İran Ermənistanı, Borrel İranı dəstəklədi - təsadüf, ya..?

Tural İsmayılov: "Qərblə İran müəyyən məsələlərdə, o cumlədən Zəngəzur dəhlizi məsələsində ortaya eyni mövqe qoymağa başlayıblar"

Aİ diplomatiyasının rəhbəri Josep Borrell danışıqların bərpası üçün kommunikasiya kanallarını saxlamaq məqsədilə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) iştirakçıları, eləcə də ABŞ ilə əlaqə saxlayır. 

Armenpress-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İRNA-ya müsahibəsində Aİ-nin Xarici İşlər Nazirliyinin nümayəndəsi Piter Stano bildirib.

“Aİ-nin Ali Nümayəndəsi (Xarici İşlər və Təhlükəsizlik Siyasəti) Josep Borrell, JCPOA-nın koordinatoru olaraq, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə uyğun olaraq, iranlı həmkarları və sazişin bütün tərəfləri, eləcə də ABŞ ilə əlaqə saxlayır. İranla rabitə kanallarını açıq saxlamaqla nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək niyyətindədir”, - Stano vurğulayıb. Avqustun 14-də İran Parlamentinin Sosial Məsələlər Komissiyasının sədr müavini Möhsün Fəthi “Tasnim” agentliyinə deyib ki, hazırda İranın xarici işlər naziri postunu tutan Abbas Əraqçiyə görə, JCPOA-nın yenilənməsi mümkün yox, zəruridir. O əlavə edib ki, diqqəti Qərb sanksiyalarına qarşı mübarizəyə yönəltməliyik.

Bu iki mövqedən çıxış etdikdə nəticə ondan ibarət olur ki, JCPOA-nın yenilənməsi əslində dolayısı ilə İranın beynəlxalq aləmdə mövqeyinin mudafiəsi kimi anlaşılır.

Xatırladaq ki, JCPOA 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının Daimi Beşliyi və Almaniya tərəfindən İranın nüvə proqramının inkişafı ilə bağlı böhranı aradan qaldırmaq üçün imzalanıb. 2018-ci ildə ABŞ-ın o zamankı prezidenti, respublikaçı Donald Tramp sazişdən çıxmaq qərarına gəlib. Hazırkı Amerika lideri Co Bayden dəfələrlə Vaşinqtonu nüvə sazişinə qaytarmağa hazır olduğunu bildirib. 2021-ci ilin aprelindən Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa Vyanada İran tərəfi ilə JCPOA-nın orijinal formada bərpası ilə bağlı danışıqlar aparır. Bir neçə raund danışıqlardan sonra 2022-ci ilin noyabrında nəticəsiz başa çatdı. Hazırda İranın Zəngəzur dəhlizi ilə bağlı İrəvana yaxın mövqe tutması, dəhlizin açilmasına qarşi aqressiv bəyanatlar verməsi əslində Tehranın İrəvana dəstək addımları sayılır. İranın Ermənistana belə bir dəstək verdiyi vaxtda Avropa Birliyinin belə bir təşəbbüslə çixış etməsi, əslində dolayısı ilə Ermənistana dəstək deyilmi? İki hadisənin eyni vaxtda baş verməsi nə dərəcədə təsadüf ola bilər?

Məsələni şərh edən politoloq Tural İsmayılov bildirdi ki, İranın Zəngəzur dəhlizinə yanaşması birmənalı şəkildə onun ideoloji olaraq siyasi prosesləri dəyərləndirməsinin nəticəsidir: "Əslində İran bölgədə ağıllı və rasional yanaşma nümayiş etdirsəydi, Zəngəzur dəhlizinin rəsmi Tehran üçün də iqtisadi alternativ və nəfəslik rolunu oynaya biləcəyini dərk edə bilərdi. Bu gün bölgənin böyük gücləri Zəngəzur dəhlizi ilə bağlı ortaya mövqe qoyublar. Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanan 10 noyabr bəyanatının 9-cu maddəsi Zəngəzur dəhlizinin açilmasını özündə ehtiva edir. Lakin Ermənistan hələ də bu öhdəliyini yerinə yetirmir. Rusiya, Turkiyə və mərkəzi Asiyanin türk dövlətləri bununla bağlı mövqe ortaya qoyub. Lakin İran bunu şərhəd dəyişikliyi kimi qələmə verməyə uğursuz cəhd göstərir. Əslində sərhəd dəyisikliyinə cəhd 30 il müddətində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalda saxlanılması idi. Ancaq İran bu müddət ərzində hec bir mövqe nümayis etdirmədi, əksinə, Ermənistana dəstək oldu, ona iqtisadi nəfəslik açdi.

Bu gün Fransanın və Qərbin imperialist dairələrinin də Zəngəzur dəhlizi layihəsinə qarşı çıxdığinı düşünəndə, rəsmi Tehran guya Avropa ilə əks mövqedə dayansa da, Zəngəzur dəhlizinə qarşı siyasətdə Qərblə birlikdə addımladıği görünür. Borellin İranın nuvə proqramı üzrə koordinasiyali işin bərpa edilməsinə cəhdi də göstərir ki, Qərblə İran müəyyən məsələlərdə, o cumlədən Zəngəzur dəhlizi məsələsində ortaya eyni mövqe qoymağa başlayıblar".
 Akif NƏSİRLİ