Tramp vəzifəyə başlayır, Rusiya-Ukrayna müharibəsi bitir?

Donald Tramp yenidən ABŞ prezidenti olacağı təqdirdə Rusiya-Ukrayna müharibəsini tez bir zamanda bitirəcəyini dəfələrlə bəyan etmişdi. Noyabrın 5-də ABŞ-də keçirilən seçkidə Tramp qələbə qazandı və o, 2025-ci ilin 20 yanvarında and içərək səlahiyyətlərinə başlayacaq. Bu baxımdan, müharibənin bitməsi, yəni Trampın vədinə əməl edib-etməməsi ilə bağlı gözləntilər böyükdür. Təbii ki, belə bir iddia əsasən mürəkkəb beynəlxalq münaqişələrdə iştirak edən tərəflərin siyasi reallıqlarından və münasibətlərindən asılıdır. Tramp diplomatiya və danışıqlara fərqli yanaşacağını bəyan etdiyi üçün onun müharibə tərəflərinin maraqlarını necə uzlaşdıracağı, beynəlxalq ictimaiyyətin bu prosesə necə cəlb olunacağı təbii ki, maraq doğurur. Üstəlik, yalnız bir liderin müdaxiləsi müharibənin taleyini həll etmək üçün yetərli olmaya bilər. Bunun üçün çoxtərəfli və uzunmüddətli proses lazımdır. Necə ki, müharibə başlayandan iki il vaxt keçdiyi halda dəfələrlə çoxtərəfli görüşlər keçirilsə də, müsbət nəticə əldə edilməyib. Odur ki, Trampın prezident kimi vəzifəyə başlayandan sonra sülhə nail olub-olmayacağı tamamilə hipotetikdir (faktlarla əsaslanmamış fikir, ehtimal) və bir çox mövcud şərtlər məcmusundan asılıdır. Çünki həm rəsmi Moskva, həm də Kiyev ərazilərlə bağlı fikir ayrılığını kənara qoymayıb. Vladimir Putin işğal edilən əraziləri leqallaşdırmaq, Zelenski isə ərazilər geri qayıtmasa, sülh olmayacağı qənaətindədir. Bu baxımdan Rusiya və Ukraynanın Trampın təkliflərini və ya müdaxilələrini hansı formada nəzərdən keçirəcəyi bir çox amillərdən asılı olacaq:

1. Trampın diplomatik yanaşması

Tramp prezidentliyi dövründə şəxsi münasibətləri vurğulayan liderlik tərzindən çıxış edir. O, əvvəlki prezidentliyi dövründə də Vladimir Putinlə müsbət münasibət qurmağa çalışıb. Bu baxımdan, onun Rusiyaya təsir göstərəcəyi ilə bağlı qənaətə gəlmək olar. Bununla belə, Ukrayna və onun Qərbdəki digər müttəfiqlərinin də Trampın Rusiyaya münasibətini necə qiymətləndirəcəyi suallar yaradır.

2. ABŞ-nin ənənəvi dövlət siyasəti

Tramp, ümumiyyətlə, əvvəlki prezidentliyi dövründə ABŞ-nin xarici siyasətini "Öncə Amerika" yanaşması ilə idarə edib. Ona görə də o, NATO və Avropa İttifaqı kimi kollektiv təhlükəsizlik mexanizmlərinə dəstəyi azaltmışdı. Səbəb də budur ki, ABŞ-nin xarici siyasətin içində var-gəl etməsi, yəni başqa ölkələrin işinə qarışması daxili siyasətdə boşluqlar yaradır. Ona görə də digər respublikaların problemləri və onların daxili işinə müdaxilə ABŞ-ni maraqlandırmamalı, Amerika xalqını isə daha çox düşünmək lazımdır. Təbii ki, Tramp bu mövqeyini davam etdirsə, Ukraynaya veriləcək dəstəyə şübhələr yarana bilər. Bununla belə, Tramp tez həll yolu axtara bilər ki, müharibə ABŞ-ni iqtisadi, siyasi və hərbi cəhətdən yormasın. Çünki Birləşmiş Ştatların "dərin dövlət"i prezidentin əksinə olaraq Kiyevə dəstəyi davam etdirməyi nəzərdə tuta bilər ki, bu da həqiqətən, nə Vaşinqtonun, nə də Trampın özünün işinə yarayacaq. Əbəs deyil ki, artıq bunun ilkin siqnalları da eşidilməkdədir.

3. Rusiya və Ukraynanın mövqeləri

Rusiya: Rəsmi Moskva inanır ki, Trampın prezidentliyi dövründə ona təzyiqlər azalacaq. Bu, Rusiyanın danışıqlarda iştirakını təşviq edə bilər. Ən azından, Rusiyaya Ukrayna böhranı cəncəlindən xilas olub və gücünü toparlamaq hava, su kimi lazımdır. Lakin bu, Kremlin məqsədlərindən əl çəkəcəyi anlamına gəlmir. Çünki Rusiya işğal edilən əraziləri tamamilə geri qaytaracağını heç vaxt bəyan etməyib. Çünki Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson kimi regionlar strateji və siyasi baxımdan əvəzolunmaz sayılır və aydın məsələdir ki, Rusiya bu torpaqları danışıqlar masasında qoyub getməyə razı olmayacaq. Çünki sözügedən ərazilər NATO-ya qarşı sərhədlərin təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Necə ki, müharibənin başlamasına zəmin yaradan da elə bu amil olub.

Ukrayna: Trampın Ukraynaya dəstək siyasəti əvvəlki prezidentlərə nisbətən zəifləyəcək. Bu, Ukraynanın Trampın təkliflərinə daha ehtiyatlı yanaşmasına səbəb olacaq. Bunun nəticəsidir ki, NATO və müttəfiqlər Ukraynanın işğal olunmuş əraziləri üzərində suverenliyini tanımaq, Kiyevi alyansa cəlb etmək yolunda addımlarını davam etdirir, Rusiyanın bu regionlarda mövcudluğu beynəlxalq hüququn pozulması kimi qiymətləndirilir. Bir sözlə, Rusiya bu bölgələri NATO-nu sərhədlərindən uzaq tutmaq, dolayısı ilə sərhədlərinin təhlükəsizliyini qorumaq üçün özündə saxlamaq istəyir, Ukrayna isə NATO-ya qoşulub təşkilatı bölgəyə cəlb etməyə çalışır. Belə olan halda, sülh və sabitlik də sual altında qalır. Artıq Ukrayna xarici işlər naziri Andrey Sibiqa və ABŞ dövlət katibi Antoni Blinken Ukrayna və ABŞ hökumətləri arasında Anlaşma Memorandumu imzalayıblar. Sənəd ABŞ-nin Ukraynaya ölkənin enerji dayanıqlılığını qorumaq üçün 825 milyon dollara qədər yardım göstərməsini nəzərdə tutur. Yəni, Bayden administrasiyası Trampın andiçmə mərasiminə qədər səlahiyyətlərindən maksimum istifadə etməyə çalışırlar. Digər məsələ isə NATO ilə bağlıdır. Alyansın baş katibi Mark Rütte bildirib ki, Ukraynaya hərbi yardımın çatdırılması onlar üçün son dərəcə vacibdir və bütün müttəfiqlər Ukraynanın gələcəyini NATO-da görür.

4. Avropa və beynəlxalq təşkilatlar

Avropa İttifaqı və NATO Ukraynanın ən böyük dəstəkçiləridir. Bu baxımdan, yuxarıda da qeyd edildiyi kimi, Tramp bu təşkilatlarla ziddiyyətli diplomatiya aparsa, danışıqların effektiv olması çətinləşəcək. Bu ittifaqlar bu dəfə həm də Trampın əleyhinə Kiyevi dəstəkləməyə davam edəcək.

Nəticə

Rusiya və Ukrayna Trampın təkliflərini tam olaraq nəzərdən keçirə biləcəyi Trampın iki ölkə arasında maraqlar balansını necə idarə edəcəyindən və beynəlxalq ictimaiyyətlə edəcəyi əməkdaşlıq perspektivlərindən asılıdır. Çünki Putinin ərazi güzəştlərindən imtina etmək fikri və NATO-nun Ukraynanı müdafiə etmək əzmi hətta Trampın belə asanlıqla həll edə bilməyəcəyi çıxılmaz vəziyyət yaradır. Tramp bir lider kimi fərqli diplomatiya yolunu təklif etsə də, müharibənin tərəfləri arasında əsas ziddiyyətlər həll olunmayana qədər davamlı sülhün mümkünlüyü sual altındadır.

Mərahim Nəsib