Ermənistan boşalır - məsuliyyəti öz hakimiyyətləri daşıyır...
Azər Həsrət: "Paşinyan orada indiyə qədər ermənilərin arxasında durub təbliğat apardığı bir mifi də darmadağın edib"
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib ki, Ermənistan vətəndaşları region ölkələri ilə mövcud münaqişələrə görə 90-cı illərdən ölkəni tərk edirlər.
"90-cı illərin əvvəllərindən biz davamlı olaraq miqrasiyadan danışır, müxtəlif səbəblər göstəririk: hüquqi, sosial ədalətsizlik, biznes mühiti, infrastrukturun olmaması və s. Bunlar düzgün səbəblərdir, lakin onlar səbəblərin maksimum 20%-ni təşkil edir. Nəhayət etiraf edək ki, miqrasiyanın əsas səbəbləri bizim qonşularımızla ziddiyyətli münasibətlərimiz, regional siyasətimizdir”, - deyə o, Azərbaycan və Türkiyə ilə münasibətlərə toxunub.
O, həmçinin əlavə edib ki, “hökumətinin siyasəti sayəsində” (Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması – TASS qeydi) “dövlətin qarşısında duran vəzifələr qismən həll olunub, lakin yeni problemlər yaranır”.
Paşinyan nəyə görə bu etirafları hakimiyyətinin altıncı ilində, Qərblə münasibətləri qeyri-müəyyən, Rusiya ilə qarşıdurma şəraitində olarkən edir? Yoxsa bu da bir blefdir, "tülkü həccə gedir"?
“Bakı-Xəbər” qəzetinin sualına cavabında siyasi şərhçi Azər Həsrət dedi ki, xeyr, Paşinyanın bu çıxışını "tülkü həccə gedir" ifadəsinin ehtiva etdiyi mənada qiymətləndirmək düzgün deyil: "Cünki Paşinyan 90-cı illərin sonlarında jurnalistikaya gəlib. O, həmişə Türkiyəyə münasibətinə görə erməni cəmiyyətində tənqid edilib. Paşinyan həmin illərdə də Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasının tərəfdarı idi. O, gənclik illərində Ter-Petrosyanın tərəfdarı idi. Mövqeyi ondan ibarət idi ki, qonşularla normal münasibət qurmadan Ermənistan xoşbəxt ola bilməz. Bu mövqeyi o, 2018-ci ildə hakimiyyətə gələnə qədər davam elətdirdi. İndi də hakimiyyətdədir, əlində hökm vermə imkanları var. Dekabrın 3-də, gələn ilin dövlət büdcəsinin parlamentdə müzakirəsi zamanı da bu fikirləri səsləndirib. Bununla yanaşı, Paşinyan orada indiyə qədər ermənilərin arxasında durub təbliğat apardığı bir mifi də darmadağın edib. Deyib ki, "məzlum millət" imicindən qurtulmaq lazımdır. Onun söylədiyi fikirlərdə "məzlum millət"dən qurtulub, "ordu millət"ə çevrilmək ritorikası da var. Eyni zamanda sual da qoyub ki, biz "ordu millət" olub kimə qarşı döyüşəcəyik, kimdən güclü olmaq istəyirik? Heç bir dövlətin adını çəkmədən deyib ki, amma bu da gərəksiz bir şeydir. Ermənilər üçün məqbul olan hazırki Ermənistan Respublikası sərhədləri daxilində normal bir dövlətin qurulmasıdır. Yəni o deyir ki, biz sərhədləriniz daxilindəki ərazilərə qane olmalıyıq, ona əmin olmalıyıq və onun üçün çalışmalıyıq. Bu, əslində bütün erməni diasporunun, dünya erməniliyinin Ermənistan dövlətinə vurduğu zərərlərə bir işarədir. Yəni Paşinyan bununla demək istəyir ki, uzun illərdir xaricdəki ermənilər Ermənistanın xoşbəxt olmağına imkan verməyiblər. Kənardan müdaxilələr, "böyük Ermənistan" xülyası və xəstə təfəkkür Ermənistanın normal dövlət olmasını əngəlləyib.
Paşinyan isə reallıqdan çıxış edərək deyir ki, sərhədlərimiz daxilində beynəlxalq hüququn subyekti olan Ermənistan dövləti qurmalıyıq.
Biz, hətta 44 günlük savaşdan da əvvəl dəfələrlə, xüsusən də beynəlxalq platformalarda bu ifadəni işlətmişik ki, Qarabağ yükü Ermənistanın zəif çiyinlərı üçün çox ağır yük idi. Qarabağı işğal altında saxlayaraq onun yükünü öz üzərinə götürməsi getdikcə Ermənistanın özünün çökməsinə səbəb olurdu. İndi isə Ermənistan o yükdən qurtulub. Paşinyan ona görə də doğru buyurur ki, Qarabağı Azərbaycan torpağı kimi tanımaqla biz əslində gərəksiz və mənasız yükdən qurtulmuşuq, indi çiyinlərimiz yüngülləşib, özümüz haqqında düşünə bilərik. Onun demək istədiyi əslində budur. Biz də ermənilərə illərdir izah etməyə çalışırıq ki, Qarabağ sizin zəif çiyinləriniz üçün çox ağır bir yükdür. Qarabağ Azərbaycan torpağıdır və biz öz torpaqlarımızı azad etdikdən sonra görəcəksiniz ki, orada nələr olacaq. İndi isə ermənilər buyurub görə bilər, torpaqlarımız azad edilib və orada necə sürətlə tikinti-quruculuq işləri aparılır. Yəni Azərbaycanın ciyinləri bu yükü götürəcək qədər güclüdür.
Reallıq budur ki, ermənilər hazırki Ermənistan coğrafiyası ilə məhdudlaşsalar nəyəsə nail ola bilərlər. Lakin yenidən xəstə xülyalara qapılacaqlarsa, onların sonu çox pus nəticələnəcək. Paşinyan bunu yaxşı bilir, ona gorə də bu cür çıxışlar edir".
Dəniz NƏSİRLİ