“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA.”

Səxavət Əlisoy

Kitabdan hissələr-1

33 il əvvəl dünyanın iki ən qüdrətli dövlətindən biri- Sovet Sosialist Respublikalar İttifaqı ( SSRİ) tarixin səhifəsindən silindi. Yer kürəsinin quru hissəsinin altıda birində təşəkkül tapmış, 290 milyon əhaliyə malik, hərbi gücünə rəğmən cümlə dünyaya meydan oxuyan SSRİ nədən süqut etdi?
Məhz bu dağılma barədə yüzlərlə kitab, minlərlə məqalə yazıldı. Bu gün də yazılır və uzun zaman kəsimində SSRİ-nin süqutu aktual mövzu olaraq qalacaq.
Sovet İttifaqının dağılması ilə bağlı tarixçilərin, siyasətçilərin və araşdırmaçıların yazdıqlarına diqqət etdikdə o hasil olur ki, superdövlətin sonunu gətirmiş olan səbəblər dağılma ərəfəsinə yaranmayıb. Bu səbəblər SSRİ yaranandan formalaşmağa başlamışdı. O dövrdə yaşayanlara ayna tutmaq üçün iqtisadi statistikanın elə bir önəmi yoxdur. Yaşı 50-dən yuxarı olanların gözləri önündə baş verdi iqtisadi tənəzzül. O adamların hər biri nəhəng bir dövlətin dağılma prosesinin canlı şahididir.
Yaxın tariximizin o kəsiminə ötəri də olsa ekskursiya etmək oxucular üçün faydalı olar.
Nədən dağıldı bu nəhəng dövlət?

74 il yaşamış SSRİ-ni ona rəhbərlik edənlərə rəğmən şərti olaraq 6 mərhələyə bölməklə dağılma prosesini xronoloji olaraq izləməyin daha səmərəli olacağı qənaətindəyəm.
1. V. İ. Lenin mərhələsi ( 1922-1924)
2. İ. V. Stalin mərhələsi ( 1922-1953)
3. N. S. Xruşşov mərhələsi (1953-1964)
4. L. İ. Brejenev nərhələsi (1964-1982)
5. Y. V. Andropov mərhələsi (1982-198)
6. M. S. Qorbçov mərhələsi (1982-1991)
(Bu 6 nəfərdən başqa SSRİ-yə 6 ay Georgi Malenkov, 13 ay da Konstantin Çernenko rəhbərlik etdi. Onların fəaliyyətinin dağılma prosesində ciddi bir rolu olmadığı üçün barələrində nəsə yazmaq fikrində deyiləm,)

Lenin mərhələsi. Bu mərhələdən yazmazdan öncə proletariatın atası sayılan Leninin bioqrafiyasından bəzi nəsnələrə nəzər yetirək. M. Qorbaçovun “yenidənqurması” bəlli etdi ki, Leninin bioqrafiyasında kifayət qədər boşluqlar mövcuddur və o bioqrafiya Leninin layiq olmadığı faktlarla doldurulub.
SSRİ dönəmində Vladimir İliç Lenini dahi adlandırıdılar. Barəsində o qədər uydurmalar oldu ki, Leninin müqəddəs varlıq, bir mələk olduğunu düşünənlər vardı. Mixail Qorbaçovun “yenidənqurma və aşkarlıq” inqilabına qədər Lenin müqəddəs olaraq qaldı. Sonra bəlli oldu ki, davamlı olaraq sovet vətəndaşlarına Lenini göylərə qaldırmaq üçün nağıllar danışılıb. Əslində Lenin kim idi? Lenin müqəddəs varlıq yox, sıradan bir insan idi. Əylənməyi, yeyib içməyi sevən biri idi. Yazırdılar ki, Lenin kasıb yaşayırdı. Bəlli oldu ki, Lenin qara kürü, qırmızı balıq və elitar şərab vurğunu olub. Onu da yazırdılar ki, Lenin ateist idi. Məlum oldu ki, Lenin hələ körpə ikən vəftiz (xaç suyuna çəkilmə) olunmuş və 1916-cı ildə Nadejda Krupskaya ilə sürgündə olarkən evlənəndə kilsədə kəbin kəsdirmişdi. 60 il sovet xalqına sırındı ki, Lenin milliyətcə rusdur. Araşdırmalar göstərdi ki, Leninin ana tərəfdən ulu babası pravoslavlığa vəftiz edilmiş yəhudi Moşe Blankdır. Atasının əcdadlarının vəftiz olunmuş kalmıklardan olması iddia edilir. Leninin babası Nikolay Ulyanin Nijni Novqorod vilayətindəki doğulub yaşadığı kənd etnik çuvaşlardan ibarət idi. Buradan çıxan nəticə odur ki, Lenin təkcə rus yox, həm də yəhudi, alman, çuvaş, kalmık kökləri ola bilən bir insandır. Dünya proletariatı liderinin sifət cizgilərində rus izinin görünməməsi də məhz bundan qaynaqlanır.
60 il təbliğat maşını duyurdu ki, Lenin olduqca sadə, dəbdəbəni sevməyən və mütəvazi bir insan olub. Faktlar tam əksini göstərdi. Məlum oldu ki, Lenin inqilabdan sonra Rusiyanın keçmiş hökmdarlarından miras qalan lüks avtomobillərdə gəzdi. O, zadəgan Morozovanın dəbdəbəli Qorki mülkündə məskunlaşdı. Sovet hökuməti sadə vətəndaşların dahi saydıqları Leninin dəbdəbəli saray həyatını görməməsi üçün ölümündən sonra uzun müddət Qorkidə onun ev muzeyini açmaq istəmirdi. Muzey saraya “əl gəzdirildikdən” sonra vətəndaşların üzünə açıldı.
Cümlə sovet vətəndaşlarına Lenin əxlaq təcəssümü kimi tanıdılmışdı. Nadejda Krupskaya ilə evlilikdən Leninin uşağı olmadı. Gizli eşq yaşadığı İnessa Armanddan da uşağı yox idi. Sonsuzluğun səbəbi kimi Leninin keçirdiyi gizli sifilis xəstəliyi barədə fikirlər var…
SSRİ-nin Lenin mərhələsi zaman baxımından çox da uzun çəkmədi. Fəaliyyətinin əsas hissəsini ideya müəllifi olduğu sosializm sisteminin inşasına sərf edən Lenin bir sui-qəsdin qurbanı oldu və 54 yaşında dünyasını dəyişdi.
Qeyd etmək gərəkdir ki, 1916-cı ildə İsveçrədən Peterburqa qayıdana qədər Lenin Rusiyada elə də çox tanınmırdı. Hətta o, Rusiyada sosialist inqilabının tezliklə baş verəcəyinə belə inanmırdı. Məhz buna görə də yazırdı ki: “Biz qocalar, bəlkə də dünya inqilabının həlledici döyüşlərini görənə qədər yaşamadıq…”
Lenin mərhələsini SSRİ-nin dağılmasında birbaşa ittiham etmək ciddi olmaz. Nədən ki, o mərhələdə Lenin tərəfindən atılan addımlar SSRİ-nin təşəkkül tapmasına hesablanmışdı. Ancaq bu təşəkkülün arxasında gələcəkdə sosialist sisteminin dağılmasına rəvac verəcək dinamitlər dayanırdı. Onun hansı səhvləri olub? 1985-ci ilə qədər Leninin səhvlərindən yazmaq yox, danışmaq belə mümkün deyildi. Sovet vətəndaşlarının 1985-ci ildən sonra “dili açıldı.”
M. Qorbaçovun arxivləri əlçatan etməsi bir çoxları kimi Leninin də gerçək kimliyini sovet xalqına göstərdi.
Tam bir nonsens təzahür edirdi. Sovet vətəndaşları qorxub çəkinmədən dahi rəhbərin səhvlərini danışırdı.
1. Birinci səhv. İnqilab ərəfəsində bolşevik partiyasının populyar olmasına baxmayaraq Lenin nəyin bahasına olursa-olsun hakimiyyəti ələ keçirməyi qarşısına məqsəd qoymuşdu. “Qığılcımdan alov yaranır” şüarı ilə hərəkət edən Lenin gələcəkdə zorakılıq, vətəndaş qarşıdurması və qətllər üçün yaşıl işıq yandırırdı. Bu şüardan illərlə davam edən vətəndaş müharibələri doğdu. Zorakılığa söykənən system dağılmağa məhkumdur və bu dağılma 1991-ci ildə gerçəkləşdi.
2. İkinci səhv. İdarəetmə forması olaraq diktauranın seçilməsi idi. Lenin parlament idarəetmə sistemini məqbul saymadı, Fəhlə-kəndli diktaturası bir qrup insanın diktaturası ilə əvəz olundu. Bir qrupun diktaturası isə nəticə olaraq bir şəxsin diktaturasına çevrilməli idi və bu da İosif Stalinin timsalında özünü biruzə verdi
3. Üçüncü səhv. Ondan ibarət idi ki, kommunist partiyası ideoloji partiya olmaqdan uzaqlaşdı və özünü bir təşkilat kimi göstərməyə başladı. Partiya ümumi ideyalar, prinsiplər, inanclar və ümumi dünyagörüşü ilə birləşən insanlar qrupudur. Təşkilat isə fəaliyyəti daxili qaydalara tabe olan struktur birlikdir. Kommunist partiyasına verilmiş bu səlahiyyət çox dəhşətli bir dinamit idi. Bu dinamit 70 il sonra partladı və ən birinci Kommunist partiyasının özünü məhv etdi.
Stalin mərhələsi. Vladimir İliç Lenin tərəfindən bünövrəsi qoyulan diktatura İosif Stalin dönəmində öz bəhrəsini Verdi. Stalin Leninin ölümündən sonra partiyanı ələ kemirərək, SSRİ-yə mütləq hakim olmaq üçün fəaliyyətə başladı. Stalinin diktatura rejimini möhkəmləndirmək üçün ən birinci silahı repressiya oldu.
Nikita Xruşovun dövründə yaradılmış komissiyanın məlumatına əsasən, 1921-1953-cü illərdə SSRİ-də 25-26 milyon insan repressiyaya məruz qalıb.
17 mlyon insanın cəzasını QULAQ düşərgələrində çəkdiyi, onlardan onda birinin oradaca öldüyü qeyd olunur.
Repressiya olunanlardan 7 milyonun mülki müsadirə edilib, özlərisə sürgün olunub.
1989-cu ildə SSRİ KGB-si 1921-1953-cü illərdə siyasi repressiyaya məruz qalanların sayını 799 455 nəfər kimi göstərərək onlardan 681 692 nəfərin 1937-1938-ci illərdə repressiya olunduğunu qeyd edib.
Bundan əlavə, II Dünya Müharibəzi illərində 153 000 insan hərbi tribunalların qərarı əsasında güllələnib. Daha 115 000 adam istintaq dövründə, böyük ehtimalla, işgəncələrə dözməyərək ölüb.
Stalin özünə rəqib hesab etdiyi partiya funksionerlərini əlində terror maşını kimi saxladığı NKVD vasitəsi ilə məhv edirdi. Sovet vətəndaşları repressiya illərində gerçək bir kabus yaşayırdı. Stalinin başında dayandığı Kommunist Partiyası SSRİ-də “qorxu imperatorluğu” inşa edirdi. Kommunist partiyası qəzetlərdə, radio-televiziyada xalqın rifahı naminə gecə-gündüz əziyyət çəkən bir ideoloji qurum kimi qələmə verilirdi. Əsl həqiqətdə isə bu partiaya “qırmızı terror” təşkilatına çevrilmişdi.
Sıravi insanlar qorxudan səslərini çıxarmırdı. Ziyalılar lal olmaq zorunda idi. Danışmaq istəyəni ya sürgün, ya da, edam gözləyirdi.
Leninin himnini qoyduğu diktatura rejimindən bəhrələnən Stalin Sovet İttifaqında “QULAQ ARXİPELAQI” yaratmağa nail olmuşdu.
Kommunist partiyası üçün insan faktorunun heç bir önəmi yox idi. Sovet vətəndaşları mədənlərdə, fabrik-zavodlarda gecə-gündüz ən ağır şərtlər altında çalışırdı. Əməkləri müqabilində aldıqları fəxri-fərmanlar, orden-medallar onların “xöşbəxt yaşamının” göstəriciləri idi.
Məhz Stalin dönəmində Kommunist Partiyasına inam sarsılmağa başladı. Dünyanın heç bir dövlətində vətəndaşlar SSRİ-dəki qədər zülmə, işgəncəyə, səfalətə, terrora, repressiyaya məruz qalmadı. Dünyanın heç bir hökmdarı Stalin qədər öz xalqını məhv etmədi.
26 milyon Sovet vətəndaşı Stalin repressiyasının qurbanı oldu. Bir o qədər də Sovet vətəndaşı İkinci dünya müharibəsində həyatını itirdi.

Xruşşov mərhələsi. Stalinin ölümündən sonra Kommunist Partiyasının Baş katibliyini ələ keçirən Xruşşovun ilk işi Stalinin törətdiyi cinayətləri açmaq oldu. Stalinin ölüm xəbəri duyurulan zaman saçını yolub başına vuran, göz yaşları tökən Sovet vətəndaşları Xruşşovun Stalinin əməllərini açmaq üçün yaratdığı komissiyaların açıqlamaları ilə tanış olandan sonra dəhşətlər yaşadı. Psixoloji pozğunluğa məruz qalmış adamlar çarəsiz idi. Depressiya vəziyyətində olan sovet vətəndaşları Nikita Xruşşovdan hüzurlu həyat gözləyirdi. Nikita Xruşşov da 1961-ci ilin oktyabr ayında Kommunist Partiyasının XXII qurultayında 1980-ci ilə qədər KOMMUNİZM cəmiyyətinin qurulacağı barədə Proqram qəbul etdi. Xruşşov bu qurultayda bəyan etdi ki, Sovet İttifaqında artıq sosializm tam olaraq qurulub. Bundan sonrakı vəzifəmiz kommunizm qurmaqdan ibarətdir. Bu məqsədə çatmaq üçün Xruşşov 20 il zaman müəyyən etdi. Kommunizmdə necə yaşayacaqdı, sovet vətəndaşları? Hər kəsin evi olacaqdı, maaş belə verilməyəcəkdi, hər şey pulsuz olacaqdı. Adamlar tələbatları müqabilində anbarlardan istehlak malları götürəcək, geyimlə təmin olunacaqdı. Təhsil, səhiyyə tam pulsuz. Bir sözlə, kommunizm bir cənnət.
Bu proqramın qəbul edilməsi sadə insanları ruhlandırdı. Onlar kommunizm xülyası ilə yaşamağa başladı. Bir az dərin düşünənlər Xruşşovun vəd etdiyi kommunizmin bir utopiya olduğunun fərqində idi və bu proqrama ironiya ilə yanaşırdı.
Sovet rejimini qəbul etməyən yazarlar kommunizm haqqında anonim şəkildə satirik şeirlər yazırdı. Belə şeirlərdən birini də Azərbaycanda yazmışdılar. Şeirin bir bəndi belə idi:
Ağ şalvarda qara yamaq
Əlimizdə uzun çomaq
Yerimizdə dayanaraq,
Kommunizmə gedirik biz...
Nikita Xruşşov kommunizm quruculuğuna qollarını çırmadı. Və ard-arda ciddi ideoloji səhvlərə yol verdi. Kommunizm cəmiyyəti dinsiz bir cəmiyyət olacağından Xruşşov kilsələrin bağlanması ideyasını irəli sürdü. Ziyalılar bu fikrə təpki göstərdi. Xruşşov onlara əsla məhəl qoymurdu. Əslində onun ziyalılarla müzakirələr aparmağa mədəniyyəti çatmırdı. Dərin savadı yox idi. Şaxtada işləmişdi. (Yeri gəlmişkən, İosif Stalinin də yetərincə savadı yox idi. Tiblis ilahiyyat seminariyasından bisavadlığına görə qovulmuşdu.)
Xruşşov 1931-ci ildə ikiillik Ümumittifaq Sənaye Akademiyasını bitirmişdi. Bu akademiya orta məktəb həcmində təhsil verirdi və Kommunist Partiyasının savadsız rəhbərləri adətən, adını bura yazdırırdılar. 1941-ci ildə akademiya ləğv olundu.
Baş Katib olduğu illərdə Nikita Xruşov özünü 3 dəfə Sosialist Əməyi Qəhrəmanı, bir dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adı ilə təltif etdi. Baş Katibliyi dönəmində öz fərmanı ilə öz yaxasına dörd dəfə Lenin ordeni asdı.
SSRİ-nin üç dəfə qəhrəmanı olan Xruşşov Baş Katibliyə 3 ideolji xəta ilə başamışdı. O xətalar SSRİ-nin zəifləməsində ciddi rol oynadı.

Davamı olacaq