MİNİMUM ƏMƏKHAQQI QANUNİDİRMİ?

Əkrəm Həsənov


Prezidentin dünənki Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 300-dən 345 manatadək artırıldı. Bu məbləğin iqtisadi cəhətdən nə dərəcədə adekvat olduğuna toxunmayacağam (bəzi iqtisadçılar ümumiyyətlə hesab edir ki, bu məbləğin müəyyən edilməsi bazar iqtisadiyyatına və son nəticədə elə işçilərin maraqlarına mənfi təsir edir).
Sırf hüquqi yanaşmanı açıqlayacağam: 1) Sərəncamın hüquqi qüvvəsi; 2) məbəğin qanuniliyi.

1. Əvvəla, hər dəfə bu qərarın sərəncamla tənzimlənməsi Konstitusiyaya uyğun deyil. Belə ki, Konstitusiyanın 35-ci maddəsinin VI hissəsinə əsasən hər kəsin dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Dövlət adından Prezident onu hansı aktla müəyyən etməlidir?
Konstitusiyanın 113-cü maddəsinin I hissəsinə görə ümumi qaydalar müəyyən etdikdə Prezident fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa əsasən fərman normativ hüquqi akt, sərəncam isə qeyri-normativ aktdır. Normativ hüquqi akt (fərman) məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş sənəddir. Qeyri-normativ akt (sərəncam) isə konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan sənəddir.
Göründüyü kimi, sərəncam ümumi qayda (hüquq norması) müəyyən edən akt deyil. Minimum əməkhaqqı miqdarı isə məhz ümumi (dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş) qaydadır. Buna görə də sərəncamla deyil, fərmanla müəyyən edilməlidir. Müqayisə üçün Konstitusiyanın 38-ci maddəsinin IV hissəsinə əsasən təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Qanun da normativ hüquqi aktdır.
Nəticə: Azərbaycanda minimum əməkhaqqı məbləği müəyyən edilməyib. Minimum əməkhaqqı miqdarına dair hüquq norması olmadığı üçün onun pozulması da mümkün deyil. Yəni hər hansı işəgötürən işçiyə Sərəncamla müəyyən edilmiş məbləğdən (345 manat) aşağı əməkhaqqı verdiyinə görə məsuliyyətə cəlb oluna bilməz. Xatırladıram ki, belə məsuliyyət İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə müəyyən edilib: vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir. Lakin bu məsuliyyət o halda yarana bilər ki, Prezident həmin məbləği fərmanla müəyyən etmiş olsun.

2. İndi isə məbləğin (345 manat) özünün nə dərəcədə qanuni olduğuna toxunaq. Daxili qanunvericiliyimiz minimum əməkhaqqı məbləğinin hansı meyarlar əsasında müəyyən edilməsini tənzimləmir. Lakin dövlətimiz bu məsələ üzrə iki beynəlxalq müqavilə əsasında üzərinə öhdəlik götürüb: 1992-ci ildə BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq paktı və 2004-cü ildə Avropa Sosial Xartiyası. Paktın 7-ci maddəsinə, Xartiyanın isə 4-cü maddəsinin 1-ci bəndinə əsasən onlara qoşulmuş dövlətlər işçilərin əməyinin işçilərə və ailələrinə layiqli həyat səviyyəsini təmin edəcək dərəcədə ödənilməsi hüququnu tanıyırlar. Bu hüququn həyata keçirilməsinə o cümlədən qanunda maaşların müəyyən edilməsi yolu ilə nail olunmalıdır.
Nədir layiqli həyat səviyyəsi? Tutaq ki, lap ən aşağı səviyyə – yaşayış minimumunun məbləğidir. Yəni acından ölməmək səviyyəsi. 2023-cü il üçün qanunla yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün isə 220 manat məbləğində müəyyən edilib. Tutaq ki, ailədə cəmi üç nəfər var: ər, arvad və uşaq. Onların toplum yaşayış minimumu məbləği 742 manat təşkil edir: 261+261+220. İşləyən təkcə ərdir və minimum əməkhaqqı məbləğində, yəni 345 maaş alır. Bu məbləğ ailənin yaşayış minimumu səviyyəsindən iki dəfədən çox azdır. Yəni həm ər, həm də arvad işləsə belə, onların toplum minimum əməkhaqqı məbləği cəmi 690 manat təşkil edəcək. Açıq-aşkardır ki, 345 manat işçinin və ailələsinin layiqli həyat səviyyəsini təmin etmir.
Sosial hüquqlar üzrə Avropa komitəsi isə ümumiyyətlə hesab edir ki, layiqli həyat səviyyəsini təmin edən əməkhaqqı ölkə üzrə orta əməkhaqqının azı 60%-ni təşkil etməlidir (ölkədə yaşamağın qiyməti nəzərə alınmaqla). Dövlət Statistika Komitəsinin ötən ilin noyabrın 1-nə olan məlumatına əsasən ölkə üzrə orta aylıq əməkhaqqı 827,9 manat təşkil edib. Həmin məbləğin 60%-i 496,74 manat təşkil edir. Komitənin qənaətinə görə minimum əməkhaqqı orta aylıq əməkhaqqı məbləğinin 50%-dən (413,95 manat) az olduğu halda Xartiyanın layiqli həyat səviyyəsinə dair tələbi birmənalı pozulmuş olur. Bu, artıq yoxsulluq səviyyəsidir.
Nəticə: Azərbaycan minimum əməkhaqqı məbləğinə dair üzərinə götürdüyü beynəlxalq öhdəliyə riayət etmir. Həmin məbləğ 345 manat deyil, ən azı 413,95 manat olmalıdır.