Yunanıstan İrəvana S-300 raketləri verər, biz də onun qazını kəsərik...
Hindistan Ermənistana “Pinaka” silah sistemləri tədarükünə başlayıb
IRNA xəbər verib ki, Hindistanın müdafiə mənbələri “Pinaka” reaktiv yaylım atəş sistemlərinin ilk partiyasının Ermənistana göndərildiyini açıqlayıb. Hindistan eyni vaxtda Ermənistana “Akaş” Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin tədarükünə başlayıb.
Məlumata görə, “Pinaka” sistemlərinin tədarükü ilə bağlı müqavilə iki il öncə Hindistan və Ermənistan şirkətləri arasında uzun danışıqlardan sonra imzalanıb.
Yunanıstan isə arsenalında olan Rusiya istehsalı hava hücumundan müdafiə vasitələrini Ermənistana göndərəcək. Bu barədə məlumatı yunan mətbuatı yayıb. Qeyd edilir ki, Yunanıstan Silahlı Qüvvələri öz arsenalından Rusiya istehsalı sistemləri çıxarmaq və köhnə sistemləri yeni Qərb texnologiyası ilə tam əvəzləmək niyyətindədir. Bu səbəbdən də, Yunanıstanın Milli Müdafiə üzrə Baş Qərargahı Rusiya istehsalı “S-300”, “Tor-M1” və “Osa” sistemlərini Ermənistana göndərəcək. Bunun əvəzində isə Yunanıstan İsraildən təqribən 2 milyard dollar dəyərində yeni sistemlər alacaq.
Hindistan Ermənistanı silahlandırmaqda davam edir. Məqsəd revanşa hazırlıqdırmı?
Əli Orucov: "Hindistanın sağçı-millətçi Modi iqtidarını Ermənistanın sonrakı taleyi düşündürmür"
Politoloq Əli Orucov məsələyə dair baki-xeber.com-a açıqlanasında bildirdi ki, Hindistan Ermənistanı sürətlə silahlandıran və müasir hərbi texnologiya ilə təmin edən ölkələrdən biridir: "Ermənistanla Hindistan arasında hərbi-texniki əməkdaşlığın intensiv inkişafı, təbii ki, Cənubi Qafqazda gərginliyin artmasına, eskapasiya təhlükəsinin artmasına rəvac verir. Artıq HHM sistemlərinin tədarükünə başlanıb və digər ölümcül silahların alınması barədə anlaşmalarda tərəflər razılığa gəliblər.
Fikrimcə, Dehli ilə İrəvanın bu əməkdaşlığı - silahla Ermənistanın təhciz edilməsi təkcə kommersiya, biznes maraqlarından irəli gəlmir. Bu daha çox siyasi maraqlardan doğur. Hindistan Cənubi Qafqaz regionunda strateji maraqları uğrunda mübarizə aparmır. Dehli Çin və Pakistanla ciddi rəqabət aparır. Hər iki ölkə ilə Hindistan münaqişə vəziyyətindədir. Asiyanın üç nəhənginin regionda da münaqişəli siyasət izlədiyini görürük. Pakistan və Çin Azərbaycanın strateji müttəfiqləridir. Hindistan isə Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən Ermənistanın yanındadır. Hindistanın sağçı-millətçi Modi iqtidarını Ermənistanın sonrakı taleyi düşündürmür. Bəlkə də anlayır ki, bu cür silahlandırma İrəvanı fəlakətə aparar.
Məncə, Hindistan üçün vacib məsələ odur ki, Cənubi Qafqazda münaqişə vəziyyəti qalsın və bu halda Cin və Pakistanın olduğu Cənubi Qafqazda o da olsun. Ancaq bu, Ermənistan üçün xüsusilə təhlükəli ssenaridir".
Azərbaycanın Yunanıstanı qazla təmin etməsinə baxmayaraq, Afinanın Bakının mövqeyini nəzərə almadan bu addımı atması ilə bağlı ekspert qeyd etdi ki, siz diqqət etsəniz, bir daha görərsiniz ki, hansı dövlətlərdə islamafob, türkfob və azərbaycanfob geni yayılıb, bu hətta yürüdülən siyasətin ana xəttini təşkil edir: "Həmin dövlətlər Ermənistanı silahlandırır, ona hər cür dəstək verir. Yunanıstanın Azərbaycandan ucuz qiymətə qaz almasının türk və Azərbaycan düşmənçiliyinə təsiri yoxdur. Tarixən Yunanıstan məsələlərə düşmənimin düşməni mənim dostumdur prinsipi ilə yanaşıb. Ermənistanın silahlandırılması Azərbaycanı adekvat addımlar atmağa vadar edir.
Lakin İkinci Qarabağ savaşı sübut etdi ki, müharibədə qalib gəlmək üçün təkcə hərbi texnika və silah kifayət etmir. Müharibənin taleyini yüksək döyüş ruhu, innovativ tətbiqlər və bacarıqlı komandirlər həll edir. Bir vaxtlar Rusiya tərəfindən Ermənistana hədiyyə edilən 1 milyard dollarlıq silah-sursat da, müasir raket sistemləri və s. 44 gün ərzində Silahlı Qüvvələrimiz tərəfindən darmadağın edildi və mifik erməni ordusu pərən-pərən salındı".
"Yunanıstan Ermənistana S-300 raketkəri versə biz onlara qaz satmaqdan imtina edə bilərikmi" sualına cavabında ekspert bildirdi ki, Azərbaycan Avropaya qaz nəqlində Yunanıstan ərazisindən tranzit kimi istifadə edir: "Ona görə də biz Yunanıstana qaz satmağa məcburuq. Məhz Azərbaycan qazını Avropaya daşıyan 878 km cəmi uzunluğu olan Trans-Adriatik (TAP) qaz boru kəmərinin 550 km hissəsi Yunanıstan ərazisindən keçir.
Digər tərəfdən, artiq bu barədə razılaşma əldə edilib, müqavilə bağlanıb. Amma Azərbaycan hökuməti bir tərəfdaş kimi Yunanıstana öz etirazını bildirə bilər və düşünürəm ki, nəticə də əldə etmək olar. Çünki perspektivdə Yunanıstanın Azərbaycana marağı daha böyük olacaq. Məsələn, Afina qaz idxalını artırmağı hədəfləyir. Buna görə Afina Bakı ilə bu məsələdə hansısa formada razılaşa bilər.
Dəniz NƏSİRLİ