naziri hələ öz hökumətini formalaşdırmasa da, istefaya gedən daxili işlər nazirinin addımları və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı həyəcan xəbərdarlıqları heç kəsi çaşdırmır. Hökumətin növbəti addımı, şübhəsiz ki, "Fransa vətəndaşlarına" sözügedən ölkəni ziyarət etməyi tamamilə qadağan etmək olacaq. Bu qərar "insan hüquqları" və "insan və malların sərbəst hərəkəti" ilə ziddiyyət təşkil edir və tamamilə qeyri-qanuni olacaq.

Sirr deyil ki, Fransanın bu isterikasının yalnız bir məqsədi var: Bakı Təşəbbüs Qrupunun Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Qoşulmama Hərəkatı tərəfindən verilmiş mandatı yerinə yetirməyə davam etməsinə yol verməmək. Bakı Təşəbbüs Qrupunun missiyası dünyada kolonializmə son qoymaqdır.

Qeyd edək ki, bəyanatı Fransa müstəmləkəsi altında olan ərazilərdəki 14 siyasi hərəkatın rəhbəri imzalayıb.

Xatırladaq ki, bu ilin iyul ayında Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbərləri Bakıda Birinci Qurultaylarını keçirərək Fransa Koloniyalarının Azadlıq Cəbhəsini yaradıblar. Fransa və Niderlandın 17 koloniyasının səlahiyyətli rəsmiləri Azadlıq Cəbhəsinin yaradılması haqqında Yekun Bəyannaməni imzalayıblar. Həmçinin, iştirakçılar Cəbhənin nizamnaməsini təsdiqləyiblər.

Beləliklə, Parisdə uzun müddətdir davam edən fobiyalara tutarlı cavab verilib. Bu, bir daha Azərbaycanın apardığı fəaliyyətin düzgün istiqamətdə getdiyini göstərir. Bakı Təşəbbüs Qrupunun da bu istiqamətdə fəaliyyəti misilsizdir. Bu qrupun yaradılması Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqlara böyük bir dəstək oldu. O xalqlar haqq səslərini bu qrupun vasitəçiliyi ilə dünyaya çatdırırlar. Bu baxımdan, onların bu yöndə fəaliyyətini yalnız alqışlamaq olar.

Tarix boyu Fransa bu xalqlara çoxlu yaralar vurub ki, onlar hələ də qaysaq bağlamayıb. Fransa kiçik ada dövlətlərində yaşayan xalqları, toplumları illərdir əsarət altında saxlayır. Mərakeşdə və digər Afrika ölkələrində etdiyi əməlləri indi daha çox ada dövlətlərində təkrarlayır. Elə ölkələr var ki, sözdə müstəqildirlər, amma hələ də Fransanın təsiri altındadırlar. İllər ərzində Fransanın törətdiyi vəhşiliklər, istila və istismar siyasəti, müstəmləkəçilik davranışları bu xalqlara əziyyət və əzilməkdən başqa bir şey verməyib. Fransa elə bir dövlətdir ki, onun yürütdüyü müstəmləkəçilik siyasəti yalnız kiçik ada dövlətlərində yaşayan xalqlara deyil, bütün bəşəriyyətə və mütərəqqi cəmiyyətlərə ziyan vurur.

Fransanın və onun əlaltılarının başqa xalqlara zülm etməyi dayandırmaq istəmədiyi açıqdır. Xüsusilə, uzun illər Fransadan dəstək almış Ermənistan, Azərbaycan torpaqlarını 30 il işğalda saxlayıb və hələ də revanşist siyasətindən əl çəkmir. Paris, həmçinin Avropanı, kiçik ada dövlətlərini və digər ölkələri qarışdırır, Ermənistan isə Cənubi Qafqazda pozuculuq fəaliyyəti göstərməkdə davam edir.

Fransanın tükürpədici cinayətlərini və humanizmdən uzaq müstəmləkəçilik siyasətini Bakı Təşəbbüs Qrupu qədər dəqiq ifşa edən ikinci bir təşkilat yoxdur. Bakı Təşəbbüs Qrupunun keçirdiyi silsilə tədbirlər, Fransanın müstəmləkəçilik siyasətinin ifşa edilməsində misilsiz rol oynayır. Bu tədbirlər nəticəsində dünyanın hər yerində Fransanın müstəmləkəçi bir dövlət olduğu və kiçik ada dövlətlərinin əhalisini zülm altında saxladığı aydın olur. XXI əsrdə, yeni dünyada Fransanın hələ də müstəmləkəçi dövlət kimi mövcud olduğu bilinir. Bu tədbirlər həm Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqlara dəstək verir, həm də Fransanın əsl simasını ifşa edir.

Fransanın səsləndirdiyi iddialar arasında, guya vətəndaşlarının Azərbaycanda həbs olunması və saxlanılması da var. Azərbaycan Xarici İşlər Nazirliyinin bu iddialara verdiyi cavab sərt və tutarlıdır. Bildirilib ki, Fransanın əsassız və qərəzli bəyanatları bu ölkənin Azərbaycanla münasibətlərini daha da gərginləşdirmək niyyətini əks etdirir. Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşlarının əsassız olaraq saxlanması və həbs edilməsi ilə bağlı iddiaları əsassız hesab edilmiş və reallığın təhrif edilməsi kimi qiymətləndirilmişdir. XİN xatırladıb ki, indiyədək Azərbaycanda Fransa Respublikasının yalnız iki vətəndaşı saxlanılıb: Martin Rayan ötən il dekabrın 4-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə, Teo Hüqo Bakı metropolitenində törətdiyi əməllərə görə saxlanılıblar.

Azərbaycanla bağlı son təxribatçı təlqinlərin səbəbi bəllidir. Fransa müstəmləkəçiliyinin getdikcə artan qurbanları azadlıq və müstəqilliyə nail olmaq üçün ümidlərini Bakıya çeviriblər. Və belə görünür ki, Fransanın işğalı altında olan Mayot adasındakı vəziyyətlə bağlı Azərbaycanın paytaxtında beynəlxalq konfrans keçirildikdən sonra rəsmi Parisin məlum bəyanatının verilməsi təsadüfi deyil. Yəni bu xəbərdarlığı Yelisey sarayının xırda və ucuz "intiqamı" kimi qiymətləndirmək olar.

Axı məhz Azərbaycan Fransa müstəmləkələrinin məzlum xalqlarına ilk yardım əlini uzadıb, bütün beynəlxalq ictimaiyyətin diqqətini müasir dünyada yeri olmayan çirkin hadisələrə cəlb edib.

Fransa isə işğal etdiyi torpaqlarda törətdiyi cinayətləri etiraf etmək və öz günahını dərk edərək müstəmləkələşmiş ərazilərin yerli xalqlarının bir çox nəsillərinin başına gətirilən pisliyə görə üzr istəmək əvəzinə, qəzəbini Azərbaycandan çıxarmağa üstünlük verir.

O ki qaldı ikitərəfli münasibətlərdə artan gərginliyə, bu, ilk növbədə, Fransanın özünə heç bir xeyir verməyəcək!

"Report" İnformasiya Agentliyi