“Azərsu” niyə su kəsilməsi ilə bağlı qrafiki əvvəlcədən elan etmir? – Qurum rəsmisindən AÇIQLAMA
Bir müddət əvvəl “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik edilib.
Dəyişikliyə əsasən, bundan sonra su fasilələrlə veriləcək. Buna səbəb sudan səmərəli və qənaətlə istifadə edilməsidir.
Tətbiq edilən qrafik heç də birmənalı qarşılaşmadı. Belə ki, tətbiq edilən qrafiklə bağlı bəzi sosial şəbəkə istifadəçiləri etiraz edərək geniş müzakirələr də aparıblar. Sosial şəbəkə istifadəçiləri əsasən qrafikin əvvəldən bəlli olmamasından narazıdır.
Bəs görəsən, “Azərsu” ASC qrafikləri niyə əvvəlcədən elan etmir? Adətən haradasa su xətlərində təmir olan zaman elan edən “Azərsu”, nəyə görə gündəlik qrafiklərlə bağlı məlumat vermir?
Məsələ ilə bağlı 1news.az-a danışan “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı deyib ki, gecə saatlarında müxtəlif ərazilərdə suyu azaldılır.
“24 saat su verilən ərazilərin bir qismində gecə saatlarında bağlanılır. Bəzi ərazilərdə isə su müxtəlif qrafiklərlə verilir. Qəsəbələr, küçələr çoxdur. Sumqayıtda Tağıyev qəsəbəsində Hövsana qədər əksər əraziləri əhatə edir. Nəsimi, Səbail rayonuna 24 saatı saxlayırıq. Yeni Günəşli, Xətai rayonunun bir hissəsi, Bakıxanov qəsəbəsi və digər ərazilərdə axşam saatlarında suyu kəsirik”.
A.Cəbrayıllı deyib ki, suyun verilməsi qrafiki ilə bağlı saytda məlumat vermək çətindir.
“Qrafiklə bağlı ərazi böyük olduğu üçün onların hər biri haqda məlumat vermək olmur. Elə xətt var 5 küçəyə xidmət edir, elə küçə 10 küçəyə xidmət edir. Məsələn, Bakıxanov qəsəbəsinin Qaraçuxur tərəfi ilə Stimul hospital tərəfinun su təminatı fərqli istiqamətlərdəndir. Biri Maştağa ərazisindən qidalanır,digəri isə Xətai tərəfdən qidalanır. Su şəbəkəsi çox böyükdür. Abşeronda təxminən 15 min kilometr su xətti var. Ona görə qrafiklə bağlı ayrı-ayrı məlumat vermək çətindir”.
O, bildirib ki, əgər qar əriyəndə su ehtiyatları normal olarsa, komissiyanın qərarı ilə qənaət rejimi ləğv oluna bilər.
“Biz bu qənaət rejimini Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın qərarına əsasən tətbiq edirik. Əgər su ehtiyatlarımız çox olsa və Komissiya qərar versə, o zaman əvvəlki rejimə qaytarıla bilər”.