Tiblisidən Azərbaycan ekoloqlarına dəstək gəldi
Paytaxt Tbilisidə BMT-nın Gürcüstan nümayəndəliyi qarşısında Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində baş verən ekoloji problemlərə diqqət çəkmək məqsədilə dinc aksiya keçirilib.
Marneulidə yerləşən "Azərbaycan Evi"nin təşkilatçılığı və Alyans Gənclər Mərkəzinin və "Tea House" gənclər evinin dəstəyi ilə baş tutan aksiyada yerli icma təşkilatlarının nümayəndələri və gənclər iştirak ediblər. Dinc aksiya iştirakçıları beynəlxalq təşkilatları Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində separatçılar tərəfindən ekologiyaya vurulan ziyanla bağlı rəy bildirməyə və bu kimi hallara susmamağa çağırıblar. Əllərində Gürcüstan və Azərbaycan bayraqları tutan aksiya iştirakçıları "Ekoloji cinayətə son", "Stop ekoterror" kimi şuarlar səsləndiriblər. BMT-nin Tbilisi nümayəndəliyinin qarşısında keçirilən aksiyada iştirakçıları müraciət ünvanlayıblar. Müraciətdə Laçın-Xankəndi yolunda azərbaycanlı ekoaktivistlərin keçirdiyi aksiyaya dəstək də ifadə olunub:
BMT-nin ofisinə təqdim olunan müraciətdə deyilir: "Biz Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanda fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatları nümayəndələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarının dayandırılması tələbi ilə keçirilən etiraz aksiyasına dəstəyimizi bildiririk. Bu qanunsuz fəaliyyətlər regionda ekoloji gərginliyin yaranmasına səbəb olur. Buna etiraz etmək ətraf mühitin mühafizəsi, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir insanın borcudur. Biz Gürcüstanda yaşayan azərbaycanlılar milli və mənəvi vətənimiz Azərbaycanda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan ərazilərdə ekoloji vəziyyətin pisləşməsindən ciddi narahatıq. İqlim dəyişikliyi və su ehtiyatlarının tükənməsi kimi ciddi beynəlxalq narahatlıq doğuran məsələlər fonunda Azərbaycanın Qarabağ bölgəsində bir qrup cinayətkarın ardıcıl olaraq ətraf mühitə zərər vuran əməlləri etnik nifrətdən qaynaqlanır. Bu ərazilərdə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin qeyri-qanuni fəaliyyətə şərait yaratması və sistemli ekoloji terrorizmin qarşısını ala bilməməsi sülhməramlı qüvvələrin komandanlığının bir qrup cinayətkar oliqarxın təsiri altında olmasının göstəricisi hesab edirik".
Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on altı gündür davam edir.