"44 günlük müharibədən sonra Ermənistanda çoxlu sayda silah yoxa çıxıb".
Lim10.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
"44 günlük müharibədən sonra böyük miqdarda itmiş silahımız var. Biz bu mövzunu bir neçə dəfə müzakirə etmişik, məsələ Təhlükəsizlik Şurasında da müzakirə olunub", - deyə o bildirib.
Baş nazir qeyd edib ki, daxili işlər nazirinə qanunsuz silah və sursatların axtarış metodologiyasını yenidən nəzərdən keçirmək tapşırığı verib.
"İstifadə etdiyimiz metodlar yeni çağırışlara cavab vermir", - deyə hökumət başçısı qeyd edib.
Paşinyan ölkədə qanuni silahların sayının artmasına da diqqət çəkib. O, silah əldə etmənin tolerant cəmiyyətin formalaşması baxımından nə dərəcədə məqbul olduğunu və bu məsələdə hansı istiqamətdə hərəkət etməyin lazımlığını dərk etməyin vacibliyini vurğulayıb.