“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA...”

Kitabdan hissələr- 16

1993-1995-ci illər: Dövlət quruculuğunun ən ağır mərhələsi
Ə. Elçibəy 1993-cü ili “Dövlət quruculuğu” ili elan etmişdi. O mürəkkəb bir zamanda belə bir qərarın verilməsi Ə. Elçibəyin dövlətə və dövlətçiliyə nə qədər böyük bir önəm verməsinin təzahürüydü. Ancaq Azərbaycandakı iqtisadi böhran, cəbhədəki ağır vəziyyət və monolit komandanın yoxluğunda bu ideyanın gerçəkləşəcəyi inandırıcı görünmürdü. Dövlət quruculuğu yeni parlamentin və komandanın formalaşmasından sonra elan olunsaydı, pozitiv nəticələr gözləmək olardı. Mövcud parlament və dağınıq komanda ilə ciddi nailiyyətlər əldə oluna bilməzdi. Əbülfəz Elçibəyin prezident kimi bir sıra səhvlərə imza atdı. Diqqət edin, o, rus qoşunlarını Azərbaycandan çıxarılması barədə qərar verəndə bu addımının iqtidarına son qoyacağını bilirdi. Bu qərar xalqın ən azı yüzdə doxsanının ürəyincə idi. Lakin qurduğu komanda bir ildən sonra xalq arasında nüfuzunu itirmişdi və bu səhv Ə. Elçibəydən başqa kimsənin adına yazıla bilməzdi. Siyasət bir komanda oyunudur. Qarşıya qoyulan məqsədə çatmaq üçün komanda üzvlərinin hər biri bacardığını ortaya qoymalıdır. Bir komandada ki, önəmli görəv sahibləri ya özünə, ya da, digər bir komanda üzvünün önə çıxmasına oynayır, qələbə barədə düşünməyə dəyməz. Dürüst dövlət adamının əhatəsindəki nadürüstlər nə qədər çoxdursa, iqtidarın uzunömürlü olmasından danışmaq əbəsdir. Ə. Elçibəyin komandası onun iqtidarının süquta uğramasında “ayı xidməti” göstərdi. O illəri yaşayanlar və komanda daxilində cərəyan edən anormallıqlardan az da olsa xəbərdar olanlar vicdanlarına rəğmən bu iddianın əsla əleyhinə çıxmaz. Ə. Elçibəyin səhvlərindən söhbət düşmüşkən, onlardan daha bir önəmlisini də xatırlatmaq fikrindəyəm.
Onun ən böyük səhvlərindən biri də Qərbə inanması idi. Ə. Elçibəy Qərbin Azərbaycanda demokratiyanı bərqərar edəcəyinə inanırdı. Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edir, Qərb susur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni işğalçıların Azərbaycan torpaqlarından çıxması barədə qətnamələr qəbul edir, Qərb bu qətnamələrin həyata keçməsi üçün əməli bir addım atmır. O Qərb Amerika Birləşmiş Ştatlarının Azərbaycana humanitar-texniki yardımı dayandırmaq üçün qəbul etdiyi 907-ci maddəyə düzəlişə kor qalır, doğma yurd-yuvasından qaçqın düşmüş, dözülməz şəraitdə yaşamağa məhkum olmuş 1 milyona qədər soydaşımızın müsibətini, erməni vəhşiləri tərəfindən yandırılmış evləri, viran qoyulmuş kəndləri görmür, Xocalıdakı dəhşətli qətliama biganə qalır, amma neftin iyini duyanda Qərbin yadına Azərbaycan düşür, Azərbaycandakı demokratiyanın durumu düşür. Bu günə qədər Qərb əvəzsiz olaraq dünyanın heç bir xalqına demokratiya bəxş etməyib və bundan sonra da etməyəcək. Amerika, Afrika və Asiya qitəsindəki dövlətləri yüz illərlə istismar edən, xalqlara zülm yaşadan, onların təbii sərvətləri sayəsəində qüdrətə sahib olanların siyahısında başda Amerika Birləşmiş Ştatları, ardınca Böyük Britaniya Krallığı, Fransa, Hollandiya, Almaniya... yazılmırmı? Qərb bu dövlətlərdən ibarət deyilmi?
Qərb olsa-olsa, Kreml imperiyasından bir az humanist görünə bilər və məhz bu faktora görə də düşünmək olar ki, Ə. Elçibəy onların Azərbaycana demokratiya gətirəcəyinə inanmışdı...
Ə. Elçibəy 1993-cü ili “Dövlət Quruculuğu” ili elan etmişdi. Erməni silahlı qüvvələri isə Azərbaycanın içində baş verən amansız “kürsü müharibəsi”nə rəğmən hər gün torpaqlarımızı işğal etməkdəydi. Bizim başımız prezidenti yıxmaq üçün planlar hazırlamağa aludə olduğu zamanda ermənilər Dağlıq Qarabağ ərazisindən kənarda əməliyyatlar aparır, cəbhədə gənclərimiz qətlə yetirilirdi.
Bizim kürsü, vəzifə, məqam hərisliyimiz o günlər dövlət və millət mənafeyindən çox-çox yuxarıda idi. O qədər yuxarıda idi ki, bir sıra yüksək məqam sahibləri nə dövlət, nə millət, nə də vətən qarşısındakı məsuliyyətini dərk edə bilmirdi.
Axtarın internetdən, heç bir dövlətdə “Milli Qəhrəman” fəxri adından yüksək titul ola bilməz. “Milli Qəhrəman” adından bəlli ki, millətin qəhrəmanı anlamındadır. II Dünya müharibəsində adətən, rəşadət göstərərək vətən üçün canından keçən igidlərə ölümündən sonra bu ad verilirdi. Bizim dövlətin sağlığında “Milli Qəhrəman” adına layiq bildiyi korpus komandirinə bu adın verilməsi üçün kim(lər) dövlətin qarşısına təqdimat qoydu? Dəyərli oxucu, diqqətlə tarixi araşdırsan, izin Kremlə tərəf getdiyini görəcəksən. O fəxri adın o adama verilməsi də Kremlin erməni mafiyasının Azərbaycana qarşı hazırladığı işğal planının bir elementi idi. Belə olmasaydı, o mənfur “Milli Qəhrəman” xalqın ordusunu xalqın dövlətinə qarşı qoymazdı.
“Milli Qəhrəman” 1993-cü ilin iyun ayının 4-də Gəncədə qiyam başlatdı. Təbii ki, Kremlin əmri ilə. Qiyam nədir? Öncə onun açmasına nəzər yetirək. Qiyam — ölkədə mövcud olan hakimiyyətə qarşı dövlət çevrilişi etmək məqsədilə hərbi qruplaşmaların silahlı çıxışıdır. Adətən müvəffəqiyyət əldə ediləndə hərbi diktaturanın qurulması, demokratik təsisatların dağıdılması və kütləvi terrorla nəticələnir. Kremlin məqsədi nə idi? Suveren Azərbaycanda dövlət çevrilişi edib onu özünün müstəmləkəsinə çevirmək deyildimi onun məqsədi? Kremlin bu planının sonadək gerçəkləşməsi Azərbaycanın suverenliklə vidalaşması demək idi. Bunu anlayan Ə. Elçibəy məhz Dövləti xilas etmək üçün H. Əliyevi Bakıya dəvət etmişdi. Kremlin planlarını pozmaq lazım idi. Ə. Elçibəy məqamını itirməyi yox, dövləti və və dövlətçiliyi itirilməsini düşündü. Vəzifəsini düşünüb Gəncədən Bakıya start götürmüş “Milli Qəhrəman”ın silahlı dəstəsinin qarşısına ordunu deyil, lap belə Xalq Cəbhəsinin batolyonlarından birini çıxarsaydı, qardaş qırğını qaçılmaz olacaqdı. Şüurlu həyatını dövlətinin suverenliyinə, millətinin özgürlüyünə həsr etmiş Ə. Elçibəy heç vaxt qardaş qana axıdılmasına razı olmazdı. O, Azərbaycan dövlətini bu bəladan xilas edə biləcək adamı Bakıya dəvət etdi, onun tam olaraq qanuni yolla Ali Sovetin sədri seçilməsini təmin etdi və 1993-cü ilin iyun ayının 17-də prezidentliyinin bir illiyində Bakını tərk edərək Naxçıvana, oradan da doğulduğu Kələki kəndinə getdi.
Ə. Elçibəy Bakını nədən tərk etdi? O getməyə də bilərdi? Bu suallar bəlkə də bütün Azərbaycan xalqının başından keçib. Və bu suallara verilən cavablar arasında məntiq yükü olanlar da oldu, qərəzi fontana çevirənlər də. Ə. Elçibəyin Bakını tərk etmsi düzgün addım idi. Nədən? 1. Baş nazir təyin olunmuş “Milli Qəhrəman”- Kremlin adamı qarşısında məğlub durumda olmaq psixoloji aspektdən fərd olaraq bir işgəncəyə bərabər idi. Onların bir komandada olması bütün parametrlərdən qeyri-mümkün bir şeydi və belə bir durum mütləq çox ciddi qarşıdurmalara gətirib çıxarcaqdı ki, bundan da ən birinci zərər çəkən dövlət olacaqdı. 2. Ə. Elçibəyin prezident postunda qalması Kremli əsla qane etmirdi. Buna görə də “Milli Qəhrəman”a mütləq yeni bir qiyam təlimatı veriləcəkdi. Elə buradaca sual ortaya çıxa bilər ki, Kreml H. Əliyevə qarşı “Milli Qəhrəman” qiyam hazırlaya bilməzdimi. Xeyr, bu mümkün deyildi. Çünki H. Əliyevə xalqın etimadı Kremlin bu cəhdinin qarşısını alırdı. 1993-cü ilin ortalarında H. Əliyevə xalqın inamı və etimadı demək olar ki, tam idi. Ona qarşı düzənlənən hər hansı bir əməliyyat bu durumda mütləq uğursuzluqla nəticələnəcəkdi. Odur ki, Kreml “səbr etməyə” qərar vermişdi. Onu H. Əliyevin dövlət başçısı kimi Kremlə yönəlik atacağı addımlar maraqlandırırdı. “Milli Qəhrəman”- Baş nazir isə H. Əliyevin edəcəyi gedişlərin Kremlin planına uyğun şəkildə olmasını nəzarətdə saxlamalı idi. Azərbaycan Kremldən üz çevirəcəyi təqdirdə “Milli Qəhrəman”a “hərəkət” əmri veriləcəkdi. H. Əliyev “Milli Qəhrəman”-Baş nazirin “hansı yuvanın quşu olduğunu” yaxşı bilirdi. Onun intellektinin hansı səviyyədə olduğundan da tam xəbərdardı. SSRİ kimi nəhəng bir dövlətdə Siyasi Büro üzvü və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində olmuş peşəkar siyasətçi olaraq H. Əliyev ən böyük karyerası alver nəticəsində yun zavodunu direktoru olmuş bir adama qarşı loyal münasibət sərgiləməyə qərar verdi. Öncə Kreml ilə münasibətlər çözülməliydi.
H. Əliyev Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə üzv olmasına razılıq verdi. Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilmişdir.
Süquta uğrayan Sovet İttifaqının yerinə yaranmış 15 müttəfiq respublika Baltikyanı ölkələri çıxmaq şərti ilə könüllülük əsasında MDB-yə üzv olmuşdu. Azərbaycan 1991-ci il dekabrın 21-də MDB-yə üzvlüyü rəsmiləşdirən Alma-Ata protokolunu imzalasa da, Xalq Cəbhəsinin hakimiyyəti dövründə bu proses dayandırılmışdı. Rəsmi Bakı yalnız 1993-cü il sentyabrın 24-də yenidən MDB-yə üzv oldu. Azərbaycanın ardınca, dekabrda Gürcüstan da bu təşkilata qoşuldu. MDB-yə üzv olmaq 1993-cü ildə yaranmış zərurətdən irəli gəlirdi. Əslində Xalq Cəbhəsi iqtidarının MDB-yə üzv olması Azərbaycanın bir çox probleminin həllinə imkan verərdi. Könüllülük əsasında üzv qəbul edən MDB yarandığı gündən məramının keçmiş sovet respublikaları arasında tarixi bağı qorumaq, qarşılıqlı siyasi, iqtisadi, mədəni və humanitar əlaqələri genişləndirmək olduğunu elan etmişdi. MDB SSRİ-nin bərpası kimi qələmə verilsə də, əslində elə deyildi. Onun SSRİ-nin bərpası olduğunu və müstəqilliyin itiriləcəyini iddia edənlər yanılırdı. Amma xalqın suverenlik eyforiyası, ən başlıcası isə prezident Ə. Elçibəyin idealist kimliyi Azərbaycanın bu quruma üzv olmasına mane oldu.
1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanın daxili və xarici siyasəti mühüm dəyişikliklər astanasında idi. müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Qərbə inteqrasiya və Rusiya ilə, türkdilli dövlətlərlə, müsəlman dünyası ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyən edilməsi gündəmdə dururdu. Bunun üçün də müstəqil Azərbaycan balanslı və çoxvektorlu xarici siyasət yürütmək zorundaydı. MDB-yə üzv olan dövlətlər arasında keçmiş müttəfiq respublikalara ən böyük təsir imkanlarının məhz Rusiyada olduğunu nəzərə alaraq Moskva ilə münasibətlərə aydınlıq gətirmək xüsusi önəm daşıyırdı. Doğrudur, 12-13 oktyabr 1992-ci ildə Ə. Elçibəy və B. Yeltsin "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə" imzalamışdı. Ancaq Azərbaycanın MDB-yə üzv olmasından sonra Rusiya ilə münasibətlərin təkmilləşdirilmək lazım gəlirdi. 70 ilə yaxın müddətdə keçmiş müttəfiq respublikalarla yaranmış münasibətlərin davam etdirilməsi Azərbaycan üçün faydalı idi. İqtisadiyyat, hümanitar, mədəniyyət sahələrində əməkdaşlığın davam etməsi böyük önəm daşıyırdı. Digər tərəfdən erməni mafiyasının təsiri altında olan elitanın-tanınmış simaların ermənipərəst siyasət yürütməsinə baxmayaraq, Rusiya ilə olan münasibətlərimizdəki gərginliyin səviyyəsini aşağı salmaq lazım idi. Daha önəmli olanı isə Azərbaycanın öz neftini təhlükəsiz yolla dünya bazarına çıxarmaq üçün xarici vektorlar arasındakı durumda tarazlığa nail olmalıydı. MDB-yə üzv olmaqla Azərbaycan bu tarazlığın bünövrəsini qoydu. Məhz bu tarazlığın bərqərar edilməsindən bir il sonra imzalanacaq “Əsrin müqaviləsi” ölkə müstəqilliyinin qorunmasında, onun gələcək inkişafında müstəsna rol oynadı. MDB yə üzvlük yuxarıda sadalanan geosiyasi amillərlə yanaşı, iqtisadiyyat, hümanitar, mədəniyyət kimi sahələrdə Azərbaycana dividentlər gətirdi...
Haşiyə- 33 il əvvəl də, bu gün də, Azərbaycanın Rusiya ilə münasibətlərinin müzakirəsində iki mövqe sərgilənir. Müxalif kəsim Azərbaycanın MDB üzvlüyünü Rusiyanın müstəmləkəsi altına düşməsi kimi dəyərləndirir. Onlar MDB-yə üzv olmadan Rusiya ilə yalnız iktərəfli əməkdaşlığın Azərbaycan üçün faydalı olduğunu iddia edir. İqtidar isə MDB üzvlüyünün Azərbaycanın müstəqilliyinə heç bir təhlükə olmadığı qənaətindədir.
Müstəqil Dövlətlər Birliyinin ciddi bir qurum olmadığı ortadadır. Bu təşkilatın yaranmış hər hansı bir problemin həllində oynadığı rol da ortadadır. MDB sadəcə, keçmiş müttəfiq respublikaların arasındakı münasibətlərin qorunub saxlanması istiqamətində fəaliyyət göstərir. MDB-də monolit birlik-filan yoxdur. Türkmənistan, Gürcüstan və Ukrayna çoxdan MDB-ni tərk edib. Və zaman-zaman bu “tərketmələrin” davam etməsi baş verə bilər. “Tərketmələr” olmasa belə yeni yaradılacaq birliklər avtomatik olaraq MDB-ni arxa plana keçirəcək. On 1997-ci ildə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın ( sonra Özbəkistan da bu quruma üzv oldu. Türkiyə və Latviya isə müşahidəçi qismində QUAM-da təmsil olunurdu) yaratdığı Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat (GUAM) kimi əhəmiyyətsiz bir quruma çevrilə bilər. Onsuz da MDB-yə üzv olan müstəqil dövlətlərin hamısı biri-biri ilə ikitərəfli siyasi, iqtisadi və mədəni əməkdaşlıq barədə müqavilələr imzalayıb. Sabah Türkdilli Dövlətlər Birliyi yarandıqdan sonra MDB-də vəziyyət necə olacaq? Bunları qeyd etməklə heç də MDB-nin əhəmiyyətini kiçiltmək fikrində deyiləm. Çünki orada dünyanın iki supergücündən biri olan Rusiya var. İki əsrə yaxın Rusiyanın təsiri altında yaşamış Orta Asiya dövlətlərinin və Azərbaycanın qısa zaman kəsimində Rusiyanın cəngindən qurtulması mümkün deyil. Gürcüstan üzünü biryolluq Rusiyadan çevirməyə qərar verdi. Nəticə necə oldu? İki vilayəti Rusiyaya birləşdiyini elan etdi. Rus qoşunları yalnız Tiblisin astanasında dayandırıldı. Son nəticədə isə Gürcüstan yenidən Rusiyanın təsiri altına düşdü. Rusiya çox nəhəng dövlətdir. Və Sovetlər dönəmində rus şovinistlərinin planı əsasında SSRİ-nin ümumittifaq əhəmiyyətli sənaye müəssisələrinin böyük əksəriyyəti onun ərazisində qurulub. SSRİ-nin süqutundan sonra suverenliyini qazanmış müttəfiq respublikaların heç biri iqtisadiyyatını müstəqil şəkildə dirçəltmək imkanına malik deyildi. Bu inkişafa nail olmağın yolu mütləq Rusiyadan keçməli idi. Keçmiş müttəfiq respublikaların hamısı suverenlik elanından sonra ordu quruculuğunda Rusiyanın silah-sursatından yararlandı. Yəni, o dövlətlərin hər birinin avtomatik olaraq Rusiya cəbbəxanalarının potensial müştərisinə çevrilməkdən başqa çarəsi qalmırdı...
Azərbaycan Rusiya münasibətlərinin tarixinə qısa bir nəzər yetirək. XVIII yüzilliyin sonu-XIX yüzilliyin başlanğıcında Azərbaycanda siyasi vəziyyət çox mürəkkəb idi. Əvvəlcə Şəki, sonra isə Quba və Qarabağ xanlıqlarının Azərbaycan torpaqlarını öz ətrafında birləşdirmək və vahid dövlət yaratmaq cəhdləri baş tutmadı. Buna bir tərəfdən ölkənin sosial-iqtisadi inkişafının geriliyi, digər tərəfdən isə xarici istilalar -İranının və çar Rusiyasının bu yerləri ələ keçirmək üçün Azərbaycana yürüşləri mane oldu.
Ayrı-ayrı xanların öz xanlığını qoruyub saxlamaq istəməsi və bir-birinə güzəştə getməməsi birləşmə prosesinə əsaslı surətdə mane olurdu. Yaranmış şəraitdə Azərbaycanı istila etməyə çalışan İranın, Sultan Türkiyəsinin və çar Rusiyasının işğalçı planlarına qarşı dura biləcək vahid qüvvə mövcud deyildi.
I Pyotr dövründə başlamış, II Yekaterina zamanı davam etdirilmiş Azərbaycanı ələ keçirmək cəhdlərindən sonra XIX yüzilliyin başlanğıcında çar Rusiyası bütün Cənubi Qafqazı istila etməyə hazırlaşırdı. Rus əsilzadələrinin və tacirlərinin mənafeyi çar Rusiyasının yeni torpaqlar zəbt etməyə, Rusiya sənayesi üçün xammal mənbələri və satış bazarları əldə etməyə sövq edirdi. Çarizm Xəzər dənizini öz daxili dənizinə çevirmək və Cənubi Qafqazı zəbt etməklə daha cənuba – İran körfəzinə doğru yol açmaq, Yaxın Şərqin iqtisadi ehtiyatlarına, habelə bazarlarına sahiblənməkləİngiltərəni sıxışdırmaq planları mövcud reallıqlara əsaslanırdı. 1801-1813-cü illər Azərbaycanın tarixində ən ağır dövlərdən biridir. 1801-ci ildə Qazax, Şəmşəddil və Borçalı sultanlıqlarının zəbt olunması ilə Azərbaycanın çar Rusiyası tərəfindən işğalına başlandı. Çox keçmədən Car-Balakən, Gəncə, Qarabağ, Şəki, Şirvan Rusiya imperiyasının təcavüzünə tab gətirməyib təslim oldu. Azərbaycanın 20-dən çox kiçik dövlətlərə parçalanması, güclü vahid dövlətin olmaması, eləcə də Rusiyanın müsətmləkəçilik siyasəti tarixin bu istiqamətdə inkişafını bir növ şərtləndirirdi. Rusiyanın hücumları davam etdirib Araz çayını keçməsi və cənuba doğru yürüşü Qacar şah hökümətini rüsvayçı Gülüstan müqaviləsini imzalamağa məcbur etdi. İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla Araz çayından şimalda yerləşən bütün Azərbaycan torpaqları, habelə Lənkəran xanlığı Rusiyaya qatıldı. Azərbaycan Rusiya imperiyası və Qacarlar dövləti arasında iki yerə bölündü. Beləliklə, xalqımız ən faciəli tarixini yaşamağa məhkum oldu. Bizim faciələrimizin səbəbkarı təkcə işğalçı rus ordusu deyildi. 20-yə yaxın xanlığın başında dayanan və burnunun ucundan uzağı görə bilməyənlərin ucbatından bu xalq 200 ilə yaxın kölə kimi yaşamaq məcburiyyətində qaldı. Bu iki yüz ildə xalq mənəvi deqradasiyaya məruz qaldı, mənəviyyatımızda patoloji dəyişiklər təzahür etdi. 200 il xalq yalnız mədəsinin problemlərini həll etmək üçün mücadilə etdi. Bisavad qaldı, cahillik epidemiya kimi yayıldı. Azərbaycanın təbii sərvətləri vəhşicəsinə istismar edildi. Xalq öz torpaqlarında qul kimi çalışdı, onun intellektual aspektdən inkişafının qarşısını almaq, mənəvi dəyərlərinin aşılanması üçün bütün yollara əl atıldı. Xalq bu iki yüz ildə özünün genlərdən gələn iradəsi və barmaqla sayılacaq aydınları sayəsində tam olaraq məhv olmadı. Ancaq zehniyyətin aldığı ağır yaralar onu toplum çərçivəsindən kənara çıxmağa imkan vermədi. Belə bir durumda toplumun millətə çevrilməsi üçün yüz illər lazım gəlir. Bu gün mentalitetimizdə oturmuş anormal əlamətlərin hamısının bünövrəsi məhz müstəmləkə kimi yaşadığımız o iki əsrdə formalaşdı. Talan olunan sərvətlərimiz sayəsində işğalçılar Rusiyada yüzlərlə, minlərlə sənaye müəssisələri yaratdı,yollar çəkdi, şəhərlər qurdu, universitetlər yaratdı, kəsəsi, qüdrət sahibi oldu. Xalqımız isə səfalət içində yaşadı, ehtiyac yaxasından düşmədi, həyatını mədəsinin tox olması üçün mücadiləyə həsr etdi. Ən ilginci o oldu ki, rus işğalçıları Azərbaycan xalqının bir kəsimininin dilini, dinini, adət-ənənələrini, düşüncə tərzini dəyişdirməyə nail oldu. Və nəticədə qəlbi Rusiya ilə döyünən, öz xalqının aşağılanmasından, boyunduruqda qalmasından məmnun qalan bir kəsim formalaşdı Azərbaycanda. O kəsimin nümayəndələri əvvəl Çar Rusiyasının Azərbaycandakı canişinlərinin, sonra “NKVD”-nin, daha sonra KQB-nin agentlərinə çevrildi...
10 milyonluq kiçik bir xalqın 390 kilometrlik sərhəddi olan və ərazisində 3 milyona yaxın soydaşımızın yaşadığı Rusiya kimi əjdaha ilə mehriban qonşuluq şəraitində ikitərəfli münasibətlərin davamlı olması üçün Azərbaycanın mütləq və mütləq müəyyən güzəştə getməsi lazım gəlirdi. Bu güzəşt Dövlətin Suverenliyini, Müstəqilliyini qorumaq və Demokratik cəmiyyət yaratmaq istəyinin gerçəkləşdirmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan Rusiyanın vassalı ola bilməzdi. Buna zehniyyətinin “qabıqdəyişmə” mərhələsini yaşayan xalq əsla izin verməzdi. Rusiyaya isə Azərbaycanın artıq 1 milyon ton pambığı, 3 milyon ton üzümü lazım deyildi. Lazım olan iki nəsnə vardı. Biri Azərbaycanın nefti, digəri isə ağuşunda ərsəyə gətirdiyi “rusbaşlıların” qayğısına təminat almaq idi.
Azərbaycanın bu şərtləri qəbul etmədiyi təqdirdə hansı faciələrlə üzləşəcəyini H. Əliyev çox gözəl bilirdi. Bilirdi ki, bunlardan imtina olunsa, yaxud bu şərtlərə qismən əməl edilsə, Azərbaycanda terror hadisələri qaçılmaz olacaq. Bilirdi ki, Kreml gözünü qırpmadan belə Bakıda 10-15 rus əyyaşın qətlini təşkil edib “rusların həyatına olan təhlükəni önləmək üçün” Azərbaycana qarşı hərbi gücə əl ata bilər. Bilirdi ki, Kremlin istəyi diqqətə alınmadığı təqdirdə Ermənistan Azərbaycan torpaqlarını işğal edə-edə Bakıya yaxınlaşacaq. H. Əliyev onu da bilirdi ki, neft Avropa bazarına çıxmayacağı halda Azərbaycan iqtisadiyyatının çöküşü qaçılmaz olacaq. Bu isə müstəqilliyin itirilməsi anlamına gəlirdi. Bütün bu təhlükələri önləmək üçün H. Əliyev Azərbaycanın əvvəlcə Müstəqil Dövlətlər Birliyində təmsil olunmasına və Rusiya cəbbəxanalarından silah-sursat almasına razılıq verdi və sonra “Əsrin Müqaviləsində” onun istədiyi payı verdi.
“Milli Qəhrəman”ın Baş nazir təyin olunması ilə hakimiyyət böhranı qismən çözüldü. Azərbaycanda nisbi sabitlik təmin olunsa da, cəbhədə vəziiyət gərgin olaraq qalmaqdaydı. Ermənilər Azərbaycandakı siyasi-iqtisadi böhrandan maksimum yararlanaraq Dağlıq Qarabağ ərazisindən kənarda müharibə apararaq daha 5 rayonu işğal etdi.
Qanlı Yanvardan və Xocalı faciəsindən sonra Milli birlik yaratmağın mümkün olmaması Azərbaycan xalqına bahaya başa gəldi. Hakimiyyət uğrunda mübarizəyə sərf olunan gücün yarısı belə düşmənə qarşı yönəlsəydi, bir metr torpağımız belə düşmənin əlinə keçməzdi. Mentalitetimizdə yuva salmış naqisliklər buna imkan vermədi. Bizim toplumdan millətə çevrilməmiz gərək idi və bu çevrilmə prosesində nə, Qanlı Yanvar, nə də, Xocalı faciəsindən dərs ala bilmədik. Kremlin Azərbaycanda ərsəyə gətirdiyi “rusbaşlılar” iki yaşında olan müstəqil dövlətin dirçələ bilməməsi üçün əllərindən gələni etdi.
Azərbaycan həm cəbhədə həm də, beynəlxalq arenada tək qalmışdı. Erməni işğalının qarşısını almaq üçün bir tərəfdən güclü ordu qurulmasına, digər tərəfdən ciddi diplomatik manevrlərin edilməsinə ehtiyac vardı.
Bu iki faktorun gerçəkləşməsi Azərbaycan dövləti üçün çox mühüm əhəmiyyət kəsb edirdi. Cəbhədəki durum elə idi ki, etiraf etmək lazımdır, erməni silahlı qüvvələrinin qarşısını almağa gücümüz yetərli deyildi. Dövlət ağır zədə almışdı. Onun səfərbər olması üçün müharibənin müvəqqəti də olsa dayanmasına ehtiyacı vardı. Savaşın dayandırılması isə Rusiya və Qərbin məlum dövlətlərinin əlində idi.
Savaşın müvəqqəti dayandırılması həm, Azərbaycanın bütün parametrlərdən (hərbi, iqtisadi və siyasi) əlini gücləndirir, həm də, “Əsrin Müqaviləsi”nə gedən yolu sürətləndirirdi.
Bu müqavilə dövlət müstəqilliyinin qorunmasında fövqəladə rol oynadı...