"Son illər Qarabağ ətrafında baş verən hadisələrə görə günahkar Ermənistan rəhbərliyidir".
Lim10.az TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko respublikada yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşdə deyib.
"Qarabağda baş verənlər yalnız Ermənistan rəhbərliyinin günahıdır. Mən onları xəbərdar edirdim ki, torpaqları Azərbaycana qaytarın. Onlar özləri də etiraf edirdilər ki, "bu torpaqlar bizim ərazilərimiz deyil, bura Azərbaycan torpaqlarıdır, lakin biz təslim olmayacağıq, mübarizə aparacağıq" , - Lukaşenko bildirib.
Belarus prezidenti qeyd edib ki, o, İrəvanla Bakı arasında problemin sülh yolu ilə həllinə çağırıb.
"Sonra mən Putindən xahiş etdim və biz birlikdə Paşinyana dedik ki, məsələni həll etsin. O isə dedi ki, yox, biz döyüşəcəyik" , - deyə Lukaşenko bəyan edib.
Dövlət başçısı Nikol Paşinyana müraciət edərək deyib: "Niyə indi Rusiyadan, hətta bizdən inciyirsən? Sən özün etiraf etdin ki, Qarabağ Azərbaycan ərazisidir. Kim sənin dilindən dartıb çəkirdi ki? Özünə sahib ol. Amma indi könlünə Qərbə, Avropa İttifaqına getmək düşüb" , - Lukaşenko bildirib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin "ilk hücumları" Belarusa olub. "Aydındır ki, o, bizə hücum etsə də, Putini hədəfə alıb. Biz bunu yaxşı görürdük. Mən Putinə dedim ki, münasibətləri gərginləşdirməyə ehtiyac yoxdur. Erməni xalqı düşünməsin ki, biz ermənilərə qarşıyıq və gördüyünüz kimi, heç bir reaksiya vermədik" , - deyə Belarus prezidenti bildirib.
Lukaşenko vurğulayıb ki, Ukrayna və Ermənistanı Qərbdə heç kim gözləmir.