"Beşmərtəbəli evin altıncı mərtəbəsi"

Qurban gedənlər...

Gündəm müxtəlif xəbərlərlə doludur. Bu, hər zaman belə olub. Həftəbecər gündəmimizə aid xəbərin hər biri isə böyük bir problem deməkdir. Çünki onun ibtidaisini həll etməyəndə, təbii inkişafa uyğun olaraq daha “ali”si baş qaldırıb və o da get-gedə artıb, çoxalıb...

“Problem zənginliyi” mərəzindən qurtula bilmədiyimizdəndir ki, günümüz-saatımız problem içində keçir. Bu ölkədə köklü deyil, ən adi problemin həlli də müşğülə dönüb. Nəticə də odur ki, məsuliyyətsizlik davranışları az qala həyati məsələyə dönüb, ölüm-qalım dilemmasına rəvac verib.

Yerində sayan problemlərin sırasına bugünlərdə daha biri də əlavə olunub. Əslində, bu problem heç də yeni deyil, çoxdanın məsələsidir. Lakin son dönəmin məlum hadisələrindən dolayı, diqqəti cəlb edib. Çünki yeni olsaydı, qeyd edilən problem illərdir hamının gözünün qabağında, yetkililərin də “diqqət”indən kənarda qalmazdı.

Əlqərəz, məşum zəlzələ hadisəsi Bakıdakı bəzi yaşayış binalarının üzərində aparılan əlavələri, mərtəbələri və daha nələri “üzə çıxarıb”. Məlum olub ki, heç demə, neçə illərdir istifadəyə verilən yaşayış binalarının görünüşü, forması dəyişdirilibmiş. Hətta, imkan olsaydı, təyinatını da dəyişdirə bilərmişlər. Ki, buna ya imkan olmayıb, ya da imkan yaradılmayıb...

Görəsən, hadisələrin hazırkı qaynarlığı fonunda, bu məsələ gündəmə gəlməsəydi, nə baş verərdi, hansı hallar, hadisələr, faciələr yaşanardı?

Deyəsən, əlaqədar qurumları bu, elə də narahat eləmir. Çünki onların işi elə əvvəldən belə qanunsuz məsələlərə müdaxilə etmək, ya da qarşısını almaq idisə, o zaman onlar harda yatmışdılar, nədən mürgüləyirdilər? Axı binalarda aparılan əlavə tikinti işlərini, konstruksiya dəyişikliklərini kimsə özbaşına həyata keçirə bilməzdi. Bunun üçün cürbəcür adda olan idarə-təşkilatlarının aidiyyatı üzrə olanını “görmək” lazım idi mütləqa... Qanunsuzluqlara qanun “donu” geyindirənlərin zövqündəndir ki, bu gün həmin binalar potensial təhlükə mənbəyi, faciə, ölüm məskənidir.
Nədənsə, bu məsələ gündəmə gəlsə də, hələ də geniş əks-səda doğurmayıb. Problemin qədimliyi həmin istiqamətdəki qurumların “məsuliyyəti”ni ortaya qoysa da, hələlik onlarla haqq-hesab çəkilməyə başlanmayıb. Yəni kütləvi şəkildə, ciddi müstəvidə. Bu, bəlkə də elə əlaqədar qurumlara nəzarət etməli olanların hansı formada fəaliyyət göstərdiyinin göstəricisidir.

Belə olmasaydı, yuxarıdan-aşağıya, sadədən-mürəkkəbə, göz qarşısında olan problem də yaranmazdı.

Belə olmasaydı, kimsə cəsarət edib binanın damında fərdi ev tikdirməzdi. Necə deyərlər, “kəndxudanı gör, kəndi çap”...

Məsələnin ən maraqlı tərəfi isə çoxmərtəbəli binalarla bağlı olan məsələyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilən münasibətdir. Belə ki, Komitəyə görə, çoxmərtəbəli binalarda belə hallar müşahidə edilərsə, aidiyyəti qurumlara məlumat verilir. Guya şəhər icra hakimiyyəti də məlumatlar əsasında yoxlama apararaq, qanunsuzluq aşkar ediləcəyi təqdirdə, həmin tikililəri sökür. “İnanan daşa dönsün”mü?

Fəqət bizlərdə daşa dönənləri görmədik, daşa hörgü hörənləri gördük...

Bəli, “ya zəlzələdən, ya da vəlvələdən”, problem gündəmə gəlib. Əslində, qanunsuzluqdan dolayı, o, çoxdan gündəmə gəlməliydi. Lakin nə faydası?! Problemlilərin öz səlahiyyətindən sui-istifadə etdiyi, bundan istifadə edənlərin isə var olduğu məmləkətdə kitabxananı kababxana, çoxmərtəbəlini də fərdi yaşayış binası edə bilirlər...

“Bacarana can qurban” kimi hər situasiyaya “haqq qazandıra” bilənlər də tapılar bu məqamda. Yalan deməyək, həqiqət də odur ki, belə problemlər sayəsində, elə qurban da can olur...


Nigar Orucova