Finsayağı xoşbəxtlik - əsil xoşbəxtlik
Ərəstun Oruclu
5 ildir ardıcıl olaraq dünyanın ən xoşbəxt ölkəsi olan Finlyandiyanın Aalto Universitetinin əməkdaşı, fəlsəvə və psixologiya üzrə fəlsəfə doktoru, xoşbəxtliyin əsaslarını araşdıran Frank Martela finlərin heç zaman etmədikləri 3 şey haqqında yazır.
Məqalə cnbc.com saytında dərc olunub. Maraqlananlar üçün onun orjinalı (ingiliscə) şərhlər bölümündə.
1. Biz özümüzü qonşularımızla müqayisə etmirik.
Məşhur fin şairi deyib: xoşbəxtliyini müqayisə etmə və onunla lovğalanma. Finlər bunu ürəkdən qəbul edirlər. Xüsusilə də maddiyyata və sərvətini nümayiş etməyə gəldikdə.
Bir dəfə zəngin bir kişini müşahidə etdim. O, uşaq arabasında (kolyaskada) körpəni aparırdı və tramvay dayanacağına gedirdi. Halbuki özünə bahalı maşın ala və ya sürücü götürə bilərdi, amma o, ictimaiyi nəqliyyata üstünlük verirdi. Finlyandiyada uğur bu, deməkdir: hamı kimi olmaq.
Xoşbəxtlik üçün tövsiyyə: xoşbəxt görünməkdən çox səni xoşbəxt edən səbəblərə fokuslan. Xoşbəxtliyə doğru ilk addım özünü başqaları ilə müqayisə etməkdəndə öz xoşbəxtlik meyarlarını yaratmaqdır.
2. Biz təbiətin üstünlüklərini nəzərdən qaçırmırıq.
2021-ci ilin sorğularına əsasən finlərin 87% hesab edir ki, təbiət onlara ruhi sakitlik, rahatlıq və enerji verdiyi üçün vacibdir.
Finlyandiyada 4 həftəlik yay tətili (məzuniyyət) verilir.
Bir çox insanlar həmin vaxtı təbiətə qovuşmaq üçün əyalətlərə (kəndlərə) yollanırlar. Burda zəruri sayılan komfortlar da (hətta elektrik və su) nə qədər az olarsa bir o qədər yaxşıdır.
Xoşbəxtlik üçün tövsiyyə: təbiətlə ünsiyyətdə olmaq həyat eşqini artırır, əhvalı yüksəldir və fərdi yüksəliş hissi verir. Bunun üçün həyatına yaşıllıq qatmağın yollarını axtarmaq lazımdır. Heç olmazsa ev üçün müəyyən bitkilər almaq.
3. Biz toplumda etimadı sındırmırıq.
2022-ci ildə dünyanın 16 şəhərində 192 "pulqabı itirilməsi" eksperimenti keçirilmişdir. Helsinkidə itirilmiş 12 pulqabından 11-i sahibinə qaytarılmışdır.
Finlər bir-birinə güvənməyi və vicdanlı olmağı dəyərləndirirlər. Əgər sən tramvayda mobil telefonunu və ya kitabxanada laptopunu unutmusansa əmin ol ki, onu geriyə alacaqsan. Finlyandiyada uşaqlar məktəbə və evə getmək üçün nəzarətsiz ictimai nəqliyyatdan istifadə edirlər və bayırda oynayırlar.
Xoşbəxtlik üçün tövsiyyə: özünü icmaya (topluma) təqdim etmək barədə düşün. Sən necə daha çox etimad qazana bilərsən? Necə etimadın yaranmasına dəstək ola bilərsən? Tanımadığın birinə qapını açmaq və ya qatarda kiməsə yer vermək də buna xidmət edir.
P.S.: Xoşbəxt olmaq üçün həqiqətən də çox şey lazım deyilmiş. Sadəcə bunu istəmək və buna çalışmaq lazımdır.
Çalışın, xoşbəxt olun. Ondan ətrafdakılara da mütləq pay düşəcək.