"Lazım gələrsə, Vaşinqton Ermənistan və Azərbaycan nümayəndələrinin görüşünü təşkil etməyə hazırdır".
Lim10.az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller brifinq zamanı bildirib.
O, dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə telefon danışıqlarını şərh edərək, iki ölkə nümayəndələrinin Nyu-Yorkda yeni görüşünün mümkünlüyü ilə bağlı suala cavab verib.
"Əlbəttə ki, biz həmişə Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini dəvət etmək imkanları axtarırıq. Biz hər iki ölkənin davamlı və ləyaqətli sülh sazişinə nail olmaq səylərini dəstəkləməyə davam edirik. Onlar sülh sazişinin tamamlanmasında əhəmiyyətli irəliləyiş əldə ediblər və biz onları mümkün olan hər bir yolla, o cümlədən faydalı olarsa, görüş təşkil etməklə dəstəkləməyə çalışırıq", - deyə Miller bildirib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə son görüşü iyulda baş tutub.