Mikrodalğalı sobadakı bakteriyalar: Təhlükə, yoxsa zərərsiz "qonşular"?

İspaniyanın Valensiya Universitetinin alimləri mikrodalğalı sobaların içində yaşayan mikrobiomlar üzərində tədqiqat aparıblar və onlardan bəzisinin ekstremal şəraitə uyğunlaşa bildiyini aşkar ediblər.

Lim10.az-ın verdiyi məlumata görə, tədqiqatın nəticələri "Frontiers in Microbiology" jurnalında dərc edilib.

Müəyyən edilib ki, yüksək temperatur və mikrodalğa şüalanmasına baxmayaraq, bir çox mikroorqanizm mikrodalğalı sobaların içində özünü kifayət qədər rahat hiss edir.

Tədqiqatçılar ev mətbəxləri, ictimai yerlər və laboratoriyalardan götürülmüş 30 mikrodalğalı sobanın daxili səthindən nümunələr toplayıblar. Nümunələrdə mətbəx səthlərində və qida məhsullarında tez-tez rast gəlinən "Brachybacterium", "Micrococcus", "Paracoccus" və "Priestia" cinsli bakteriyalar aşkar edilib.

Ev şəraitində mikrodalğalı sobalar mikrob mühiti baxımından ən az müxtəliflik nümayiş etdirib.

Laboratoriya cihazları isə onlardan istifadənin ekstremal şərtləri səbəbindən ən yüksək biomüxtəliflik göstərib. Radiasiyaya, istilik zərbələrinə və qurutmaya davamlı növlər xüsusilə maraqlı olub. Məsələn, laboratoriya mikrodalğalı sobalarında aşkar edilən "Deinococcus" və "Hymenobacter" cinsli bakteriyalar günəş panellərində yaşayan mikroorqanizmlərə bənzəyir.

Alimlər vurğulayıblar ki, ev mikrodalğalı sobalarındakı mikroblar laboratoriya həmkarları qədər "möhkəm" olmasa da, cihazın yuyucu vasitə ilə müntəzəm təmizlənməsi xəstəliklərə səbəb ola bilən bakteriyaların da daxil olduğu bakteriya yığılmasının qarşısını almağa kömək edəcək.