Valensiyada dağıdıcı daşqınlardan sonra təbii fəlakət daha bir böyük İspan şəhərini vurub.
Lim10.az bu barədə officelife.media-ya istinadən xəbər verir.
Məlumata görə, noyabrın 4-də, bazar ertəsi günü Barselonada qırmızı təhlükə səviyyəsi elan edilib. Orada hava limanı və bəzi yaşayış rayonları su altında qalıb, lakin hələlik zərərçəkənlər barədə məlumat yoxdur.
İspaniyanın ikinci ən böyük "El-Prat" hava limanında uçuş-enmə zolağının və təyyarə dayanacaqlarının bir hissəsi su altında qalıb. Nəticədə 80-dən çox reys ləğv edilib və ya gecikdirilib. Şəhərlə dəmir yolu əlaqəsi dayandırılıb.
Şəhər yaxınlığındakı magistral yolda subasma səbəbindən yüzlərlə avtomobil yığılıb. Bəzi küçələr su ilə dolub. Elit kottec rayonları da zərər çəkib. Xüsusilə, məşhur futbolçu Robert Levandovskinin evinin qismən su altında qaldığı bildirilir.
Yerli hakimiyyət orqanları sakinlərə mesajlar göndərərək, zərurət olmadan avtomobillərlə çıxmamağı, yeraltı dayanacaqlardan və aşağı yerlərdə olan məkanlardan uzaq durmağı xahiş edir.
Hazırda ən azı 6700 hərbçi və İspaniyanın 6000 milli polis və mülki qvardiya əməkdaşı yağış və daşqınlardan zərər çəkmiş ərazilərdə xidmət göstərir.
Qeyd edək ki, Valensiyada daşqın nəticəsində ölənlərin sayı artıq 217 nəfərə çatıb.