SOCAR-ın kontrakt altında olan torpağında restoran tikilir
Azərbaycanda SOCAR-ın balansında olan torpaqlarda qeyri-qanuni tikintilərin aparılması adi hal alib. Amma adətən SOCAR-ın balansında olan torpaqlarda imkansız ölkə vətəndaşları dövlət məmurlarına rüşvət verərək özünə yasayış evi tikir. Bu dəfə isə vəziyyət bir qədər fərqlidir. Məsələ ilə bağlı vətəndaş müraciətində bildirilir ki, SOCAR-ın balansında olan və Balaxanıda yerləşən torpaq sahəsində hansısa məmur restoran tikməyə hazırlaşır. Məsələ ilə bağlı "Neftçilərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlıya müracət etdik. Mirvari xanım bunları dedi:
- Bəli, bu barədə bizim təşkilata da şikayət daxil olub. Şikayətə ərazidən çəkilmiş fotoşəkillər və videolar də əlavə olunub.
Söhbət Balaxanı Əməliyyat Şirkətinin ərazisindən gedir. Sözügedən məkan SOCAR-a məxsus olan kontrakt ərazisidir. Yəni, 2010-cu ilin iyun ayında SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) və Sinqapurun “UQE-Lancer PTI. Ltd” şirkəti arasında Hasilatın Pay Bölgüsü haqqında” Saziş (UQE-Lancer PTİ Ltd - 75%, SOCAR ONŞ - 25%) bağlanıb. Ərazidə həm işlək, həm də bağlı neft quyuları var, yaşayış üçün risqlidir. Bununla bərabər, risqli ərazi uzun illər müvafiq şəxslər tərəfindən qeyri- qanuni olaraq, hissə-hissə əhaliyə satılmışdır.
Deməli, ortada maraqlı şəxslər olub və vardır. Həmin ərazidə torpaqların tikinti üçün satılması hazırda da davam edir. Yerində çəkilmiş videoların birində ərazidə restoran tikilməsi və həmin tikintinin Balaxanı ƏŞ-nin iki vəzifəli şəxsinə aid olduğu bildirilir. Məlumatda o da qeyd olunur ki, tikinti aparılacaq ərazidə mövcud olan neft buruğu da olub. Tikintiyə başlamazdan öncə həmin buruq demontaj olunub, ləğv edilib. İndi SOCAR-ın məsələyə münasibəti olmalıdır, lakin hələki susurlar…
Təzadlar.az