Zəngəzur dəhlizi qlobal əhəmiyyət kəsb edir
Zəngəzur dəhlizi həm Azərbaycan və qonşu dövlətlər, həm də daha böyük coğrafiya üçün strateji layihədir. Çünki Zəngəzur dəhlizi Sərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli versiyasının bir hissəsi kimi nəzərdən keçirilir.
Müasir dünyada iqtisadi inkişafın əsası lokomotivlərindən birini də yükdaşımalar üçün nəzərdə tutulan nəqliyyat dəhlizləri təşkil edir. Azərbaycan yerləşdiyi coğrafi mövqeyinə görə cəlbedici olmaqla yanaşı, həm də dinamik inkişaf edən dövlətdir. Təsadüfi deyil ki, nəqliyyat-tranzit sahəsində Azərbaycanın həyata keçirdiyi və iştirak etdiyi bir sıra beynəlxalq layihələr ölkəmizə iqtisadi dividentlər gətirməklə yanaşı, eyni zamanda, siyasi zəmanət də qazandırıb. Bu sırada Bakı-Tbilisi-Qars dəmir yolunu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini göstərmək olar. Azərbaycanın iştirak etdiyi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi də xüsusi əhəmiyyət daşıyan iqtisadi layihələrdən biridir.