"DİNDƏ MƏCBURİYYƏT YOXDUR"
Siracəddin HACI
Dində məcburiyyətin olmadığını özündə ehtiva edən ayə, Qurani-Kərimin Bəqərə surəsinin 256-cı ayəsidir, məcburiyyət dində yoxdur, dində məcburiyyət, məcburiyyət varsa, deməli, din yoxdur;
- Ayənin Qurani-Kərimi o biri ayələri ilə, o sıradan ondan öncə gəlmiş ayətəl-kürsi ilə qırılmaz bağı var – ilahi mətn bir bütündür, O, ayələri arasında bağ qurularaq oxunmalıdır: Allah öncə insanları infaqa təşviq etdi, infaq etməyi asanlaşdırmaq, onu bir həyat biçiminə çevirmək üçün Allah yolunda – Onun sevdiyi işlərə, bir tək Onun rizasını qazanmaq məqsədi ilə - verin buyurdu, infaqın önəmini açıqladı – infaq imanın, mərhəmətin, ədalətin, ümmət şüurunun, barışın bir parçasıdır, sonra sərvət təsəvvürü inşa etdi, nəhayət, ayətəl-kürsidə doğru Allah təsəvvürünün ana ölçülərini açıqladı, Allahı tanıtdı, Onu doğru tanıyan mütləq infaq edər...;
İnsanın Allahı doğru tanıması üçün ana ölçülər açıqlandıqdan sonra onun seçim haqqı bəyan olunur: dində məcburiyyət yoxdur. Burada din deyilərkən iman əsaslarını, ibadətləri, gözəl əxlaqı əhatə edən, Allahın seçdiyi həyat biçimi, doğru yol, hidayət nəzərdə tutulur. Allahın müəyyən etdiyi həyat tərzinin ölçüləri açılqlanmışdır, seçim insana aiddir;
İnsan başqa varlıqlardan seçilmişdir, o, ağıllı, iradəli, vicdanlı, məsuliyyətli varlıqdır;
- Ağıl və iradə bir-birinə bağlıdır, ağıl doğru çalışsa, iradə də öz işini yerinə yetirər;
- Məcburiyyət ağılı öldürər, ağılın öz işini, ilahi missiyasını yerinə yetirməsinin şərti azadlıqdır. Azadlıq həyatın mənası deyil, ancaq həyatın mənasını anlamaq üçün ilk şərtdir – vasitədir;
- Məcburiyyət iradəni öldürər – məcburiyyət varsa, iradə yoxdur, seçim imkanı itirilmişdir. Anlamayan (ağıl) tanımaz, tanımayan doğrunu seçməz (iradə), seçməyən sevməz, nifrət edər, ilahi təyinatını yerinə yetirə bilməz;
- Məcburiyyət məsuliyyəti öldürər, məcbur olan məsul olmaz;
- İnsana azadlıq verməsən, məsuliyyət duyğusu inkişaf etməz, məsuliyyət olmasa, insanlıq ölər;
- İslamıın yolu məcburiyyət deyil, inandırmaqdır, inandırmağın əsası dəlildir, elmdir;
- Məcburiyyət vicdanı mərhəmətdən məhrum edər, mənə nə anlayışı formalaşdırar;
- Məcburiyyət qorxuya, qorxu nifrətə yol açar, o da əxlaqı pozar;
- Seçim də, seçdiyinin məsuliyyəti də insana aiddir;
- Azadlığın olmazsa olmaz şərtlərindən biri də “yox” demək imkanının olmasıdır, yox deməkdir;
- Kölə iradə (seçim) haqqı əlindən alınmış insandır;
- İnsan ağıllı, iradəli, azad, məsuliyyətli varlıq olmasa idi, imtahan da olmazdı;
- Məcburiyyət olsa, cəza və mükafatın, cənnət və cəhənnəmin anlamı qalmaz;
- Məcburiyyət olsa, Allahın din, Kitab, Elçilər göndərməsi mənasını itirər;
- Heç kimsə Allahın vəkili, din, iman, əxlaq polisi deyildir;
- İnsana seçim haqqı verməmək ağılı, vicdanı, iradəni, məsuliyyəti, elmi öldürmək, cəhalətin, zülmün, zorakılığın, diktatorluğun yolunu açmaqdır;
- İnkişafın, gözəl əxlaqın, birgə yaşayışın əsası sağlam ağıl, iradə azadlığı, mərhəmətli vicdan, fərqliliyi qəbul etməkdir;
- Məcburiyyət varsa, fərqlilik yoxdur, fərqlilik olmasa, tanıma, inkişaf, yarış, zənginlik olmaz;
- Allah insanın Ona inanmasını istəyir, buyurur ki, anlamlı həyatın yolu budur, ancaq O, məcbur etmir, məcbur etsə idi, ağıl, iradə, vicdan, məsuliyyət verməzdi, bu nemətlər ona görə verildi ki, insan doğrunu seçsin, ancaq onun yanlışı seçmək imkanı da var;
Allahın insana iradə - seçim haqqı verdiyini bəyan edən ayələrə örnəklər göstərək:
- İstəyən iman etsin, istəyən küfür (18/29), Kim hidayətə qovuşarsa, öz lehinə qovuşmuş olar, kim də dəlalətə yönələrsə (saparsa, azarsa), öz əleyhinə yönəlmiş olar (17/5), Məndən istəyin ki, verim (40/60), Biz hər insanın qədərini öz əməyinə bağlı qıldıq (17/13), İman edənlər və saleh əməli olanlar qurtulmuşdur (113/3), İnsan üçün ancaq çalışmasının - əməyinin qarşılığı var (53/39);
- Dində, eləcə də bütün işlərdə məcburiyyət olsa, insana seçim haqqı verilməsə, nə baş verər? Münafiqlərin – ikiüzlülərin sayı çoxalar, ağıl, iradə ölər, əxlaq çökər, güvən itər, nifrət artar, barış, hüzur, etimad içində birgə yaşayış imkansız olar;
- İnsan azad iradəsi ilə seçdiyi dəyərləri sevər, inanar, onun uğrunda mücadilə edər, o dəyərləri həyatına daşıyar;
- Din insanı seçimə məcbur etməz, doğrunu seçməsinə yardım edər;
- Məcburiyyət olsa, insanın seçim haqqı əlindən alınsa, İrandakı siyasi, iqtisadi, mədəni, dini zülm, üsyan ortaya çıxar, xurafələr ayaq tutub yeriyər, ölkə xarabaya çevrilər;
- Dinin əsası ixlas və səmimiyyətdir, bu da azad seçimlə gerçəkləşər;
CÜMƏMİZ MÜBARƏK OLSUN, ALLAH AĞLIMIZA, VİCDANIMIZA, İRADƏMİZƏ BƏRƏKƏT VERSİN, GÖZƏL İNSANLAR!