Valyuta axını daha yüksəkdirsə, bank sektorumuz niyə qonşu ölkələrdən GERİ QALIR?
Azərbaycanın bank sektoru mənfəət baxımından qonşu ölkələrdən geri qalır. Belə ki, bu ilin ilk 6 ayının statistik göstəriciləri bunu deməyə əsas verir.
2024-cü ilin birinci yarısında Azərbaycanda fəaliyyət göstərən 23 bankın xalis mənfəəti 360 milyon ABŞ dolları (612.4 milyon AZN) olub. Müqayisə üçün bildirək ki, analoji dövrdə Gürcüstanın 17 bankının xalis mənfəəti 524 milyon dollara (1.5 milyard GEL) bərabər olub.
Beləcə, orta hesabla Azərbaycanın 1 bankının xalis mənfəəti 15.7 milyon dollar olduğu halda, Gürcüstanda bu göstərici 30.8 milyon dollar olub.
Halbuki, Cənubi Qafqazdakı ümumdaxili məhsulun 60 faizi Azərbaycanın payına düşür. Bundan əlavə, Azərbaycanın illik ticarət dövriyyəsi və ölkəyə xarici valyuta axını Gürcüstandan dəfələrlə çoxdur.
Bəs, nəyə görə iqtisadi sektordakı uğur maliyyə sektorunda görünmür?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, sözügedən problem bank sektorunda rəqabətin daha zəif olmasından qaynaqlanır:
“Bizdə banklar ancaq kredit verməklə işlərini bitmiş hesab edirlər. Əslində bu bir sələmçilikdir. Ona görə də banklar yalnız sələmçiliklə məşğul olduqları üçün digər alətlərdən istifadə etmirlər. Halbuki, dünya təcrübəsində bankların əlində 100-dən artıq maliyyə aləti var. Amma bizdə banklar əsasən iki işi aparır: əmanət toplamaq və sələmə pul vermək.
Banklar digər alətlərə ona görə müraciət etmirlər ki, onların bir çoxu risklər tələb edir. Ona görə də banklar bütün risklərdən qaçaraq ancaq iki funksiya yerinə yetirir. Bu da ona görədir ki, əmanətlərin əsas hissəsi sığortalanır. Eləcə də, verilən kreditlərin faizi çox yüksəkdir. Beləliklə də banklar öz vəsaitlərini bütün risklərdən qorumağa daha çox üstünlük verir. Bu da son nəticədə bankların gəlirlərinə mənfi təsir edir”.
Müsahibimiz hesab edir ki, rəqabət mühiti daha da inkişaf etsə, o zaman banklar rəqiblərini qabaqlamaq üçün daha çox alətlərdən istifadə edər:
“Bu da istər-istəməz bankların dövriyyəsinə və mənfəətinə müsbət təsir etmiş olar. Lakin bu rəqabət mühiti zəif olduğu üçün banklar daha az maliyyə alətlərindən istifadə edir. Bu da əhalinin banklara olan etibarını zədələyir.
Nəzərə alaq ki, hər il Azərbaycana ən azı 30-40 milyard dollar vəsait daxil olur. Bu qədər daxilolmanın fonunda banklar öz işlərini günün tələbləri səviyyəsində qura bilmədikləri üçün onların həm dövriyyəsi, həm də qazancları kifayət qədər kiçikdir. Yaxşı olar ki, “Banklar haqqında” qanuna yenidən baxılsın və bankların fəaliyyətini tənzimləyən digər qanun və qaydalara əlavə və dəyişikliklər edilsin, bank açmağın prodseduru sadələşsin.
Xarici bankların Azərbaycanda sərbəst fəaliyyətinə imkan verilməlidir. Əgər bunlar baş versə, o zaman Azərbaycanın bank sektorunda rəqabət mühiti qızışar”.
Surxay Atakişiyev