Su sayğacı kimin hesabına dəyişdirilməlidir?
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 6.5 və 6.10-cu bəndlərinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən həyata keçirilir”.
Bunu açıqlamasında vəkil Ramin Sadıxzadə deyib.
O bildirib ki, su təchizatı və kanalizasiya müəssisəsinin əməkdaşları tərəfindən sıradan çıxmış sayğaca görə abonentə borc hesablanarsa belə, bu halda vətəndaş tərəfindən həmin borcun silinməsi üçün məhkəməyə müraciət oluna bilər.
“Xatırlatmaq istəyirəm ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26.07.2007-ci il tarixli qərarına əsasən “Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “af irmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar faktehtimallarından irəli gələ bilər. Qərarın məzmunundan göründüyü kimi, su sayğacının sıradan çıxmasının məhz abonent tərəfindən olunması su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən sübut olunmalıdır. Abonent əksini sübut etməyə məcbur deyil”, – deyə vəkil qeyd edib.