Gürcüstanda kasib əhalinin işıqpulu güzəştli olacaq
Gürcüstanda reytinq balı 70 min və ondan az olan ailələrə istehlak etdikləri elektrik enerjisinin ödənişinə dövlət yardım edəcək.
Bu barədə Maliyyə naziri Laşa Xutsişvili məlumat verib.
Onun sözlərinə görə, elektrik enerjisinin tarifinə ayrılan subsidiya iki hissəyə bölünəcək: “Ölkənin sosial istiqamətdə üzərinə götürdüyü bütün öhdəliklər 2023-cü ildə də davam etdiriləcək. Sosial cəhətdən həssas ailələrin elektrik enerjisi xərclərinin subsidiyalaşdırılmasını nəzərdə tutan yeni proqram aşağıdakı prinsip əsasında fəaliyyət göstərəcək. Belə ki, 70 000 və daha az reytinq balı olan ailələrin elektrik enerjisinin tarifi 1 kvt/saata 12 tetri, 70-150 min ballıq ailələrə isə elektrik enerjisinin tarifi təxmini olaraq 3.5 tetri subsidiyalaşdırılacaq. Bu istiqamətdə 2023-cü ilin büdcəsindən 12 milyon lari ayrılacaq”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, hazırda 1 manat 1,59 lariyə ticarət edilir.